Xəbər lenti

G20 sammiti geosiyasi vəziyyətə və iqtisadi münasibətlərə necə təsir edəcək? (ŞƏRH)
Ekonomiks 15:09 02.07.2019

G20 sammiti geosiyasi vəziyyətə və iqtisadi münasibətlərə necə təsir edəcək? (ŞƏRH)

Bu günlərdə bütün dünyanın nəzəri 28-29 iyunda Yaponiyanın Osaka şəhərində keçirilən G20 (Böyük iyirmilik) sammitinə yönəlmişdi.

Dünyanın supergüc hesab olunan ölkələrinin liderlərinin iştirak etdiyi samittin gündəliyindəki "qlobal iqtisadiyyat, ticarət və investisiya, innovasiya fəaliyyəti, ətraf mühit və enerji, məşğulluq, qadının gücləndirilməsi, inkişaf və səhiyyə" kimi 8 əsas məsələdən əlavə son günlər dünyanın geosiyası vəziyyətindəki gərginlikdə müzakirə edildi. 

Dünyanın düzənini dəyişə biləcək bu gərginliklərin aradan qaldırılması baxımından olduqca önəm kəsb edən görüşlər oldu. Qeyd edək ki, Yaponiyanın sədrlik etdiyi G20 sammitində ABŞ, Avropa İttifaqı, Argentina, Avstraliya, Almaniya, Böyük Britaniya, Kanada, Koreya Respublikası, Çin, Fransa, İndoneziya, İtaliya, Hindistan, Meksika, Cənubi Afrika Respublikası, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və Yaponiya ilə yanaşı, İspaniya, Sinqapur, Tailand, Misir, Seneqal, Çili, Vyetnam, Niderland, həmçinin BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Əmək Təşkilatı və digər beynəlxalq qurumlar da iştirak edib.



Zirvə çərçivəsində Rusiya və Türkiyə, ABŞ və Rusiya və ABŞ və Türkiyə prezidentlərinin görüşü xüsusi maraq doğurub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Trump, Rusiya Prezidenti Vladimir Putin, Almaniya Kansleri Angela Merkel və Böyük Britaniyanın Baş naziri Tereza Mey ilə keçirdiyi görüşlərə dair fikirlərini bildirərək, bu görüşləri müsbət hesab edib.

"Donald Trumpla ölkələrimiz arasındakı siyasi, hərbi, ticari əlaqələrin inkişafına böyük töhfə verəcəyinə inandığım, strateji tərəfdaşlığımıza güclü qeydinin aparıldığı çox səmərəli ikitərəfli görüş keçirdik. Vladimir Putinla görüşdə bütün sahələrdə böyüyən və inkişaf edən Rusiya-Türkiyə münasibətlərini daha da irəli və üstün səviyyəyə gətirmək üçün səyləri davam etdirmə mövzusunda razı qaldıq. Fransa Prezidenti Emmanuel Makronla Türkiyə-Fransa münasibətlərinə dair bir çox məsələləri müzakirə etdik, ölkələrimiz arasındakı məsələlərin həllinə və münasibətlərimizi inkişaf etdirməyə yönələn ortaq bir fikrə sahib olduğumuzu təsdiq etdik. Angela Merkellə keçirdiyimiz görüşdə Türkiyə-Almaniya münasibətlərinin gəldiyi səviyyənin necə irəli gedə biləcəyi məsələsində fikir mübadiləsi apardıq" deyə Ərdoğan bildirib.



Bu görüşlər nə ilə yadda qaldı, son günlər gərgin olan geosiyasi vəziyyətə necə təsir edəcək və s. kimi sualara cavab verən politoloq Arzu Nağıyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, G20-nin Yaponiyada keçirilən sammiti demək olar mühüm qərarlarla yadda qalmasa da, ikitərəfli görüşlər öz əhəmiyyəti ilə daha çox gündəmdə oldu:

"İlk olaraq Yaponiya-Rusiya münasibətləri iki ölkə arasında turizm, tələbə, sahibkar mübadiləsi, sıxılmış təbii qazın alqı-satqısı istiqamətində danışıqları ilə diqqəti çəkdi. İkinci maraqlı məqam ABŞ və Çin arasında gedən ticarət "müharibəsi” ilə bağlı oldu və bununla bağlı danışıqların davam etdirilməsi razılaşdırıldı. Ən əsası da "Huawei" şirkətinə qarşı olan sanksiyaların aradan götürüləcəyi və bunun ABŞ milli təhlükəsizliyinə təhdid olmadığı bildirildi”.



Arzu Nağıyev qeyd edib ki, zirvədə Rusiya-ABŞ münasibətlərinə də təsir kifayət qədər maraq doğuran məqamlar olub: "Hətta Putin Trampı 2020-ci ilin 9 mayında, Qələbənin 75 illiyində iştirak etmək üçün Moskvaya dəvət etdi. Bizim üçün də mühüm əhəmiyyət kəsb edən məsələ Tramp və Ərdoğanın görüşü oldu. Əsas məsələ isə Ankaranın Rusiyadan uzaq və orta məsafəli S-400 zenit raket kompleksinin alınması ilə bağlı idi. Vəziyyətin gərginliyinin məhz Barak Obama ilə bağlı olduğunu qeyd edən Tramp "vaxtında Patriot raketlərinin satışına qadağa qoyulmasaydı, belə bir vəziyyət yaranmazdı" deyə xarakterizə edərək, məsələnin öz həllini tapacağını qeyd etdi. 

Təbii ki, Rusiya və Böyük Britaniya rəhbərləri arasında soyuqluq birmənalı şəkildə hiss olunsa da, Rusiya və Almaniya arasında bu görünmədi. Bütün bunlardan sonra yekun qərar qəbul olundu. Ən əsası da ABŞ-ın daima əleyhinə olduğu təbiətin müxtəlif qazlardan və tullantılardan qorunması məsələsi ilə bağlı qərar verildi. ABŞ burda da tam şəkildə Paris razılığına imza atmadı. Bundan başqa enerjidaşıyıcılarının vaxtında çatdırılması ilə bağlı da qərarlar öz əksini tapdı və bu, bizim üçün də mühüm əhəmiyyət kəsb edir. Miqrasiya məsələsi, daha doğrusu, qaçqın və köçkünlərlə bağlı ümumi məxrəcə gəlinməsinin vacibliyi bir daha yekun qərarda öz əksini tapdı. Yəni bütün dövlətlər bu məsələlərdə BMT və digər analoji qurumlarla əməkdaşlıq etməlidirlər. Bir sözlə, dünyanın aparıcı dövlətləri baş verən bütün proseslərdə cavabdeh olduqlarını dərk etməli və gələcək üçün mühüm nəticələr çıxarmalıdırlar”.

Günay İlqarqızı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->