Xəbər lenti

Ev almaq istəyənlərə xoş xəbər: Qiymətlər daha da düşəcək
Ekonomiks 17:50 20.09.2020

Ev almaq istəyənlərə xoş xəbər: Qiymətlər daha da düşəcək

Koronavirus pandemiyası bir sıra sahələrdə qiymət artımına səbəb olsa da, bəzi sahələrdə qiymətlərin enməsinə kömək edib. Xüsusilə Azərbaycanın bölgələrində daşınmaz əmlakın qiymətləri ilə bağlı vəziyyət dəyişib. Daha öncəki aylarla müqayisədə bölgələrdə daşınmaz əmlakın qiymətində enmə müşahidə olunur.

Vəziyyətin bu cür davam etməsi real alıcılara daha uyğun zaman seçməyə imkan verir. Real alıcıları isə bir neçə sual maraqlandırır: bu vəziyyət davam edəcəkmi?

Bununla bağlı kiçik monitorinq aparan Rieltorlar Assosiasiyası İctimai Birliyinin rəhbəri Elnur Fərzəliyev ümumi vəziyyəti qiymətləndirib. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin dövründə bəzi ərazilərdə kafe-restoranların fəaliyyətinin dayandırılması bəzi obyekt əmlakların da satış qiymətinə təsir edib. Satışda olan müəyyən obyektlər var ki, ötən ilki qiymətlə müqayisədə cari ildə daha sərfəli qiymətə təklif olunur. Həmin obyektlərin fəaliyyət göstərdikləri müddətdə icarəsi 5 min manat idi. Hazırda isə onlar 1500 manata da icarəyə verilir

Ekspertin dediyinə görə, gündəlik kirayəyə verilən evlərin də qiymətlərində öncəki illə müqayisədə çox böyük fərqlər nəzərə çarpır: 

"Ev sahibləri bu evlər boş qalmasın deyə minimum da olsa ödəniş olunmasını istəyirlər. Bu səbəbdən deyə bilərəm ki, artıq regionlardakı obyektlər, evlər satış qiymətində çox dəyər itirib. Gediş-gəlişin bağlanması onların satış qiymətlərinə çox böyük təsir etdi. Hətta bu cür əmlakların bəzilərində satış qiymətlərində yarıyadək enmə müşahidə olundu".

Ekspert rusiyalı turistlərin hər il daha çox üz tutduğu şimal bölgələrində də turist olmadığından böhran vəziyyətinin yaşandığını və qiymətlərin kəskin endiyini deyir. E.Fərzəliyevin sözlərinə görə, növbəti dalğa gələrsə, qiymətlərdə yenidən enmələr müşahidə olunacaq:

"Əvvəllər tələbat çox idi, torpaq sahələri çox satılırdı. İndi isə qiymətlərdə enmələr var. Torpaq hissələrinin bir qismi məmurlara məxsus olduğundan onlar istəyirlər ki, bu torpaqları satıb adlarından çıxartsınlar. Hətta onlar istənilən normal qiymətə də razılaşsalar da, alıcıları yoxdur. Bundan başqa, bu gün bir çox ölkələrdə COVID-19-un ikinci dalğası müşahidə edilir. Azərbaycanda da bu dalğa təkrarlansa, bu zaman həmin obyektlərdən gəlir əldə olunmayacaq".

Həmsöhbətimizin sözlərinə görə, regionlarda əmlak bazarında 30 faizədək ucuzlaşma var. Yəni, bu müddətdə qiymət artımı ümumiyyələ müşahidə olunmayıb.

İqtisadçı Əkrəm Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün nəinki bölgələrdə, eləcə də Bakıda qiymətlər aşağı düşüb:

"Sadəcə olaraq pandemiya dövründə Bakıda süni yollarla qiymətlərin saxlanılmasına nail olunub. Bu ilin aprelində pandemiyanın təsirlərindən biri kimi İpoteka Fonduna əlavə olaraq 90 milyon manat ayrıldı. Sual oluna bilər ki, ipoteka kreditlərinin pandemiya ilə nə əlaqəsi var?! Sadəcə olaraq, bununla da daşınmaz əmlak bazarında qiymətin tam düşməməsinə nail olundu".

Regionlara gəlinvə, Əkrən Həsənov hesab edir ki, orada qiymətlərin enməsi təbiidir. Çünki son 15 ildə Azərbaycanda qiymətlər süni şəkildə artırılıb. Bu da əsasən ucuz neft pullarının hesabına olub.

"Ölkədə pul çox idi və buna görə də qiymətlər artmışdı. Bu səbəbdən mən əslində mövcud vəziyyəti qiymətin düşməsi kimi deyil, bazarın öz təbii vəziyyətinə qayıtması kimi qiymətləndirirəm. Azərbaycanda daşınmaz əmlakın qiyməti niyə yüksək olmalıdır?! Az qala bu qiymətlər Qərbi və Şərqi Avropa ölkələrindəki kimidir. Düşünürəm ki, bu gedişlə regionlarda, o cümlədən Bakıda da qiymətlər düşməkdə davam edəcək", - deyə həmsöhbətimiz əlavə edib.

Əkrəm Həsənov onu da deyib ki, bu gün banklar daşınmaz əmlakı girov götürəndə də onu çox aşağı qiymətləndirirlər. Bu da onunla izah olunur ki, bu gün banklar qiymətlərin daha da düşəcəyindən xəbərdardılar.

Qeyd edək ki, bu gün daha çox alıcıların üz tutduğu Qəbələdə evlərin qiyməti 32 mindən 300 min manatadək, Qaxda 25 min manatdan 120 min manatadək, Xaçmazda 13 min manatdan 600 min manatadək dəyişir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->