Ekonomiks 15:31 10.12.2019

Elektron ticarətin oflayn rejimi nə vaxt bitəcək?

Azərbaycanda İKT sektorunun, rəqəmsal sahibkarlığın və innovasiyaların inkişafına kömək ola biləcək bir sıra qanunlar, qərarlar və qaydalar bu il də qəbul edilməyərək gələn ilə saxlanıldı. 

Qaynarinfo-nun məlumatına görə, sahə ilə əlaqəli bir sıra hüquqi-normativ aktlar var ki, onların qəbulu Prezidentin müxtəlif zamanlarda imzaladığı fərman və sərəncamlarda nəzərdə tutulub. Konkret vaxt müəyyən olunsa da, onlar indiyədək də qəbul edilməyib. Elə hüquqi sənədlər də var ki onlar Strateji Yol Xəritələrində nəzərdə tutulub. Təəssüf ki, bu tip sənədlərin də bir xeylisinin qəbulu hələ də ləngiyir.

Halbuki bu sənədlərin bəzilərinin qəbulunun İKT sektorunun inkişafına kömək ola biləcəyi ilə bağlı uzun müddətdir müzakirələr gedir. Bu sənədlərdən biri də elektron ticarətin ƏDV-dən azad edilməsi haqqında qərardır. 

Məlumat üçün bildirək ki, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda bank kartları (debet və kredit) vasitəsilə 2.298 mln. manat həcmində elektron ticarət (e-ticarət) əməliyyatları həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə e-ticarətin həcmi 2 dəfəyə yaxın artıb. Ölkə daxilində həyata keçirilən elektron ticarət əməliyyatlarının 1.970 mln. manatı debet kartları, 328 mln. manatı kredit kartları vasitəsilə reallaşdırılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 dəfə və 3 faiz artım qeydə alınıb. Oktyabr ayında elektron ticarət əməliyyatlarının həcmi illik ən yüksək göstəriciyə çataraq 302 mln. manat təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin 10 ayı (yanvar-oktyabr) ərzində Azərbayacanda əməkhaqqı kartlarının sayı 236 min ədəd artıb, sosial kartların sayı 271 min ədəd, kredit kartlarının sayı isə 102 min ədəd azalıb. 2019-cu ilin oktyabr ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 136 min təşkil edib.

Elektron ticarət internet vasitəsilə onlayn və ya offlayn icra edilən əməliyyatlar sayılır. Termin keçən əsrin sonlarında İBM şirkəti tərəfindən yaradılıb. 1980-ci ildən etibarən "Ford”, "Peugeot”, "General Motors” və "Nissan” kimi iri miqyaslı avtomobil istehsalçıları internet-mağazalardan istifadə etməyə başlayınca geniş vüsət alıb. 2000-ci ildən etibarən isə əsasən Amerika və Avropa şirkətləri öz məhsul və xidmətlərini internet vasitəsilə təqdim etməyə başlayıblar. 2012-ci ildə qlobal miqyasda 25 faiz olan e-ticarət, son üç ildə 60 faizə yüksəlib. E-ticarət həcminə görə ilk beşlikdəki ölkələr ABŞ, Çin, İngiltərə, Yaponiya və Almaniyadır. Onlayn  ticarət dövriyyəsi 2016-cı ildə 2 trilyon dollar olduğu halda, 2018-ci ildə qlobal e-ticarət həcmi 2,5 trilyon dollar səviyyəsinə çatıb, 2020-ci ildə bu rəqəmin 4 trilyon dollar olacağı gözlənilir.

Yuxarıda qeyd etdiyimiz kimi, e-ticarətin həcmi ölkəmizdə də artsa da, hələ ki, ümumi ticarətdə payı 1 faizə belə çatmır. Bu isə ondan xəbər verir ki, bu sahədə daha sistemli və kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var.
 
