Siyasət 11:30 17.10.2020

Ermənistanın Gəncəyə hücumuna Türkiyədən sərt reaksiyalar

Ermənistanın Gəncə və Mingəçevir şəhərlərinə qarşı həyata keçirdiyi raket hücumlarına Türkiyənin bir sıra dövlət və müxalifət liderlərindən sərt reaksiyalar gəlib.


Qaynarinfo həmin reaksiyaları təqdim edir:

 

Vitse-prezident Fuat Oktay Ermənistanın hücumlarına bu sözlərlə reaksiya verib:

 

"Hərbi cinayətlər törətmiş terrorçu və işğalçı dövlət Ermənistan Gəncədə qadın, uşaq, qoca demədən günahsız mülki insanları bir daha vuraraq çirkli üzünü yenidən göstərdi. Bunun adı xəyanət, qorxaqlıq, qanunsuzluqdur. Hər məsələdə söz sahibi olan ölkələrin və beynəlxalq təşkilatların işğalçı Ermənistanın mülki insanları öldürməsinə susması maraqlıdır. Heç bir insanlıq cinayəti cəzasız qalmaz. Daha güclü şəkildə Can Azərbaycanın yanında olmağa davam edəcəyik”.

 

Prezidentin sözçüsü İbrahim Kalın Ermənistanın Azərbaycanda mülki vətəndaşlara qarşı hücumları ilə əlaqədar olaraq "Ermənistan elan edilən atəşkəsə baxmayaraq, müharibə cinayətləri törədir. Xocalıda etdiyi kimi qadın, uşaq, yaşlı və mülki şəxs demədən insanlıq cinayətləri törədir. Bu qanunsuzluq və qətliamlar cavabsız qalmayacaq. Kim nə deyir desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır", - deyə qeyd edib.

 

Ədliyyə naziri Əbdülhəmid Gül Ermənistanın terrorçui dövlət olduğunu vurğulayıb:

 

"Ermənistan bir daha terrorçu dövlət olduğunu göstərdi, mülki insanlara hücum etdi və insanlığa qarşı cinayət törətdi. Mən bu alçaqlığı lənətləyirəm. Biz hər zaman azərbaycanlı qardaşlarımızla bir yerdəyik. Azərbaycan heç vaxt tək qalmayacaq".

 

Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlcuq hücumla bağlı deyib:

 

"Ermənistanın günahsız mülki vətəndaşlara qarşı qəddar hücumunu kəskin şəkildə qınayırıq. Gəncədə törədilən insanlığa qarşı cinayətlər gözardı edilə bilməz. Hər zaman qardaş Azərbaycanın yanındayıq".

 

AKP sözçüsü Ömər Çelik Tvitterdə Ermənistanı quldur dövlət adlandırıb:

 

"Ermənistan və dəstəkçiləri hətta müharibə qanunlarına tabe olmayan bir qətliam şəbəkəsi kimi hərəkət edirlər. Bu hücumlar və qətliamlar cəzasız qalmayacaq. Ermənistan bəşəriyyətə qarşı cinayətlər törətməkdə günahkardır. Ermənistan insanlıq və qanun adına məhkum edilməlidir. Ermənistan quldur bir dövlət olaraq mülki insanları öldürür. Vəhşi qırğınlar həyata keçirir. Qatillər və onların tərəfdarları hüququ pozurlar. Gəncəyə qarşı hücumlar insanlığa qarşı cinayətdir”.

 

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Gəncəyə olunan raket hücumu ilə bağlı yazıb:

 

"Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə hücumları ilə müharibə və insanlıq cinayətləri törədən Ermənistanı qətiyyətlə pisləyirəm. Qardaş Azərbaycan xalqına keçmiş olsun və bir daha təkrar edirəm ki, haqlı işlərində onların yanındayıq".

 

Daxili İşlər nazirinin müavini İsmail Çataklı Azərbaycana edilən raket hücumu ilə əlaqədar olaraq hesab gününün gələcəyinə inandığını qeyd edib:

 

"Can Azərbaycanın yanındayıq. Ermənistan Gəncədəki mülki şəxslərə qəhbəcəsinə hücum edib. Alçaq Ermənistanı da, onların arxasında dayanan insan şəklində şeytanları da unutmayacağıq. Əvvəl-axır hesab günü gələcək. O gün kimlərsə gizlənmək üçün siçan deşiyi axtaracaq".

 

Türkiyə Müdafiə Sənayesi qurumunun prezidenti İsmayıl Dəmir Ermənistanın hücumlarına sosial media hesabından reaksiya verib:

 

"Ermənistan bir daha mülki insanları hədəf alaraq insanlığa qarşı cinayət törətdi. Mən bu çirkin hücumu qınayıram. Biz azərbaycanlı qardaşlarımızın yanındayıq və onları tək qoymayacağıq”.

 

Alpər