Ermənistan müxalifətinin liderlərindən olan Milli Müqəddəratı Təyinetmə Birliyinin sədri Paruyr Ayrikyan və daha 50-dək şəxs noyabrın 26-sı Yerevanda, Prezident Administrasiyasının binası qarşısına toplaşaraq etiraz aksiyası keçirir. Onlar Ermənistanın Gömrük İttifaqına qoşulmasına qarşı çıxır.
“Media forum” saytının məlumatına görə, aksiya iştirakçıları əllərində “Ya Vilnüs, ya da istefa”, “Gömrük İttifaqına yox”, “Rusiya imperiyasına yox” şüarları tutublar.
Ermənistan Rusiyanın patronajlığı ilə qurulmuş Gömrük İttifaqına daxil olmaq və bunun ardınca Avrasiya İqtisadi İttifaqının formalaşmasında iştirak etmək niyyətindədir. Bu il sentyabrın 3-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sərkisyan görüşəndən sonra dövlət başçıları birgə bəyannamə imzalayıblar. Bəyannamədə qeyd olunur ki, Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin Gömrük İttifaqına daxil olmaq və bununla bağlı real addımlar atmaq qərarını, Avrasiya İqtisadi İttifaqının formalaşmasında iştirak etmək niyyətini açıqlayır.
Bu bəyannamədən sonra Ermənistanın Avropa Birliyi ilə azad ticarət anlaşması və assosiativ üzvlük sazişi imzalanmasına hazırlıq prosesi dayandırılıb. Ermənistanda bəzi müxalif partiyalar bu həftə Vilnüsdə keçiriləcək Şərq tərəfdaşlığı sammitində Avropa Birliyi ilə azad ticarət anlaşması və assosiativ üzvlük sazişi imzalanmasına çağırır.
Qaynar.info
Şərhlər