Siyasət 16:23 26.11.2021

Ermənistanın vəhşi müharibə cinayətləri: Bu həqiqətləri dünyaya necə çatdıraq?

(Yazı "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə hazırlanıb)

44 günlük Vətən müharibəsinin nəticələri Azərbaycan dövlətinin gücünü, xalqın birlik və mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi. Bu 44 gündə Azərbaycan itirilmiş ərazilərini geri qaytarmaqla bərabər, 30 ildir pozulan tarixi ədaləti də bərpa etmiş oldu. Ermənistan dövləti üzərində qazanılan qələbə Azərbaycanın siyasi arenada nüfuzuna da müsbət təsir edərək, onu həm də regionda söz sahibi olan dövlətlərdən birinə çevirdi. 

Ancaq Vətən müharibəsi qələbə, zəfərlə bərabər, öz itkiləri ilə də tarixin yaddaşına yazıldı. Ermənistan tərəfi təkcə döyüş meydanında deyil, Azərbaycanın müxtəlif şəhər və rayonlarında yaşayan sivil əhaliyə qarşı silahlı hücumlar edərək, onlara qarşı terror aktına imza ataraq terrorçu dövlət olduğunu sübut etdi. Ümumilikdə Gəncə, Tərtər, Yevlax, Bərdə və digər ərazilərimizdə baş verən terror aktları zamanı 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Vətən müharibəsinə qədər Azərbaycan I Qarabağ müharibəsi vaxtı işğal edilmiş torpaqları, ermənilər tərəfindən öldürülmüş vətəndaşlarının hüquqlarının qorunması və s. məsələlərlə bağlı hər zaman beynəlxalq ictimaiyyət qarşısında çıxış etmiş, həqiqətləri dünyaya çatdırmaq üçün işlər görmüşdü. 

Vətən müharibəsindən ötən bir il müddətində də ölkəmiz müharibə vaxtı ermənilərin törətdiyi terror aktları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət etmək, həqiqətləri dünyaya çatdırmaq uğrunda yenidən mübarizəsini davam etdirib.

Qaynarinfo bu istiqamətdə görülən işlər, münaqişə və müharibənin dünyaya çatdırılması istiqamətində görülə bilən tədbirləri hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidlə müzakirə edib. 
 
 
 
 
Səyyad Məcid qeyd edib ki, müharibə bitsə də, ermənilərin beynəlxalq və hərbi təcavüz cinayətləri hələ də davam etməkdədir: 

"Bizim bundan sonra görəcəyimiz iş və atacağımız addımlar ermənilərin həmin cinayətlərinin, qeyri-qanuni əməllərinin, faktiki olaraq Azərbaycan ərazisində törətdikləri bütün cinayətlərin qarşısını almaq və bu cinayətlərlə bağlı beynəlxalq ictimaiyyəti maarifləndirmək istiqamətində olmalıdır”. 

Müharibə cinayətləri və medianın gücü 

Səyyad Məcid qeyd edib ki, bu təbliğat, maarifləndirmə - yəni ermənilərin Azərbaycan ərazisində törətdikləri faktiki hərbi cinayətləri dünyaya çatdırmaq üçün ilk növbədə media vasitəsi ilə informasiya savaşı davam etməlidir: 

"İnformasiya savaşının bizim üçün ən önəmli tərəfi ondan ibarətdir ki, bütün baş verən erməni cinayətləri barədə məlumatları biz beynəlxalq ictimaiyyətə ingilis, rus və başqa xarici dillərdə çatdırmağı bacaraq. Buna görə də bizim üçün ilk növbədə bu vəzifələri həyata keçirtmək iqtidarında olan hazırlıqlı kadrlar lazımdır”. 

Təbliğatın iki yolu – media və elm 

Müsahibimiz bildirib ki, bu, iki istiqamətdə olmalıdır:

"Birincisi, media istiqamətidir - yəni kütləvi informasiya vasitələri ilə bu təbliğat həyata keçirilməlidir. Çünki bu gün dünyaya, eyni zamanda daxili auditoriyaya çıxışımız üçün də ən mühim, vacib informasiya vasitəsi bugünkü mediamız, sosial media, çap mediası, televiziyalardır. Biz bunlar vasitəsi ilə təbliğatımızı aparmalıyıq. İkinci istiqamət isə maarifləndirməni aparmaq üçün elmi istiqamətdir. Hüquq, tarix sahəsində mövcud olan alimlərimizin potensialından istifadə etməliyik. Alimlərin bu istiqamətə yönəlik elmi tədqiqatlarını da beynlxalq ictimaiyyətə müxtəlif dillərdə çatdırmalıyıq”. 

