Ərdoğanın Putinlə telefon danışığını doğuran ilginc səbəblər... - Analiz

Ərdoğanın Putinlə telefon danışığını doğuran ilginc səbəblər... - Analiz

"Ruslar heç bir halda Laçının Azərbaycana verilməsini istəmirlər”.


Bunu Qaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli deyib. Onun fikrincə, Rusiya tərəfi bunun hər şeyin sonu kimi qəbul edir:


"Ərdoğanın Putinlə telefon danışığının hansı tonda getməsini anlamaq üçün buna qədər olan hadisələrə və çıxışlara xüsusi diqqət yetirmək lazımdır. Kremlin açıqlamasına görə, telefon danışığı məhz Türkiyə tərəfinin istəyi əsasında baş tutub. Telefon danışığına şərait yaradan amillərdən biri, əlbəttə ki, İdlibdə son baş verənlərdir. Moskva Ankaraya həm də Qarabağ məsələsində təzyiq üçün Əsəd qoşunlarını burada aktivləsdirib. Başqa bir məsələ isə Rusiyanın Qarabağ savaşı fonunda atdığı addımlardır. Bu addımlar sırasına, xüsusilə, Moskvanın Ermənistana açıq şəkildə silah verməsi, eləcə də Moskvanın öz qoşunlarını birbaşa Azərbaycanla Ermənistan sərhədinə yerləşdirməsi və Moskvanın xüsusən beynəlxalq təşkilatlar, eləcə də Avropada Azərbaycana öz təsir rıçaqlarından (buraya xüsusilə radikal siyasi qüvvələr aiddir) istifadə etməsi daxildir. Vəziyyət o həddə gəlib çatıb ki, Rusiya ilə münasibətlərdə hər zaman ehtiyatlı və realist yanaşma tərəfdarı olan İlham Əliyev həm xalqa son müraciəti, həm də RAİ televiziyasına müsahibəsində açıq şəkildə Rusiyanı ittiham etməyə başlayıb. Üstəlik, Avropadan Qarabağa gələn siyasətçilərə nəzər yetirin. Bu siyasətçilərin çoxusu avroskeptik və Rusiyaya xoş münasibətin tərəfdarı olanlardır. Yəni, Moskva Ermənistanı qorumaqdan ötrü hərtərəfli hücuma keçib”.


Analitik zəng ərəfəsində Putinin Valdaydakı məşhur çıxışını da şərh edib:


"Putin bu çıxışında nə deyirdi? Qısaca mesaj bu idi ki, bəli, azərbaycanlılara torpaqların qaytarılmasına müəyyən mənada razı ola bilərik, amma proses nəzarətimizdə olmalıdır. Üstəlik, Putin çıxışı zamanı erməniləri hansı ad altında müdafiə edəcəyinin mesajını belə verir və illərdir ərazi konflikti adlandırdığı problemi birbaşa etnik konflikt olaraq təsnif edir. Məhz bu proseslər fonunda Ərdoğan Putinə zəng etmişdi. Ən azından telefon danışığından sonrakı açıqlamalar göstərir ki, tərəflər arasında danışıqlar elə də yumşaq tonda keçməyib. Hər bir halda Ərdoğanın açıqlaması danışıqların yuxarıda sadalanan bəndlər üzərində getdiyini göstərir. Digər tərəfdən Ərdoğanın açıqlaması başqa məqamları da ortaya çıxarır. Ərdoğanın telefon danışığı zamanı Ermənistana bu tərzdə silah yardımın dayandırılması tələbini səsləndirməsi ehtimalı böyükdür. Üstəlik, Türkiyənin ruslara özlərinin Qarabağ danışıqlarina qoşulmasını təklif etmələri də mümkündür ki, Moskva bunların heç birini qətiyyətlə qəbul etmək istəmir və qəbul edəcəyi təqdirdə böyük itkiyə məruz qalacağını da bilir”.


İlkin Həsənli bildirib ki, başqa diqqət ediləsi məqam rusların sərhədə yeridilməsi məsələsidir:


"Güman ki bu da telefon danışığının əsas mövzusu olub. Bunu nəzərə alsaq, Ərdoğanın çıxışı zamanı "qırmızı xətt” mövzusunu hədər yerə gündəmə gətirmədiyini anlamış olarıq. Aydındır ki, sərhədə rusların gəlməsi həm də Moskvanın savaşa dolayısı yolla qoşulmaq istəməsini göstərir. Dolayısı yolla bu gün Azərbaycan Qarabağın şərqində təkcə ermənilərlə yox, həm də ruslarla toqquşmuş olur. Yəni, əgər Rusiya artıq Ermənistan Azərbaycan sərhədinə rəsmən nəzarət edirsə, demək ki, bu ərazidən Azərbaycan torpaqlarına birbaşa müdaxiləyə, diversiya hücumlarına görə də məsuliyyət daşımış olur. Bu da Moskvanın təkcə konfliktə müdaxiləsi demək deyil, bu həm də Ermənistandan Azərbaycana atılan hər mərmiyə görə birbaşa rusların məsuliyyət daşıması deməkdir. Yəni, bu, gələcəkdə ölkə ərazisinə təhdid yaranarsa, rus bölmələrinin belə leqal hədəfə çevrilmək imkanının olduğunu göstərir. Bu isə Azərbaycan üçün arzuolunmazdır, çünki Bakı konfliktin beynəlmilləşdirilməsini istəmir. Ərdoğan məhz buna görə rusları təhdid edir və ağıllı davranışa səsləyir”.

İlkin Həsənli baş verənlərin həm də bir çox məsələləri ortaya çıxardığını vurğulayıb:


"Bir şeyə diqqət edək. Rusların Qarabağla bağlı xüsusi aktivliyi məhz Azərbaycanın Laçın koridoruna yaxınlaşma ehtimalı gerçəkləşməyə başlayanda start götürdü. Ruslar heç bir halda Laçının Azərbaycana verilməsini istəmirlər. Bunu hər şeyin sonu kimi qəbul edirlər. Digər tərəfdən ruslar artıq Azərbaycan ordusuna qarşı heç bir şey edilməyəcəyinin də fərqindədirlər. Ona görə də onların maksimal hədəfi Laçında Azərbaycanı dayandıraraq danışıqlara cəlb etmək və mümkün olarsa, prosesi uzatmaqdır. Minimal hədəf isə hər şey əldən gedəcəyi təqdirdə gələcəkdə Azərbaycana qarşı təzyiq kimi istifadə etmək üçün Qarabağda heç olmasa hansısa formada nəsə əldə etməkdir. Ona görə də Moskva maksimum səylə Azərbaycana təzyiq etməyə çalışır”.

İlkin Həsənli sonda bu gün baş tutan Cenevrə görüşünun gərgin keçəcəyini qeyd edib:


"Ona görə ki, Azərbaycan görüşə təkcə şərtlərini irəli sürən qalib tərəf kimi yox, həm atəşkəsə əməl etmiş və mülki insanları müharibə cinayətinə məruz qoyulmuş tərəf kimi gedir. Görüşün konkret yekun nəticəsinin olacağını söyləmək çətindir. Lakin Moskvanın Ermənistana son aktiv dəstəyi, eləcə də Paşinyanın son bəyanatları göstərir ki, İrəvan Bakı qarşısında böyük güzəştlərə getməyə hələ də hazır deyil. Bu isə Cenevrə görüşünün də real sülh razılaşmasının əldə edilməsi üçün yetərli olmayacağını və ümumilikdə görüşün nəticəsinin digərlərindən o qədər də fərqlənməyəcəyini ehtimal etməyə imkan verir”.

 

Bahar Rüstəmli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR