Bəlkə mənə elə gəlir, elə bil cəmiyyət öz məhvərindən çıxır, xətir- hörmət, ədəb-ərkan, əxlaq, mənəviyyat, kişilik, dostluq, bir sözlə, dəyərli ənənələr aşınmaya məruz qalır. İndi necə deyərlər, pərsəng daşdan ağır gəlir, insani münasibətlərin mahiyyəti dəyişir, ağsaqqal, ağbirçək sözü və hörməti qiymətdən düşür, bu ilki sərçə bildirkinə cip-cip öyrətmək istəyir, ağıllı sözlər çəkidən, sambaldan düşərək bəzən də təqibə, təzyiqə məruz qalır. Əsilliyə, xalisliyə, təmənnasız münasibətlərə, kişi sözünə açıq-aşkar ehtiyac duyulur, iynə ucu boyda işıq, nur, şəfqət, xeyirxahlıq sanki qəhətə çəkilir.
Ancaq həyatın, cəmiyyətin, insanlığın keşiyində dayanan mərd kişilər, bizi yıxılmağa qoymayan, tarazlığı və yaxşılığı çiyinlərində daşıyan comərd kişilər bütün zamanlarda yaxşı ad-san qazanaraq, cəmiyyətin döyünən nəbzinə çevrilərək əbədiyaşar ömür qazanıblar. İlk dəfə gördüyün, təmasda olduğun adamı dərhal tanımaq, onunla ünsiyyət qurmaq çox çətin bir iş olsa da, həyatda belə insanlara rast gəlmək mümkündür.
İllər öncə mənim tanıdığım, sözün əsl mənasında, əlahəzrət sözün bütün çalarlarında, mayası ilə, bütövlüyü ilə, nuru, işığı ilə adamı ilk sözü ilə ovsunlayan, KİŞİ adını son nəfəsinədək ləyaqətlə yaşadan Əbülfəz Elçibəy Azərbaycana və bütün Türk dünyasına Allahın bəxş elədiyi peyğəmbər idi.
Adını həmişə qürurla andığım bu böyük insanla tanışlığımız 1984-cü ilə təsadüf edib. Qarabağın dəyərli ziyalılarından biri, yazıçı-publisist Surxay Əlibəyli məni Əbülfəz Bəylə tanış edəndən sonra həyatımın axarı başqa bir səmtə, daha çox öyrənmək, daha çox oxumaq, adamlığın ilk əlifbasını yenidən əxz etmək yoluna tərəf dəyişdi.
Əbülfəz Bəy Allah-Təalanın uca boy-buxun, Allahın kəlamı yazılmış tunc sifət, gözəl nitq verdiyi nadir insanlardan biri idi. Sözün düzü, tanışlığımızın ilk dəqiqələri mənim üçün bir qədər sıxıntılı keçsə də, Əbülfəz Bəy elə bil bunu hiss edərək mənimlə söhbət etməyə başladı. Elə bil məni çoxdan tanıyırdı, dərhal aramızda başqa bir ovqat, səmimiyyət, doğmalıq yarandı.
Bir neçə gündən sonra Əbülfəz Bəy, Surxay müəllim və mən o vaxtlar Bakıda məşhur olan "Zümrüd” restoranına çörək yeməyə getdik. Bəyi burada yaxşı tanıdıqları üçün bizə hörmət- izzətlə qulluq etməyə başladılar. Əslində, çörək yemək bir bəhanə idi, Əbülfəz Bəyin söhbətləri, bütün mövzularda elədiyi təhlillər vaxtın necə keçdiyini bildirmədi. Axşam saat on radələrində bizim stola xidmət edən qadın Əbülfəz Bəyə bildirdi ki, Sizi başqa bir stola dəvət edirlər. Bəy öyrəndi ki, onu dəvət edən görkəmli yazıçı Əkrəm Əylislidir. Bizi də götürüb yazıçının yanına getdi.
