Əli Sahib
Kamran Quliyev "Neftçi”yə müəmmalı keçidindən az sonra "ağ-qaralar”ın geyiminə də "çəki-düzən” vermək qərarına gəldi. Tender elan edən paytaxt təmsilçisi təklifləri incələdikdən sonra qalib məlum olub. Qalib şirkət flaqmana növbəti mövsüm üçün "Nike” firmasını təklif edib. Kluba yaxın mənbədən verilən məlumata görə tenderin qalibi göstərəcəyi xidmət qarşılığında "Neftçi”dən 133.000 avro istəyib. Ümumilikdə Bakı təmsilçisinə 8 şirkət tərəfindən 10 geyim firması təklif olunub. Maraqlıdır ki, Kamran bəyin seçimində qaranlıq, şübhəli məqamlar çoxdu. Artıq bir aya yaxındır, bu yöndə araşdırma aparırıq. Şübhəyə səbəb isə aşağıdakılardı:
1.Eyni firmanı, eyni sayda dəsti, eyni sayda geyimə aid olan bütün detalları, eyni keyfiyyəti daha ucuz – 102.000 avroya başqa tender iştirakçısı təklif edib. Əgər firmada, keyfiyyətdə, geyim detalının sayında fərq yoxdusa, daha çox pul təklif edən təşkilat niyə tender qalibi olmalıdı?
2. Tender qalibi olan şirkət təklif etdiyi məhsulu Azərbaycana – "Neftçi”nin hüzuruna göndərməyəcək. Yəni ki, yol xərci, gömrük xərci klubun hesabına olacaq. Daha ucuz təklif paketində isə "Neftçi”yə məhsulun Avropadan kluba qədər olan xərci təşkilat üzərinə götürür. Bir daha qeyd edək ki, hər iki təşkilat ortaya eyni keyfiyyətdə məhsulqoyub. Belə olan halda, klub niyə əlavə nəqliyyata və gömrüyə görə xərcə düşməlidi?
3. Tenderin qalibi "Səbail” və "Kəpəz”lə əməkdaşlıq edir.
Şübhəmizdə haqlıyıq!
Bütün suallarımıza cavabı isə AFFA İcraiyyə Komitəsinin iclasından sonra baş katib Elxan Məmmədovun açıqlamalarında tapdıq. Cənab Məmmədov deyəndə ki, AFFA artıq "Nike” şirkəti ilə razılığa gəlib, bütün daşlar yerinə oturdu. Bəli, Kamran Quliyevin bədxərclik etməsinin səbəbi artıq məlumdu. "Otkat”lara öyrəşmiş idarəetmə sisteminin piyadalarının və şahının gedişləri dəfələrlə mətbuatda ifşa olunur. Di gəl ki, daşı ətəyindən tökməyən baş katib daha bir biznesi ələ keçirtdi və rəqibi üzərində növbəti dəfə qələbə çaldı. Geyimlə yanaşı, işarə etdiyim top biznesidi. Məmmədov "Nike” firmasının bonus kimi verdiyi topları klublara pulsuz təklif etməklə əzəli rəqibini zərərsizləşdirdi. Necə deyərlər, pambıqla baş kəsdi, və yaxud bir daşla iki quş.
Şərhlər