Türkiyə millisinin əslən azərbaycanlı sprinteri Ramil Quliyev Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Qaynarinfo xəbər verir ki, 28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb. O, finalda finişə 19,76 saniyəyə çatıb. Ramil Quliyev ötən il Böyük Britaniyanın paytaxtı Londonda eyni məsafəyə qaçışda dünya çempionu olub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramil Quliyevi təbrik edib. Prezident mənbələrindən verilən məlumata görə, Ərdoğan Türkiyə millisinin Azərbaycan əsilli idmançısına telefonla zəng edib.
Ərdoğan telefonda qızıl medal ilə bütün Türkiyəni qürurlandıran Ramil Quliyevi təbrik edərək ona gələcək karyerasında uğurlar arzulayıb. Prezident həmçinin idmançıya ayrıca təbrik teleqramı da göndərib.
Şərhlər