Əməkdar artist xalq şairinin “şit diringi” iradına münasibət bildirdi

Əməkdar artist xalq şairinin “şit diringi” iradına münasibət bildirdi

"Bu mahnını 2008-ci ildə oxumuşam, tamaşaçıya o qədər sevdirə bilmədim. Amma Xudayar qardaşımız onu döyüş meydanında oxuyudu və böyükdən balacaya kimi hər kəsə sevdirdi. Bu mahnı əsgərlərimizin bir himninə çevrilib”.

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Babək Niftəliyev Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlının Zəngilanda "Vətən yaxşıdır” mahnısını uçuq divarlar üstündə oxumasına görə tənqidinə cavab verərkən deyib. Xanəndə sözü gedən layihənin AzTV-yə aid olduğunu bildirib:

"Şəhidimizin adı gələn yerdə bizim boynumuz qıldan incədir. Burada qəbahətli nə var ki? Mən AzTV-nin solistiyəm, televiziya deyib, mən də oxumuşam. Biz orada oynaq mahnı oxumamışıq ki? Deyib-gülməmişik ki? Toyda oxumamışıq ki? Mən orada ürək ağrısı ilə oxumuşam. Əgər bizə deyirlərsə ki, "Xudayar təsnifi”ni oxu, oxumayım? Mənim vətənpərvər ruhda mahnılarım çoxdur. 44 günlük müharibədə könüllü olaraq həmişə yardımda oldum. Şəhidimizin adı gələn yerdə "Xudayar təsnifi” oxunmalıdır. Bu mahnını ən pis, ən şad günümüzdə də oxumalıyıq”.

Qeyd edək ki, Milli Məclisinin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı Əməkdar artist Babək Niftəliyevin Zəngilanda uçuq divarlar üstündə "Vətən yaxşıdır” mahnısını oxuduğuna görə tənqid edib:

"Ənənəvi musiqi üçlüyü: Tar və kamança çalanlar, bir də müğənni, əlində qaval... Çalıb-oxumaq üçün haranı seçsələr yaxşıdır? Zəngilan rayonunun işğalçılar tərəfindən dağıdılmış bir kəndini... Hərəsi bir uçuq divarın üstündə oturublar. Nə olar! Burda da oxumaq olar. Düşündüm ki, indi savaşın gətirdiyi faciələr haqqında və ya bu kəndin harayına bənzər bir ifa səslənəcək... Ancaq mahnını dinləyəndə heyrətə gəldim. Burda, düşmənin xaraba qoyduğu bu ağlar yurdda da son illər müsiqimizi işğal etmiş şit diringi əsəblərimi cırmağlamağa başladı... İnsan ğözüyumulu və əhlikef olmalıdır k, bir yurdun uçuq divarının üstündə, dağılmış bir kənddə oturub "Könüllər cəlb edən bu xoş mənzərə..." deyib oxusun. Görəsən bu üç sənət adamı ətrafa baxmırdılar? Düşünmürdülər ki bu ürək dağlayan görüntüyə "xoş mənzərə" demək olmaz? AzTV-nin yaxşı niyyət güdən bu layihəsinin belə gülünc hala salınmasına təəssüfləndim”.

Xatırladaq ki, Sərhəd Qoşunlarının kiçik giziri Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd  istiqamətində gedən döyüşlərdə şəhid olub. Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl Əlağa Vahidin "Vətən yaxşıdır” şerinə Əlibaba Məmmədovun bəstələdiyi mahnını  ifa edib və bunu telefon vasitəsilə lentə alıb. 

Bahar Rüstəmli
XƏBƏRLƏR
BLOGLAR
X