"Bizi Rusiya ilə birləşdirən ən böyük bənd Dağlıq Qarabağ məsələsi idi. Dağlıq Qarabağ yoxdur, Rusiya yoxdur və Qafqaz tamamilə Türkiyənin sahibliyinə keçir".
Qaynarinfo "Turan"a istinadən xəbər verir ki, bu sözləri Ermənistan müxalifətinin lideri Vazgen Manukyanın yanvarın 26-da Ararat vilayətinin sakinləri qarşısındakı çıxışında deyib.
"Azərbaycan və Türkiyə ilə gizli danışıqlar aparılır. Nikol yalan danışır, deyir ki, müharibəni məhz o dayandırıb, onu buna Rusiya məcbur edib. Çünki əgər biz Dağlıq Qarabağı tamamilə itirsəydik, RF-nin burada heç bir işi olmazdı. Moskva burada sülhməramlı qoşunları yerləşdirə bilməzdi və Cənubi Qafqazı itirərdi", - deyə o bildirib.
O, yolların açılması mövzusuna da toxunub: "Deyirlər ki, yolları açaq və ondan istifadə edəcəyik. Yalan danışırlar, bu yollardan ancaq Türkiyə və Azərbaycan istifadə edəcək. Dünən Gürcüstanda azərbaycanlılar erməni yük maşınlarına hücum ediblər. Əgər Gürcüstan ərazisində biz azərbaycanlılardan xilas ola bilmiriksə, Azərbaycan ərazisindən yükləri, yaxud insanları necə daşıyacağıq? Məqsəd birdir - Naxcıvana yol açmaq".
Qeyd edək ki, əvvəlcə Manukyanın çıxışının bu hissəsi Ermənistan KİV-də ya dərc edilməyib, ya da yalnız erməni dilində verilib. Artıq yanvarın 27-də Manukyanın sözlərinin erməni versiyası da erməni saytlarından yoxa çıxıb.
Şərhlər