Siyasət 10:00 15.01.2022

Ərdoğanın “Ermənistanda xüsusi nümayəndə” təyinatı hansı anlama gəlir? (ŞƏRH)

"Klassik məfhumda bu, heç də səfir təyinatı mənasına gəlmir”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Türkiyə Prezidenti Ərdoğanın sərəncamı ilə Ermənistanla danışıqlarda Türkiyə tərəfindən xüsusi nümayəndə təyin olunan Sərdar Kılıçın rəsmi təyinatında "Türkiyə Respublikasının Ermənistan Respublikasındakı xüsusi nümayəndəsi” ifadəsinin diplomatik protokol, yoxsa diplomatik münasibətlərin bərpası yolunda ilk addım olub-olmadığına aydınlıq gətirərkən deyib: 

"Burada ola bilsin, söz türk dilindən tam düzgün tərcümə edilməyib. Səfir təyinatı başqa prosedurlar əsasında baş verir. Bunun üçün ölkələr bir-birini tanımalı, nota mübadiləsi baş verməlidir. Səfir təyin olunan zaman isə onun namizədliyi təyin olunan ölkəyə göndərilir. Ardınca iki ay ərzində cavab alınır. Onun əsasında da səfirin təyinatı tam olaraq reallaşır”. 

Bu səbəbdən həmsöhbətimiz burada hər hansı bir problem görmür: 

"Türkiyə bildiyi şəkildə prosesin normallaşmasını təşkil edə bilər. Türkiyə diplomatiyasının təcrübəsi ona imkan verir ki, öz məqsədlərinə nail olmaq üçün müxtəlif üslublardan istifadə etsin”. 

T. Zülfüqarov qeyd edir ki, danışıqlarla bağlı Türkiyə əsasən 3 mövzunu qaldırıb: 

"Hansı ki, Ermənistanla əlaqələrin bərpası bu mövzularla bağlı olacaq. İrəvan Türkiyənin ərazi bütövlüyünü tanımalı, qondarma soyqırımla bağlı siyasi təzyiqi aradan qaldırmalıdır. Burada üçüncü mövzu isə Ermənistan Azərbaycan münaqişəsidir. Belədə Ankara ilə İrəvan arasında rəsmi münasibətlərin formalaşması və bərqərar olması məhz bu mövzuların müzakirəsi və həll olunması ilə əlaqədardır. Məhz bunların əsasında sərhədlərin, yolların açılması, kommunikasiyaların bərpası fonunda rəsmi olaraq diplomatik münasibətlər qurula bilər. Təbii ki, əvvəlki mövqe dəyişməlidir, çünki ərazi məsələsi bir növ öz həllini tapıb. Bir sözlə, proses onu göstərir ki, sözügedən danışıqlarda da Azərbaycan maraqları hər zaman diqqət mərkəzində olacaq və birbaşa prosesə təsir edəcək. Bu, adekvat siyasətdir. Çünki onun nəticəsində formalaşan vəziyyət xeyrimizə olacaq”.

Rüfət Sultan