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan elektron ticarəti vergiyə cəlb edən az sayda dövlətlərdən biridir: 



"Hətta elmi məqalə işləmək üçün elektron proqram alınanda da əlavə dəyər vergisi (ƏDV) ödənilir. Beyin mərkəzinin internet səhifəsinin hostinqi üçün internet üzərindən ödənişlər edən zaman belə 18 faiz ƏDV tutulur. Halbuki bu tip elektron ödənişlər əksər inkişaf etmiş ölkələrdə bütün vergilərdən azaddır. Bunun səbəbidir ki, son illər elektorun xidmətlərdən istifadə edən müştərilərin xeyili hissəsi Gürcüstanda özlərinə bank hesabı açırlar. Elektron ticarətin inkişafına əngəl olan digər faktor elektron infrastrukturun tam olaraq inkişaf etməməsidir. Xüsusən də post-terminalların işləməməsi və xidmət sektorunda sahibkarların elektron ödənişlərə marağının az olması halları var. Banklara olan inam da elektron ticarətin inkişafına mane olur. Bu baxımdan, biz təklif edirik ki, ABŞ da daxil olmaqla əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da elektron ticarəti dolayı vergidən, yəni ƏDV-dən azad olunsun. Post-terminalların istifadəsi ilə bağlı şərtlər və nəzarət təkmilləşdirilsin. Ən əsas məqamlardan biri, cari hesablarda olan vəsaitlər də dövlət tərəfindən sığortalansın ki, vətəndaş plastik kartında vəsait saxlamaqda tərəddüd etməsin. Elektron ticarətin inkişafı yalnız sistemli islahatlar nəticəsində mümkün ola bilər”.

İqtisadçı-ekspert Vüsalə Əhmədovanın sözlərinə görə, ölkəmizdə elektron ticarətin genişlənməsi üçün hökumət müəyyən güzəştlər təklif etməlidir: 
 


"2016-cı ildə hökumətimiz internet saytlarından ediləcək onlayn alış-verişlər üçün 18 faizlik ƏDV tətbiq etdi. Bildiyiniz kimi, Azərbaycanda "Elektron ticarət haqqında” qanun qəbul edilib. Qanun elektron ticarət qaydalarından tutmuş, işlərin və xidmətlərin təqdim edilməsi, elektron ticarətin iştirakçısı olan satıcı və alıcıya dair tələbləri müəyyən edən normalaradək özündə ehtiva edir. Vergi Məcəlləsinə də rəqəmsal iqtisadiyyat çərçivəsində aparılan əməliyyatların vergiyə cəlb edilməsinin işlək mexanizmini müəyyən edən müddəalar əlavə edilib. Qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə elektron ticarət qaydasında göstərilən xidmətlərdən, ödəməni həyata keçirən bank tərəfindən ƏDV hesablanır və alıcının vəsaiti hesabına tutulmaqla dövlət büdcəsinə ödənilir. İnternet şəbəkəsi vasitəsilə elektron kitabların, audio-vizual materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi də qeyri-rezidentin göstərdiyi iş və xidmət hesab edilməklə ƏDV-yə cəlb edilir. Hazırda demək olar ki, elektron ticarət xüsusən sahibkarlar üçün sərfəlidir. Elektron ticarətin ölkəmizdə geniş vüsət alması üçün müəyyən vergi güzəştlərinin tətbiq edilməsi vacibdir. E-ticarəti ƏDV-dən azad etməklə istehlakçılar üçün daha sərfəli hala gətirmək olar. Bundan əlavə, ölkəmizdə bir çox onlayn market saytları özlərinin fiziki ünvanlarını göstərmirlər, bu isə alıcıların internet mağazalara inamını azaldır. Digər bir səbəb kimi, e-ticarət saytlarında və hətta böyük şirkətlərin saytlarında belə axtarış motoru optimallaşdırması aşağı səviyyədədir, onlayn marketlərin bloqunun mövcud olmadığını da qeyd etmək istərdim. Amazon, E-bay, Aliexpress kimi dünyanın nəhəng elektron ticarət platformalarının Azərbaycana çatdırılma xidməti yoxdur. Ümumiyyətlə, vətəndaşların plastik kartla ödəniş etməkdə maraqlı olmaları üçün il ərzində həyata keçirdikləri ödənişlərin 5-7 faizinin bonus şəklində vətəndaşın hesabına yüklənməsini tövsiyə edərdim. Nağdsız ödənişlərin payının artırılması bizə "kölgə iqtisadiyyatından” müəyyən qədər qurtulmağa imkan verə bilər. Kağız pulların az istifadəsi ölkədə cinayətkarlığın sayının azalmasında da mühüm rol oynayır”.

Qaynarinfo-nun İqtisadiyyat şöbəsi