İdman 11:07 24.09.2021

Elmar Baxşıyev "Qəbələ"nin uğur reseptini açıqladı (MÜSAHİBƏ)

Cari mövsümə uğurlu başlayan "Qəbələ”nin ilk dörd turdan üçündə qələbə qazanacağını bəlkə də əksəriyyət gözləmirdi. Qarşısında böyük hədəflər olmasa da, hazırda Elmar Baxşıyevin komandası 10 xalla "Qarabağ”la birgə turnir cədvəlinin şərikli lideridir. Maraqlıdır, bu uğurlar "Qəbələ”nin hədəflərində hansısa dəyişikliyə yol aça bilərmi? Komanda əvvəlki əzəmətini qaytararaq çempionluq mübarizəsinə qoşulmağa nə dərəcədə yaxınlaşıb? Növbəti turda "Sumqayıt”la matça hazırlıq və hədəflərlə, o cümlədən ardıcıl qələbələrin sirri ilə bağlı sualları məhz Elmar bəyə ünvanladıq.

 

Baş məşqçinin Qaynarinfo-ya müahibəsini təqdim edirik:

 

- "Sumqayıt”la oyuna hazırlıq necə gedir?

 

- "Sumqayıt”la oyunda Yaovi Akakpo ilə Rüfət iştirak etməyəcək. Komandanın qalan heyəti ilə birlikdə oyuna hazırlaşırıq. Çempionatın liderlərindən olan "Sumqayıt”a qarşı bizi çətin oyun gözlədiyini bilirik. Futbolçuları ağır oyuna kökləyirik.

 

- Mövsümə belə başlanğıc sizin üçün nə dərəcədə gözlənilən idi?

 

- Gözlənilən olmasa da, buna ümid bəsləyirdik. Çünki oyun sistemimizə uyğun futbolçular seçmişik. Oyun baxımından inkişaf gözləyirdim. Desəm ki, gözləmirdim, yalan olar. Sevindirici məqam odur ki, komanda oyundan-oyuna performansını artırır. Hiss edirik ki, günlər keçdikcə futbolçular məşq prosesində və oyunlarda komponentləri daha yaxşı icra edə bilirlər.

 

- Çoxları "Qəbələ”nin belə çıxışını sürpriz sayır, siz necə düşünürsünüz?

 

- Nəticəyə deyil, komandanın yanaşmasına daha çox önəm verirəm. Futbolçuların yanaşması bizi daha çox sevindirir. Həm məşq prosesinə, həm də oyunlara komanda yaxşı konsentrasiya olur.

 

- Uğurun sirri nədədir?

 

- Uğurun sirrini komandanın birliyində görürəm. "Komanda” deyəndə, rəhbərliyi, sistemdə olan bütün işçiləri də nəzərdə tuturam. Hamı bir məqsəd uğrunda çalışır.

 

- Bu mövsüm qarşıya hansı hədəflər qoyulub?

 

- Sırf mənim fikrimi öyrənmək istəyirsinizsə, daha çox inkişafı düşünürəm. Oyundan-oyuna inkişaf olmalıdır. Gənc futbolçularımızın bu mərhələni keçib komandamıza fayda verməsini düşünürəm.

 

- Bu qələbələr hədəflərlə bağlı fikirlərinizdə hansısa dəyişikliklərə yol açıb?

 

- Müsbət nəticə bir gün ola, bir gün olmaya bilər. Daim inkişaf etsək, inandırım sizi, nəticələr də qaydasına düşəcək.

 

- Baş məşqçi postuna yeni gələndə əksər azarkeşlər nəticələrdən narazılıq edirdi. Zaman göstərdi ki, hər şey səbrlə olur. Bəs "Qəbələ”ni çempionluğa tam hazır görmək üçün nə qədər vaxt lazımdır?

 

- Məşqçi postuna gətiriləndə, mənim də çox təcrübəm yox idi. İnkişaf etməyimdə, püxtələşməyimdə, əlbəttə, "Qəbələ”nin rolu danılmazdır. Klub rəhbərliyi hər zaman mənə inanıb və dəstəyini göstərib. Çempionluğa gəlincə, inandırım sizi, mən daxil, heç futbolçular da bu haqda fikirləşmir. Sadəcə, mikrotsikl var. Qarşımızdakı rəqibi düşünürük, oyunlara bu prizmadan yanaşırıq. Mövsümün sonunda nə olacaqsa, zaman göstərəcək.

 

- Azarkeşlər "Qəbələ”nin əvvəlki əzəmətini, çempionluq mübarizəsini yenidən görmək istəyir. Bu hədəfə yaxınlaşmısınızmı?

 

- Azarkeşlərin bunu istəmələri yaxşıdır. Amma hazırda əsas diqqəti oyun keyfiyyətlərinin artırılmasına yönəltmişik. İnkişaf esək, daha məzmunlu oyun sərgiləyə bilərik.

 

- Qış fasiləsinə hazırlıqla bağlı indidən nələrsə düşünmüsünüz, yoxsa bu tempdə davam edəcəksiniz?

 

- Sırf qış fasiləsini düşünüb dayanmamışıq. Əlbəttə, yeni variant, büdcəmizə uyğun, boş mövqeləri doldura biləcək futbolçu tapsaq, məmnun olardım. Futbolçular arasında nə qədər rəqabət olsa, komandaya daha çox faydası dəyər.

 

- Hazırda yeni futbolçuya ehtiyac var?

 

- Axtarışdayıq, amma hələ ki, sırf hansısa oyunçunu bəyənmişik söhbəti yoxdur. Mövsümün ortası olsa da, axtarışlarımız davam edir. Çünki iki futbolçumuz zədələnib. Marafon uzundur, zədələr, sarı vərəqələr qaçılmazdır. Ona görə də büdcəyə uyğun yeni futbolçu ilə güclənməkdən sevinərəm. Fərq etməz, yerli, ya əcnəbi olsun. Zədəlilərimizin ikisi də əsas heyət üzvü idi. Onların yoxluğunu indidən hiss edirik. Mövsüm uzundur, getdikcə belə problemlərlə daha çox qarşılaşa bilərik.

 

Səbuhi Həsənov