"Rusiyanın yaratdığı KTMT elə güclü və əvəzedilməz hərbi birlik deyil ki, ona üzv ölkələr təşkilatdakı fəaliyyətində məhdudiyyətlərə məruz qaldıqda ciddi narahatlıq keçirsinlər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın KTMT üzvləri üzvlük haqqını ödəmədiyi təqdirdə, səsvermə hüququndan məhrum ediləcəyilə bağlı hədəsini şərh edərkən deyib.
"KTMT üzvlərinin bu təşkilatdan gözləntiləri çərçivəsində özlərini təşkilatın tələblərinə uyğun şəkildə aparması heç nəyi dəyişmir. Zaxarovanın bəyanatı da onu deməyə əsas verir ki, təşkilat daxilində belə bir problem var və Rusiya bununla həmin ölkə və ya ölkələrə təzyiq etmək istəyir. Rusiyanın yaratdığı KTMT elə güclü və əvəzedilməz hərbi birlik deyil ki, ona üzv ölkələr bu təşkilatdakı fəaliyyətində məhdudiyyətlərə məruz qaldıqda ciddi narahatlıq keçirsinlər. Ermənistan misalında bu aydın görünür", deyə Azər Qasımov bildirib.
Ekspertə görə, Zaxarovanın açıqlaması Ermənistanın KTMT-dən çıxmaq təhlükəsinin Rusiyanı narahat etdiyi anlamına gəlir:
"Paşinyan son açıqlamasında prosesin geridönməz fazaya keçdiyini bəyan etməsindən sonra verilən bu açıqlama əslində qabaqdangəlmişlik etməkdir. Rusiya Ermənistanın KTMT-dən çıxacağı ehtimalının artıq reallaşacağını özündə dəqiqləşdirib ki, belə bir faktın guya KTMT üçün heç bir əhəmiyyəti olmadığını göstərmək istəyir".
Politoloq düşünür ki, bu açıqlamaya həmçinin ABŞ-ın yeni prezidenti Donald Trampın NATO-da Avropa ölkələrinə qoyduğu ultimatum kimi, Rusiyanın da təşkilata üzv ölkələrin öz təhlükəsizliklərini qorumağa görə ödəməli olduqları maliyyənin artırılmasına yönəlik təzyiq kimi də baxmaq olar. Azər Qasımovun fikrincə, Ermənistan hələlik KTMT-dəki fəaliyyətini bərpa etməyəcək:
"Hesab edirəm ki, Ermənistan hələ də tərəddüd içərisindədir. Qərbə inteqrasiya və ya Rusiya ilə eyni təşkilatda qalmaq məsələsi üçün zaman gözləyir. Amma vaxtı daralır. Ermənistan KTMT-dəki fəaliyyətini hələlik bərpa etməyəcək, çünki bunun əksi Paşinyanın Qərb sevdasının sonu olar. Amma Trampın gəlişi ilə Ukraynada baş verəcək gözlənilən proseslərdən sonra böyük ölçüdə Rusiyaya yaxınlaşacağını da ehtimal etmək olar".
Qeyd edək ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova son brifinqdə təşkilatın maliyyələşməsi üçün üzərlərinə öhdəlik götürən KTMT üzvlərinin bundan imtina etməsi fonunda onların səsvermə hüququndan məhrum ediləcəklərilə hədələyib. Onun sözlərinə gərə, iki il ərzində maliyyələşmənin həyata keçirilməməsi buna əsas verəcək.
Xatırladaq ki, KTMT büdcəsinin yarısı Rusiya tərəfindən ödənilir. Yerdə qalan üzvlərin hər biri isə büdcənin 10 faizinin ödənilməsinə cavabdehdir.
Rüfət Sultan
Şərhlər