"İnter"in danimarkalı futbolçusu Kristian Eriksen uzun fasilədən sonra fərdi məşqlərə başlayıb.
Qaynarinfo xəbər verir ki, iyunun 12-də Avro-2020 turnirində oynanılan Danimarka - Finlandiya matçında ürəyi dayanan və meydançada edilən müdaxilədən sonra yenidən həyata qaytarılan Eriksen yaşıl meydanlara dönüb.
Əməliyyatdan sonra ürəyinə ritm tənzimləyicisi taxılan futbolçu yetişdiyi Danimarka klubu "Odense"nin bazasında fərdi məşqlərə start verib. A Seriyasının qaydalarına görə, ürək tutması olan futbolçular təhlükəsizlik baxımından İtaliyada oynaya bilməz. Bu üzdən Eriksenin "İnter”lə müqaviləsini ləğv edəcəyi gözlənilir. "Odense"nin Erikseni istəyən klublar arasında olduğu iddia edilir. "İnter" də onun komandadan ayrılmasına icazə verməyə hazır olduqlarını bildirmişdi.
Karyerasında "Ayaks”, "Tottenhem” və "İnter”də oynamış hücumçu keçirdiyi 531 rəsmi oyunda 114 qola imza atıb, 158 məhsuldar ötürməyə müəlliflik edib. 29 yaşlı futbolçu 109 dəfə formasını geyindiyi Danimarka millisinin heyətində 36 qola imza atıb.
Səbuhi Həsənov
Şərhlər