Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR neft emalı zavodunun gələn həftə açılışının həyata keçirilməsi planlaşdırılır.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez məlumat verib.
"Gələn həftə vacib bir layihənin - illik 10 mln. ton emal gücünə malik STAR neft emalı zavodunun açılışı planlaşdırılır”,- nazir deyib.
Qeyd edək ki, STAR zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.
Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. Zavod fəaliyyətə başladıqdan sonra burada ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 160 min ton kükürd və digər məhsullar istehsal olunacaq.
Bu ilin avqust ayında STAR zavodu üçün "Absheron” adlı tankerlə 80 min ton həcmində "AzeriLight” markalı ilk xam neft yükü çatdırılıb.Fəaliyyətə başlama ərəfəsində olan zavodda sınaq məqsədi ilə bu neftin emalı həyata keçirilir.
Şərhlər