Qarabağ münaqişəsinin tarixini yalnız 44 günlük müharibədən və ya 2023-cü ilin sentyabr hadisələrindən başlamaq mümkün deyil. Qarşıdurma XX əsrin sonlarında Azərbaycanın ərazi bütövlüyünə qarşı silahlı təcavüzlə başladı və sonrakı üç onillik ərzində beynəlxalq diplomatiyanın əsas mövzularından biri olaraq qaldı. Bu dövrün əsas paradoksu hüquqi və faktiki vəziyyət arasındakı ziddiyyət idi: Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınırdı, lakin ərazilərinin bir hissəsi işğal altında qalırdı.
1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində işğal edilmiş Azərbaycan ərazilərindən qüvvələrin çıxarılması ilə bağlı tələblər irəli sürüldü. Lakin həmin qətnamələrin icrasını təmin edən effektiv mexanizm olmadı. Beləliklə, diplomatik proses davam edir, status-kvo isə dəyişmirdi.
Analitiklərin fikrincə, problemin mahiyyəti də burada idi: işğalın aradan qaldırılmasına xidmət etməli olan danışıqlar prosesi zaman keçdikcə işğal şəraitində aparılan danışıqlar mexanizminə çevrilmişdi.
Azərbaycan uzun illər münaqişənin danışıqlar yolu ilə həllinə sadiq qaldı. Lakin danışıqların məqsədi işğalın aradan qaldırılması, ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin öz torpaqlarına qayıdışı olmalı idi.
2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra proses yeni mərhələyə keçdi. Ermənistan rəhbərliyinin Qarabağdakı separatçı qurumun danışıqlarda ayrıca tərəf kimi iştirakına dair mövqeyi Bakı tərəfindən qəbul edilmədi.
2019-cu ildə Paşinyanın Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı siyasi dialoqda dönüş nöqtələrindən biri oldu. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” cavabı Azərbaycanın mövqeyini ortaya qoydu.
Bu iki ifadə əslində qarşıdurmanın siyasi mahiyyətini ümumiləşdirirdi - bir tərəfdə mövcud vəziyyəti legitimləşdirmək cəhdi, digər tərəfdə Azərbaycanın ərazi bütövlüyünün bərpası tələbi. Həmin dövrdə hərbi ritorika da sərtləşdi. Ermənistanın müdafiə naziri David Tonoyanın 2019-cu ildə “yeni müharibə, yeni ərazilər” kimi təqdim edilən strategiyadan danışması gərginliyi daha da artırdı. 2020-ci ilin iyulunda Tovuz istiqamətində döyüşlər qarşıdurmanın Qarabağ cəbhəsindən kənara çıxdığını göstərdi.

Sentyabrın 27-də genişmiqyaslı müharibənin başlaması ilə 30 ilə yaxın davam edən status-kvo faktiki olaraq dağıldı.
2020-ci il müharibəsi Azərbaycanın hərbi-siyasi mövqeyini kökündən dəyişdi. 44 gün ərzində ərazilərin böyük hissəsi işğaldan azad edildi və 10 noyabr üçtərəfli bəyanatı ilə yeni reallıq formalaşdı.
Lakin müharibə bütün məsələləri avtomatik həll etmədi. Qarabağda separatçı strukturun qalması, Ermənistanın bölgəyə təsiri, silahlı qüvvələrin mövcudluğu və Laçın yolu ətrafında yaranan problemlər yeni gərginlik mənbələrinə çevrildi.
Azərbaycan Laçın yolundan hərbi məqsədlərlə istifadə, mina və silah daşınması, silahlı birləşmələrin təminatı barədə məlumatlar yayırdı. Ermənistan və separatçı qurum isə Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsini önə çıxarırdı.
Beləliklə, 2020-ci ildən sonra əsas sual dəyişdi: məsələ artıq yalnız işğal olunmuş ərazilərin qaytarılması deyil, Azərbaycanın öz ərazisində suverenliyinin tam təmin olunması idi.
2022-ci ildə Praqa görüşlərində Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması istiqamətində mühüm siyasi çərçivə formalaşdı.
Lakin sonrakı proseslər siyasi bəyanatlarla praktiki addımlar arasında ziddiyyətlərin qaldığını göstərdi. Qarabağdakı separatçı qurumun beynəlxalq gündəmdə saxlanılması, 2023-cü ildə keçirilən qanunsuz “seçkilər” və Ermənistan tərəfindən səsləndirilən bəzi mesajlar Bakıda status-kvonun başqa formada qorunması cəhdi kimi qiymətləndirilirdi.
2023-cü il sentyabrın 19-da Azərbaycanın keçirdiyi antiterror tədbirləri bu mərhələyə son qoydu. Separatçı silahlı qüvvələrin müqaviməti dayandırıldı və Azərbaycan suverenliyini bütün ərazisində təmin etdi.
Analitiklərin fikrincə, 2020-ci illə 2023-cü il arasındakı əsas fərq budur- 2020-ci il ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi, 2023-cü il isə suverenliyin tam təmin olunmasını başa çatdırdı.
Bundan sonra Qarabağın statusu məsələsi Azərbaycan-Ermənistan danışıqlarının əsas mövzusu olmaqdan çıxdı.
2023-cü ilin sentyabrından sonra danışıqların siyasi məzmunu kökündən dəyişdi. Artıq əsas məsələ Qarabağın statusu deyil, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin hansı hüquqi-siyasi əsasda qurulacağı idi.
Bu dəyişiklik 2025-ci ilin avqustunda Vaşinqton prosesində mühüm nəticəsini verdi.