Erməni cinayətlərinin hüquqi qiymətləndirlməsi və həlli yoları 

Erməni cinayətlərinin hüquqi həlli istiqamətində atılan addımlardan danışan Səyyad Məcid bildirib ki, bu məsələ ilə bağlı ilk növbədə qeyd eləmək lazımdır ki, beynəlxalq hüquqda bununla bağlı beynəlxalq məhkəmələr fəaliyyət göstərir: 

"Beynəlxalq məhkəmələrdə biz ilk növbədə iddia qaldırmalıyıq. Artıq bildiyimiz kimi, bu proses başlayıb və BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində dövlətlər arası məhkəmə prodesuru qaydasında artıq ötən ay ermənilər, onların törətdikləri irqi ayrı-seçkilik, diskriminasiya hərəkətləri ilə bağlı iddia irəli sürmüşük. Və əlbəttə, gözləyirik, əminik ki, dünya ictimaiyyəti, o cümlədən beynəlxalq ədalət məhkəməsini həyata keçirən hakimlər bu məsələdə ədalətli addım atacaq”. 

Ermənilərin törətdiyi dörd əsas cinayət

Müsahibimiz bildirib ki, ermənilərin törətdiyi dörd əsas beynəlxalq cinayət var ki, bunlar hərbi təcavüz cinayəti, müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırım cinayətləridir. Həmin cinayətləri mühakimə eləməkdən ötrü mütləq şəkildə erməni fərdləri, onların hərbi-siyasi rəhbərliyi mühakimə edilməlidir: 

"Beynəlxalq hüquqda beynəlxalq cinayət məhkəməsi deyilən qurum yaradılıb və bu məhkəmə Roma Statutu (Əsasnaməsi) əsasında fəaliyyət göstərir. Lakin burada bir problem var ki, Azərbaycan həmin beynəlxalq məhkəmənin statutunu hələ ratifikasiya etməyib. Buna görə də biz bu cinayətlərlə bağlı həmin məhkəməyə müraciət etmək imkanına malik deyilik”. 

Həmsöhbətimiz hesab edir ki, biz gələcəkdə bu hüquqi vasitədən, məhkəmə vasitəsindən də istifadə edib, erməni cinayətlərinə lazımı hüquqi qiymət verilməsi ilə bağlı addımlar ata bilərik: 

"Ən nəhayət, onu qeyd eləmək istəyirəm ki, əlbəttə, biz onların hansı qərar qəbul etməsindən asılı olmayaraq, beynəlxalq məhkəmələrdən istifadə etməliyik, eyni zamanada bir vasitə var, o da bizim öz milli məhkəmələrimizdir. 

Universal cinayət yurisdiksiyası prinsipinə əsasən, bizim öz milli məhkəmələrimiz də ermənilərin törətdiyi sadaladığımız dörd cinayətə görə hüquqi mühakiməni həyata keçirə bilər.  Bu da bizim öz sərəncamımızda olan hüquqi vasitələrdən biridir”. 

Müharibə cinayətlərinin araşdırılması və onun həlli ilə bağlı suallara gəlincə isə müsahibimiz bildirib ki, 2020-ci ilin sentyabr, oktyabr aylarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın hərbi əməliyyatlar zonasından tamamilə kənarda olan Tərtər, Bərdə, Gəncə, Mingəçevir, Xızı, Abşeron, Yevlax, Beyləqan və digər şəhər və kəndlərində sivil vətəndaşlar, mülki obyektlər hədəf kimi seçilmişdi: 
 
 

"Bu, əlbəttə ki, beynəlxalq hüquqla qadağan olunmuş əməl idi. Burada beynəlxalq hüquqla qadağan olunmuş silahlardan da müntəzəm olaraq istifadə olunaraq Azərbaycan əraziləri atəşə tutulurdu. Mən müharibə cinayətlərinin araşdırlması ilə bağlı xüsusi olaraq bir faktı qeyd etmək istəyirəm. O dönəmdə Ermənistanın baş nazirinin müşaviri "Rosiyya 1” kanalına müsahibəsində demişdi ki, Azərbaycanın dinc əhalisini bilərəkdən hədəf seçirlər. Yəni o, bunu etiraf eləmişdi. O, müsahibəsinin davamında qeyd edir ki, biz taktika hazırlamışıq ki, artireliya zərbələri endirək, hərbi hava hücumundan müdafiə sistemlərini sıradan çıxaraq, sonra isə dinc əhalinin yaşadığı ərazilərə zərbələr endirərək təşviş yaradaq. Yəni bu, erməni rəsmisinin dilindən çıxan ifadələr idi. Bu ifadələrin özündə müharibə cinayətinin tərkibi var idi”. 

Səyyad Məcid qeyd edib ki, mülki şəxslərə qarşı hərbi cinayət mülki əhalinin qorunması haqqında 12 avqust 1949-cu il 4-cü Cenevrə konvensiyasının bir sıra müddəalarına əsasən qadağan edilir.  Xüsusi ilə qeyd etmək lazımdır ki, həmin konvensiyanın 33-cü maddəsində qeyd olunur ki, mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalinin qorxuya salınması, terror və qisasçılıq hərəkətləri qadağandır. Eyni zamanda 31-ci maddədə mülki şəxslərə fiziki və mənəvi təzyiq, 32-ci maddə də isə mülki şəxslərin fiziki istirablarına və məhvinə qarşı hər hansı bir tədbir qadağan olunur. Bütün bunların hamısı ermənilərin törətdiyi cinayətlrin bilavasitə Beynəlxalq Hüquqa zidd olduğunu sübut eləyən faktlardır. Yəni ermənilərin törətdiyi əməllər bütün beynəlxalq konvensiyalarda nəzərdə tutulan müddəalarla faktiki olaraq ziddiyət təşkil edir. Ona görə də bizim tam mənada həm hüquqi, həm də faktiki əsaslarımız var ki, onları törətdikləri əməllərə görə mühakimə edək. 
 
