Siyasət 12:51 11.06.2021

Ərdoğanın Azərbaycana səfərinin iqtisadi tərəfləri - Millət vəkilinin şərhi

"Nəticə etibarıyla bu səfər Azərbaycan-Türkiyə arasındakı strateji, iqtisadi münasibətlərin yeni mərhələyə qədəm qoymasına imkan yaradacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana planlaşdırılan səfərinin iqtisadi tərəflərini şərh edərkən deyib. O bildirib ki, Türkiyə Azərbaycanın əsas ticarət və iqtisadi tərəfdaşlarından biridir:
 


"Nəzərə alsaq ki, Türkiyə İtaliyadan sonra Azərbaycana ən böyük ticarət tərəfdaşıdır, eyni zamanda artıq 2021-ci ilin yerdə qalan ayları göstərir ki, Türkiyə Azərbaycanın qeyri-neft ixracatında ən böyük tərəfdaşıdır. Xüsusən də pandemiya dövründə Azərbaycan-Türkiyə arasında ticarət dövriyyəsi 4, 5 milyard dollara yaxın olub. Bütövlükdə qeyri-neft ixracatının  təxminən 35 %-i Türkiyənin payına düşür. Türkiyə Azərbaycan üçün strateji müttəfiq olmaqla yanaşı, həm də əsas iqtisadi və ticarət təfdaşlarından biridir. Eyni zamanda Azərbaycanla Türkiyə növbəti 3 ildə ticarət dövriyyəsinin 15 milyard dollara qədər artırılmasına dair hədəf müəyyənləşdirib. Bu hədəfin reallaşması üçün də tərəflər qarşılıqlı ticarət rejiminin sadələşdirilməsi və eyni zamanda strateji əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətlərini genişləndiriblər”.

Vüqar Bayramov bildirib ki, bu konteksdən Türkiyə Prezidentinin Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsinə, iqtisadi və strateji əlaqələrin dərinləşməsinə imkan verəcək:

"Türkiyə-Azərbaycan eyni zamanda qarşılıqlı olaraq investorlardır. Nəzərə alsaq ki, Azərbaycanın Türkiyədəki investisiyanın həcmi artıq 15 milyard dollara yaxınlaşır. Eyni zamanda Türkiyə şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan artıq investisiya qoyuluşu həyata keçirilib. Bu baxımdan qarşılıqlı olaraq investisiya əlaqələrinin genişləndilməsinə yeni imkanlar yaradır. Türkiyə Prezidentinin Azərbaycana səfəri investisiya qoyuluşlarında qarşılıqlı investisiyanın həcminin artmasına imkan verəcək. Xüsusən də nəzərə alsaq ki, Türkiyə fəal şəkildə işğaldan azad olun arazilərimizin bərpasnıda fəal şəkildə iştirak edir, bu da Qarabağın yenidən qurulmasında Türkiyə şirkətlərinin fəaliyyətlərinin genişlənməsinə imkan verəcək. Bu, eyni zamanda strateji olaraq iki ölkə arasında münasibətlərin dərinləşməsinə imkan verəcək”. 

Bahar Rüstəmli