İdman 22:53 28.07.2021

Çempionlar Liqası: "Neftçi" "Olimpiakos"a uduzdu, HİK-ə rəqib oldu

Azərbaycan çempionu "Neftçi” avrokuboklarda növbəti oyununu keçirib.

Qaynarinfo-nun məlumatına görə, Bakı klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

Samir Abasovun yetirmələri Yunanıstan "Olimpiakos”unu qəbul edib. Paytaxt təmsilçisi "Bakcell Arena”dakı matçı səfərdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmaq arzusu ilə başlayıb.

Lakin doğma tribunalardakı azarkeş dəstəyi də "ağ-qaralar”a kömək olmayıb. "Neftçi” ev oyununda da uduzaraq qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb.

Qeyd edək ki, bu qarşılaşmalardan sonra "Olimpiakos” Çempionlar Liqasının, "Neftçi” Avropa Liqasının III təsnifat mərhələsinə yollanıb. "Neftçi” burada Finlandiyanın HİK klubu ilə qarşılaşacaq. "Suomilər” Çempionlar Liqasının II təsnifat mərhələsində İsveç "Malmö”sünə "boyun əyib” - 1:2, 2:2.

"Neftçi” və HİK arasında ilk qarşılaşma avqustun 5-də Bakıda təşkil olunacaq. Avropa Liqasında pley-offa yollanacaq komanda ayın 12-də Helsinkidə keçiriləcək matçda bəlli olacaq. Burada da uduzan tərəf Konfrans Liqasının pley-offunda iştirak edəcək.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu

28 iyul
Neftçi (Azərbaycan) – Olimpiakos (Yunanıstan) 0:1
Qol: Giorqos Masuras, 15.
Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 10. Sezar Meza Kolli, 11. Harramiz Soareş, 14. Romen Bask, 24. Yusuf Laval, 26. Ömər Buludov. 29. Samir Buqrin, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə,  4. Basto,  19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov.
Olimpiakos: 88. Konstantinos Tsolakis, 3. Ruben Semedu, 9. Ahmed Hassan, 18. Pyer Kunde, 19. Giorqos Masuras, 24. Husseynu Ba, 25. Svetozar Markoviç, 27. Kenni Lala, 28. Matyö Valbuena, 66. Pape Sisse. 90. Vasilis Surlis.
Ehtiyat oyunçular: 1. Tomaş Vaslik, 31. Eqmundur Kristinsson, 44. İlias Karagiris, 11. Yussef Al-Arabi, 12. Alqasim Ba, 17. Marius Vrusai, 20. Nikola Çumiç, 34. Avraam Papadopulos, 97. Lazar Ranceloviç, 53. Nikitas Nikolis, 55. Kristos Lyatsos.
Baş məşqçi: Pedro Martins.
Hakimlər: Rikardo De Burqos Benqeotxeya, Roberto del Palomar, Yon Nunyes, Adrian Kordero (İspaniya).
Hakim-inspektor: Tomaş Mikulski (Polşa).
Bakı. Bakcell Arena.
(ilk oyun - 0:1)