 

Beynəlxalq məhkəmələr və ikili standart 

Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq məhkəmələrdə olan ikili standartla bağlı fikirlərinə münasibət bildirərkən qeyd edib ki, cənab Prezidentin həmin fikirləri ilə tamamilə razıdır:

"Doğurdan da biz artıq bu 30 il ərzində gördük ki, bütün beynəlxalq təşkilatlar hər zaman Ermənistanın Azərbaycana hərbi təcavüzü məsələsində ikili standartlardan çıxış edib, onlar ədalətli mövqe göstərməyib. Buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tamamilə haqlıdır. Çünki onlar selektiv yanaşma nümayiş etdirirlər bu məsələdə. Ona görə də belə deyək də, bizdə bir növ əminlik yoxdur ki, onları gəlcəkdə biz hətta məhkəmələrə versək, hansısa beynəlxalq instansiyada bu məsələni müzakirə etsək belə, məhkəmələr burda ədalətli mövqe göstərəcəklər. Və buna da əsasımız var. Çünki biz artıq 30 ildir BMT-nin Təhlükəsizlik Şurasının qərarlarının icra olunmama məsələsini, ATƏT-in Minsk Qrupunun fəaliyyətini real olaraq öz gözlərimiz ilə  görmüşük, bunun şahidiyik. Ona görə də bu əsasla bəli, tamamilə bunu deyə bilərik ki, onlar bu məsələlərin həllində ikili standartlar nümayiş elətdirə bilərlər. Amma bütün bunlara baxmayaraq, yenə də ədalətə inamımızı itirmirik, ona görə də məhz o məqsədlə də dünyanın ədalətinin qaldığını düşünürük və beynəlxalq isntansiyalara yenə də müraciət edirik. Gələcəkdə onların bi məsələd hansı addımı atacaqları,  bizim ədalətli mövqemizi dəstəkləyəcəyi və ya dəstəkləməyəcəyi artıq onların vicdan məsələsi olacaq”. 

Azərbaycanın dünyaya çatdıra bildiyi həqiqətlər 

Siyasi şərhçi Fərhad Məmmədov isə qeyd edib ki, uzun illər Azərbaycana münaqişə haqqında informasiyanı çatdırmağa maneə törədilirdi. Bunun əsas səbəbi odur ki, erməni diasporası artıq münaqişə haqqında yalançı bir kontent formalaşdırmışdı. Amma bu onilliklər ərzində Azərbaycan dünyaya bir neçə həqiqəti çatdıra bildi:

"Bu həqiqətlərdən birincisi o idi ki, biz bu aqresiyanın qurbanıyıq. İkincisi, Xocalı Soyqırımı ilə bağlı, üçüncüsü yüz minlərlə insanın qaçqın və məcburi köçkün olması, yəni humanitar məsələ, ən əsası beynəlxalq hüquq konteksində dünya ictimaiyyəti tam olaraq Azərbaycanın mövqeyini qəbul edirdi”. 
  

 
Fərhad Məmmədov qeyd edib ki, müharibədən sonra isə əsas istiqamət Ermənistan tərəfinin törətdiyi cinayətləri çatdırmaq idi. Çünki müharibədən öncə bizim bunu isbatlamaq üçün əlimizdə kifayət qədər fakt yox idi. Erməni tərəfi 2005-ci ildən bu tərəfə işğal edilmiş ərazilərə fakt araşdırıcı missiyaların getməsinə maneələr törədirdi və obyektiv məlumat yox idi. İndi isə əlimizdə Ermənistanın qanunsuz fəaliyyətinə dair konkret vizual həddə görüntülü və onun miqyasını nümayiş etdirən faktlar var. Bu faktlardan birincisi burda qanunsuz iqtisadi fəaliyyətdir. Daha sonra qanunsuz məskunlaşma və ekoloji terrordur:
 
 


"Bütün bunların hamısı artıq faktlaşdırılıb və Ermənistana təzyiq mexanizmi kimi istifadə edilir. Bir il ərzində Azərbaycan maksimum çalışıb ki, bunu dünya ictimaiyyətinə çatdırsın. Elə  "Qarabağ Center” layihəsinə baxsaq, orda bütün bu məsələlərlə bağlı tam təfsilatlı vizual görüntülü və mətn üzrə məlumat verilib. Bütün bunlar əlbəttə, xarici dillərə də tərcümə edilib nümayiş etdirilməlidir. Ermənistanın bu illər ərzində apardığı qanunsuz fəaliyyətlər daim diqqətdə saxlanılmalıdır. Çünki bu, Ermənistan üzərində bir təzyiq mexanizmi kimi daima istifadə edilməlidir”.
 
Günay İlqarqızı 
 
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.