Əbülfəz Bəy bizi Əkrəm Əylisli ilə tanış edərək bildirdi ki, bu bəylər Qarabağdan gəliblər, mənim qonağımdılar. Əkrəm müəllimin yanında iki qadın əyləşmişdi. Məlum oldu ki, onlardan biri Rusiyadan, o birisi isə Belarusiyadan olan tərcüməçilərdir. Həmin vaxt böyük yazıçının həm Moskvada, həm də Minskdə kitabları nəşr olunmuşdu.
Yaxşı bir məclis quruldu. Sözün açığı, bu iki şəxsiyyətlə tanış olduğum üçün boğazımdan bir tikə belə keçmirdi. Xüsusilə, ilk dəfə idi ki, yazıçı ilə üz-üzə oturmuşdum, həmin vaxtlarda Əkrəm Əylislinin "Mənim nəğməkar bibim”, "Gilənar çiçəyinə dediklərim”, "Ürək yaman şeydir”, "Anamın pasportu” əsərləri Azərbaycanın ədəbi aləmində sözün yaxşı mənasında bir tufan qoparmışdı. Xülasə, həyəcanım get-gedə arxada qaldı.
Həmin məclisdə Əbülfəz Bəy həm rus ədəbiyyatından, həm də belarus ədəbi mühitindən elə söhbətlər elədi ki, həmin tərcüməçi qadınların ona necə heyranlıqla baxdıqları hələ də gözlərimin qarşısındadır. Çox böyük bir alicənablıqla qadınlara qulluq edən Bəy əsl Kişi böyüklüyünü,əsl türk böyüklüyünü nümayiş etdirirdi. Yeri gəlmişkən, qeyd edim ki, Əbülfəz Bəy o vaxt Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda işləyirdi.
Bu görüşün üstündən bir qədər keçəndən sonra, qış təzə başlayanda Bakıya – Əbülfəz Bəyin Yasamaldakı 9 mərtəbəli binadakı evinə getdik. Sonralar bildim ki, həmin ev Bəyin qardaşının evidir. Axşam saat 9 radələrində bizi çox böyük bir mehribanlıqla, hörmətlə qarşıladı və evdəki qonaqları ilə tanış etdi. Otaqdakı divarlar başdan-başa kitab rəfləri ilə əhatə olunmuşdu, hətta bir çox kitab elə döşəmənin üzərində idi.
Otaqda stol, stul və çarpayı, bir sözlə, kitablardan başqa heç nə yox idi. Döşəməyə xalça, palaz döşənmiş, ocaqqırağı döşəkçələr və mütəkkələr düzülmüşdü. Biz də qonaqlar kimi bardaş qurub oturduq. Bəyin çox mənalı söhbətləri, sual-cavablar, diskussiyalar səhərə qədər davam etdi. Dan yeri ağarmışdı.
Səhv etmirəmsə, Gəncədən olan qonaqlar Əbülfəz Bəyi xaş yeməyə dəvət etdilər. Hamı ayağa duranda, Bəyə dedim ki, qonaqlarından bir nəfərin hərəkəti heç xoşuma gəlmədi. Bəy özünəxas təbəssümlə yavaşca dedi ki, onu tanıyıram, KQB-nin agentidir, neyləyim, onun da uşaqları var, onlara çörək qazanmalıdır.
Bu cavab əsl KİŞİ cavabı idi.
Bu yazıda Əbülfəz Bəyin xarakterini, zəngin mənəviyyatını, kişiliyini qabarıq şəkildə büruzə verən, şahidi olduğum iki məqam haqqında söz açdım, onun müstəqillik, dövlətçilik uğrunda mübarizəsi qocaman tarixin səhifələrinə şərəflə yazılıb.
Əbülfəz Bəy həyatını müstəqil dövlətin qurulması yolunda uf demədən qurban verərək şəhid oldu. Ruhun şad olsun, əsl KİŞİ!
Salman Alıoğlu
Jurnalist
(Əbülfəz Elçibəyin 80 illik yubileyinə həsr olunmuş yazı müsabiqəsinə təqdim edilir)
Şərhlər