Xəbər lenti

“El”dən ReAl-ın ittihamlarına CAVAB
Siyasət 12:19 23.05.2013

“El”dən ReAl-ın ittihamlarına CAVAB

Eldəniz Quliyev: “Demokratik düşərgədə iqtidarın “geyindirib, keçindirdiyi” kifayət qədər “maskalı” müxalifət var”

“Söhbət binadan gedirsə, əlbəttə, düz deyir. Hansısa binanı inşa ediriksə, əvvəlcə özül olmalıdır. Birlik modeli yaradırıqsa, həmin modelin prinsipləri, məqsədi, fəlsəfəsi, strategiyası aydın olmalıdır. Bunlar da Milli Şurada həll edilib. Taktiki addımlar isə yaranandan sonra müzakirə edilməlidir. Belə deyək, artıq Milli Şuranın doktrinası aydındı. Bundan sonra söz oynatmaq lazım deyil”.

Bunu Qaynar.info-ya “El” hərəkatının sədr müavini Eldəniz Quliyev ReAl hərəkatının icra katibi Natiq Cəfərlinin Milli Şura ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, indiki dövrdə söz güləşdirmək əvəzinə ortaya mövqe qoymalıdırlar: “Xalq sifariş edib, sifarişi yerinə yetirirsiz ya yox. İndi bunlar “yox” deyirlərsə, özləri bilərlər, heç kimi məcbur etmək olmaz ki?! Bizim Natiq bəyə də, həbsdə olan sədrləri İlqar bəyə də hörmətimiz var”.

“El” funksioneri N.Cəfərlinin “Milli Şurayla danışıqlar aparan başqaları, məhz vəzifə və ya yer alveri edirlər” fikrinə də münasibət bildirib: “Eybi yox, cavandır, bir azdan yaşlananda düşünüb danışacaq. Ayını öldürdük ki vəzifə davası edək?! Bu, yeniyetmə düşüncəsi ilə tələsik deyilmiş sözdür. Mənə elə gəlir, düşünsəydi, bu sözü deməzdi. Yəni orada heç bir vəzifədən söhbət gedə bilməz. Vəzifə birdir, demokratik düşərgəni birləşdirmək və avtoritarizmdən demokratiyaya keçidi təmin etmək. Burada nə vəzifə var, nə də vəzifə haqqında fikirləşənlər”.

E.Quliyev ümumilikdə, Milli Şuranı ittiham edən müxalifət partiyalarına da cavab verib: “Demokratik düşərgədə iqtidarın “geyindirib, keçindirdiyi” kifayətə qədər “maskalı” müxalifət var. Bunlar da YAP-ın mövqeyindən çıxış edirlər. Hakim partiyanın öz dediyi kimi yüz minlərlə üzvü varsa, sevinməlidir ki, meydanda onunla mübarizə aparan güc var. Demokratik prinsipləri əsas götürərək mübarizəyə qoşulmalıdırlar. Amma bunlar sevinmək əvəzinə hələ doğulmamış körpənin məhvi ilə bağlı planlar qururlar. Bu məsələdə iqtidar müxalifətdə olan yalançı, “maskalı” müxalifətçilərdən istifadə edir. Amma bu dediklərim ReAl-a aid deyil”.

Qeyd edək ki, ReAl Hərəkatının icra katibi Natiq Cəfərli Milli Şuranın yaradılması üçün danışıqlar aparan E.Namazov, İ.Qəmbər və Ə.Kərimlini ciddi olmamaqda ittiham edib. N.Cəfərli deyib ki, bir bina tikəndə əvvəl onun təməli olmalıdır, sonra dam örtüyü: “Biz deyirik təməldən başlayaq, onlar isə deyir ki, damı örtək, sonra baxarıq. Belə bina ayaqda dura bilməz”.

N.Cəfərli qeyd edib ki, Milli Şura ilə danışıq aparanlar, məhz vəzifə və ya yer alveri edirlər.

İlkin
Qaynar.info



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->