Avqustun 8-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin mətnini parafladılar. Eyni gün Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Vaşinqtonda Birgə Bəyannamə imzaladılar.
Sənədlərdə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında münasibətlərin qurulması, regional kommunikasiyaların açılması və ATƏT-in Minsk prosesinin bağlanması istiqamətində addımlar nəzərdə tutuldu.
Burada əsas məsələ sənədin özündən daha genişdir- otuz ildən artıq davam edən münaqişənin siyasi gündəliyi dəyişib.
ATƏT-in Minsk Qrupu uzun illər Qarabağ münaqişəsinin beynəlxalq diplomatik mexanizminin əsas elementlərindən biri idi. Onun bağlanması ilə bağlı Azərbaycan və Ermənistanın ortaq mövqeyə gəlməsi bu baxımdan simvolik əhəmiyyət daşıyır. Çünki Minsk Qrupunun yaradılmasına səbəb olan siyasi vəziyyət artıq əvvəlki formada mövcud deyil.
1990-cı illərdə münaqişənin həlli üçün yaradılmış mexanizm 2025-ci ildə artıq münaqişənin yeni mərhələsinə uyğun hesab olunmur.
Bu, sadəcə bir strukturun fəaliyyətinin başa çatması deyil. Bu, münaqişənin əvvəlki siyasi modelinin tarixə çevrilməsidir.
Sülh yalnız sənədə imza atmaq deyil. Davamlı sülh üçün tərəflərin yeni reallığı qəbul etməsi, qarşılıqlı öhdəliklər götürməsi və gələcək qarşıdurma risklərini azaldan mexanizmlər yaratması lazımdır.
Azərbaycan üçün əsas məsələ ərazi bütövlüyü və suverenliyin bərpasından sonra əldə olunan nəticələrin hüquqi-siyasi çərçivədə möhkəmləndirilməsidir.
Ermənistan üçün isə yeni mərhələ Azərbaycanla münasibətlərin normallaşdırılması, dövlətlərarası sülh mexanizminin qurulması və regional kommunikasiyaların açılması deməkdir.
Bu baxımdan “Ermənistan sülhə məcbur edildi” ifadəsi siyasi diskursda geniş işlədilsə də, prosesin daha dəqiq izahı budur: 2020 və 2023-cü illərdə yaranan hərbi-siyasi reallıq əvvəlki status-kvo üzərində qurulan siyasətin davam etdirilməsi imkanlarını ciddi şəkildə dəyişdi. İndi sülhün davamlılığı hərbi gücdən çox, hüquqi öhdəliklərin icrasından asılı olacaq.

Vaşinqton sənədlərində Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən bağlantının yaradılması məsələsinin yer alması da təsadüfi deyil.
Otuz il ərzində regionun kommunikasiya xətləri qarşıdurmanın təsirində qaldı. İndi həmin xətlər əməkdaşlıq və iqtisadi inteqrasiya vasitəsinə çevrilə bilər.
Azərbaycan üçün Naxçıvanla quru əlaqənin yaradılması strateji əhəmiyyət daşıyır. Ermənistan üçün isə regional nəqliyyat layihələri iqtisadi imkanlar yarada bilər.
Deməli, postmünaqişə dövrünün əsas sualı yalnız “sülh olacaqmı?” deyil. Daha mühüm sual budur- sülh regionu necə dəyişəcək?
Müharibənin nəticələri yalnız xəritə ilə ölçülmür.
İşğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin yenidən qurulması, yolların, enerji sistemlərinin, məktəblərin, xəstəxanaların və yaşayış məntəqələrinin yaradılması postmünaqişə siyasətinin əsas istiqamətlərindəndir.
Suverenlik yalnız əraziyə nəzarət deyil. Onun sosial məzmunu insanların geri qayıtması, dövlət xidmətlərinin göstərilməsi və iqtisadi həyatın bərpasıdır.
İşğalın mirası isə dağıdılmış binalarla məhdudlaşmır. Minalanmış ərazilər, dağıdılmış dini və mədəni abidələr, ekoloji zərər və uzun illər məcburi köçkün həyatı yaşayan insanların qayıdışı da postmünaqişə gündəliyinin tərkib hissəsidir.
Analitiklərin fikrincə, Azərbaycanın qarşısında indi hərbi deyil, siyasi-strateji xarakterli vəzifə dayanır- müharibədə əldə edilən nəticəni davamlı sülhə çevirmək.
2020-ci il hərbi reallığı dəyişdi. 2023-cü il suverenlik məsələsini tamamladı. 2025-ci il isə yeni reallığın diplomatik-hüquqi çərçivəyə salınması istiqamətində mühüm mərhələ oldu. Bu ardıcıllıq Qarabağ tarixinin əsas siyasi xəttini təşkil edir. Azərbaycan əvvəlcə ərazi bütövlüyünün bərpası məsələsini həll etdi, sonra suverenliyini tam təmin etdi və bundan sonra dövlətlərarası sülh gündəliyinə keçdi.
İndi əsas məsələ qələbənin nəticələrini geri dönməz siyasi reallığa çevirməkdir. Çünki müharibəni bitirmək bir mərhələdir. Sülhü qorumaq, sülhü regional əməkdaşlığa çevirmək və yeni reallığı uzunmüddətli sabitliyə transformasiya etmək isə daha uzun prosesdir.
Siyasət şöbəsi
Şərhlər