Foto 11:17 08.12.2023

Gəncə terrorunda onu dağıntılar altından çıxaran oğlanla evləndi (FOTOLAR)

Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nikah mərasimi olub.

Qaynarinfo xəbər verir ki, mərasimdən fotoları aparıcı Lalə Azərtaş yayımlayıb. O, Talış adlı oğlanla ailə qurub.

"Sevil öz yarı ilə rəsmi nikaha girdi. Allah onları bir ömürboyu xoşbəxt etsin. O qədər sevindim ki, sizinlə bölüşmək istədim. 44 günlük Vətən müharibəsində düşmənin törətdiyi Gəncə terroru nəticəsində hər iki valideynini itirən Sevil və Hüseynin (qardaşı - red.) öz dərd içində qürur rəsmi hələ də gözümüz önündədir. Bu balaların bundan sonra yalnız bu xoşbəxt rəsmlərini görək" deyə, L.Azərtaş bildirib.

Terror hadisəsi yaşanan gecə dağıntılar altında qalan Sevil açıqlamalarından birində onu sinif yoldaşının xilas etdiyini bildirmişdi. Sevilin ailə qurduğu gənc onu dağıntılar altından çıxaran həmin sinif yoldaşıdır.

Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır.

Xatırladaq ki, Sevil və Talışın nişan mərasimi ötən ilin mayında olub.