Erkin Qədirli: “Bunun üzərində birlik formatını qurmaq mümkün olmayacaq”"REAL hərəkatı aprelin ortalarında toplantı keçirəcək. Seçkilərlə bağlı qərar da o zamanı veriləcək. Toplantıya bütün mediya mənsublarını da dəvət edəcəyik”.
Bunu
Qaynar.info-ya REAL Hərəkatının Məclis sədri Erkin Qədirli deyib. İlqar Məmmədovun həbsindən danışan E.Qədirlinin sözlərinə görə, İlqar Məmmədovun həbsi seçkilərlə bağlı məsələdir: “İlqar Məmmədovun azadlığa çıxması ilə bağlı ehtimallarım yoxdur. Bu haqda düşünməyin, vaxt sərf etməyin mənası yoxdur. Onun saxlanılması qanunsuzdur. Faktiki olaraq heç bir istintaq aparılmır. Ümumilikdə proses qanunsuzdur. İlqar Məmmədovu həbs etməklə onun seçkilərdə iştirakını əngəlləməyə çalışırlar”.
Məclis sədri “EL” hərəkatının fəaliyyətinə də toxunub: “Onlarla bir dəfə şəxsi görüşümüz olub. Bu zaman ümumi söhbət apardıq. Deyim ki, ortalıqda heç bir anlaşma yoxdur, heç anlaşmanın hansısa işarələri də yoxdur. Doğrusu, hələ heç nə aydın deyil. Yəni hərəkatda kimlər olacaq, nə olacaq, necə olacaq. Onlar hər hansı təşkilatla əlaqə qurmayıblar. Sadəcə, şəxsi görüşlər keçirirlər. Bunun üzərində birlik formatını qurmaq mümkün olmayacaq. Əvvəlcədən bildirmişik ki, birliklə bağlı ilkin şərtlər açıqlanmalı və yazılı şəkildə ifadə olunmalı, öhdəliklər bölüşdürülməlidir. Bu cür işlər nəticəsində hansısa ciddi birlikdən danışmaq olar. Amma biz heç vaxt müzakirələrdən çəkinməmişik, dəvətləri dəyərləndirmişik. Prosesləri izləyirik, ciddi bir şey olarsa, münasibətimizi bildirəcəyik”.
E.Qədirli Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə yaradılacaq “Milli Şura”ya da münasibət bildirib: “Əvvəldə dediklərim elə Milli Şuraya da aiddir. Həmin ideya hələ ki, həyata keçməyib. Bununla bağlı hər hansı danışıqlar da olmayıb. Adamları bir araya toplamaq olar, amma bu siyasət aparmaq deyil. Siyasətçinin birinci işi təmsilçilikdir. Yəni adamlar kimləri təmsil edəcək, hansı çevrənin adamları olacaq. Bunlar bəlli olduqdan sonra elan vermək olar. Hazırda isə dediklərimin heç biri yoxdur”.
İlkin
Qaynar.info
Şərhlər