Maqazin 15:45 25.05.2019

Finala bilet alanlar nəqliyyatdan pulsuz istifadə edəcək

Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) mayın 20-dən gücləndirilmiş iş rejiminə keçib.

Qaynarinfo xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, gücləndirilmiş iş rejimi mayın 30-na qədər davam edəcək. Bu çərçivədə yaradılmış Koordinasiya Şurasına BNA rəhbərlik edir.

"Oyun ərəfəsində azarkeşlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək. Bakı Hava Limanına çarter reysi ilə gələn "Çelsi" və "Arsenal" azarkeşləri üçün isə 40 avtobus ayrılıb”, - deyə o qeyd edib. 
 
M.Ağayev onu da bildirib ki, final oyununa akkreditasiyası olan şəxslər mayın 25-dən 30-na qədər, oyuna baxmaq üçün bilet almış azarkeşlər isə mayın 28-dən 30-na qədər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər. 

"Çarter reysi ilə gələn azerkeşlərin isə hava limanından Bakı Olimpiya Stadionuna daşınmasını yerli məqliyyat şirkətlərindən biri həyata keçirəcək və bu proses koordinasiya olunacaq", - deyə o, əlavə edib.