Xəbər lenti

Elçibəyin prezident seçilməsindən 21 il ötür
Siyasət 09:39 07.06.2013

Elçibəyin prezident seçilməsindən 21 il ötür


Onun adı müstəqil Azərbaycanın tarixində bir çox hadisələrlə yadda qalıb

Bu gün milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin prezident seçilməsindən 21 il ötür. Elçibəyin adı müstəqil Azərbaycanın tarixində bir çox hadisələrlə yadda qalıb. O, 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. Əbülfəz Elçibəy 70-ci illərdə Azərbaycandakı dissident siyasi fikrin nümayəndələrindən olub. O vaxtın dissidentləri daha çox ədəbiyyat sahəsinin adamları olduqları üçün etirazları da poetik ifadə çərçivəsində qalır və rasional etiraz forması ala bilmirdi. Amma Əbülfəz Elçibəyin başqalarından fərqi onda idi ki, o öz etirazının siyasi sistemdəki və iqtisadiyyatdakı hədəflərini müəyyən edə bilirdi. Tarixçi olması ona imperiyanın mövcudluğunun sosial, iqtisadi və siyasi səbəblərini müəyyənləşdirmək imkanı verirdi.

Əbülfəz Elçibəy bir millətçi və türkçü idi. Amma onun millətçiliyi ifrata varmır və çoxluğun azlıq üzərində hegemonluğunu ehtiva etmirdi. Elə buna görə də 1992-ci ilin 7 iyununda prezident seçilən Əbülfəz Elçibəyin dövlət başçısı kimi ilk fərmanlarından biri milli azlıqların hüquqları və inkişafıyla bağlı idi.

Onun adını Azərbaycanın müstəqillik tarixinə yazan addımlardan biri də Rusiya qoşunlarının ölkəmizdən çıxarılması oldu. Bu, o vaxt baş verirdi ki, postsovet məkanında yaradılan müstəqil ölkələrin böyük əksəriyyəti imperiya qoşunlarından xilas ola bilmirdi. Amma Əbülfəz Elçibəy bunun nə qədər çətin olduğunu anlaya-anlaya rus qoşunlarını ölkədən çıxarmağa və faktiki olaraq, bu qoşunlara məxsus texnikanın Azərbaycanda qalmasına nail oldu. Azərbaycanın milli valyutasının dövriyyəyə buraxılması da Əbülfəz Elçibəyin prezidentliyinin çox əhəmiyyətli məqamıydı. Bundan başqa, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusunun Ağdərə istiqamətində irəliləməsi, əsgərlərimizin kiçik miqyasda qələbə sevincini dadması da Əbülfəz Elçibəyin xidmətlərindən idi. Bununla da Elçibəy Azərbaycanın tam müstəqil bir dövlət kimi tanınmasına nail oldu.

Əbülfəz Elçibəyin hakimiyyəti illərində Azərbaycanın ilk milli valyutası dövriyyəyə buraxılıb, ali məktəblərə qəbul imtahanlarında ilk dəfə test üsulu tətbiq edilib.

Müharibə fonunda Bakıda hakimiyyət uğrunda gedən mübarizə, 1993-cü ilin iyununda silahlı müqavimətlə müşayiət olundu və Elçibəy paytaxtı tərk etmək məcburiyyətində qaldı. Təxminən dörd il doğulduğu Kələki kəndində yaşayan Əbülfəz Elçibəy 1997-ci ildə geri qayıtdı və yenidən hakimiyyət uğrunda mübarizəyə qatıldı. Amma o, bu dəfə də siyasi fəaliyyətini yarımçıq dayandırmalı oldu. Bu dəfə ona siyasi deyil, səhhətindəki problemlər mane oldu. 2000-ci ildə Əbülfəz Elçibəy müalicə olunmaq üçün Türkiyənin Gülhanə hərbi hospitalına getsə də, avqustun 22-də elə həmin xəstəxanada vəfat edib.

Əbülfəz Elçibəyin vəfatından sonra onun barəsində müxtəlif fikirlər səslənib. Xüsusilə siyasi fəaliyyəti çoxsahəli təhlil edilib. Amma dəyişməyən bir fikir var: millətçiliyi ilə ifrata varmayan tarixçi və türkçü, sadə vətəndaş və qəribə insan…

Allah rəhmət eləsin! //ANS Press

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->