Bakıda qəzalı evlərdə yaşam mübarizəsi: "Gəlirlər, ölçüb-biçib gedirlər" (VİDEO)
Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında sakinlər bildiriblər ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən evlər qəzalı vəziyyətdədir.
Sakinlərin sözlərinə görə, dövlət qurumlarının əməkdaşları əraziyə baxış keçirərək evlərin qəzalı vəziyyətdə olduğunu təsdiqləyiblər.
Onlar iddia edirlər ki, bir il ərzində köçürüləcəkləri bildirilsə də, bir ildən artıq vaxt keçməsinə baxmayaraq, hələ də köçürülməyiblər.
"50 ildir burada yaşayıram. Balalarım gedib orada-burada qalırlar. Tək özüm qalmışam ki, evdən muğayat olum. Əl-ayağım şişib. Bütün günü suyun içindəyəm. Dərdimizi heç kimə deyə bilmirik. Deyirik, gəlirlər, baxırlar, ölçüb-biçirlər, çıxıb gedirlər", - sakinlərdən biri deyib.
Digər sakin isə bildirib ki, evlərdən yeraltı qrunt suları çıxır və bununla bağlı həm yerli icra hakimiyyətinə, həm də Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
"İcra hakimiyyətindən gəlib yoxladılar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da gəldilər. Rəy verildi ki, bu evlərdə yaşamaq mümkün deyil. 2025-ci ilin sentyabr ayında gəlib bizim evlərimizi ölçdülər, biçdilər, çıxıb getdilər. Dedilər ki, bu gün-sabah, mart ayında evləriniz söküləcək. Artıq sentyabr ayıdır. Burada yaşaya bilmirik", - sakin qeyd edib.
Şərhlər