"Azərbaycan "təhlükəli" ölkələr sırasında deyil. Bu da Fransada sığınacaq üçün müraciət edən azərbaycanlı qaçqınların mənfi cavab almalarının əsas səbəblərindəndir".
Bu fikirləri "Report”un Fransa bürosuna Strasburq Vəkillər Kollegiyasının üzvü, hüquqşunas Tyeri Edmond bildirib.
Onun sözlərinə görə, işə baxılarkən qaçqının gəldiyi ölkədə müharibənin, vətəndaşlar arasında açıq toqquşmaların olub-olmaması faktı böyük rol oynayır: "Məsələn, Suriyanı götürək. Bu ölkədə daxili toqquşmalar, münaqişələr zəminində təhlükə də olduqca çoxdur. Sığınacaq hüququ, yəni qaçqın statusu da məhz bu səbəbdən verilir. Əgər hər hansı bir şəxs müxalif fikirlərə, müxalif düşüncələrə sahibdirsə, bu, ona Fransada sığınacaq almaq hüququ üçün əsas vermir. İnsan öz ölkəsində işgəncələrə, təqiblərə məruz qalmalıdır və bu təqiblərin sonu olmadığı sübuta yetirilməlidir. Azərbaycan isə "qırmızı ölkələr" siyahısında deyil. Bu səbəbdən sığınacaq hüququ istəyən azərbaycanlı qaçqınların işinə baxılarkən daha tələbkar mövqe tutulur."
Xatırladaq ki, Fransanın Qaçqınlar və Vətəndaşlığı olmayanlar üzrə İdarəsi (OFPRA) 2015-ci ildə 88,4 faiz, 2016-ci ildə 84,2 faiz, 2017-ci ildə 82,9 faiz, 2018-ci ildə isə 88,9 faiz azərbaycanlı mühacirin müraciətinə mənfi cavab verib.
Şərhlər