Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətləri Gəncədə iyulun 10-da baş vermiş iğtişaş zamanı iki polis zabitinin qətlə yetirilməsində əsas iştirakçılardan olan Rəşad Böyükkişiyevin zərərsizləşdirildiyi barədə birgə məlumat yayıb.
Qaynarinfo xəbər verir ki, birgə məlumata görə, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində iki polis zabiti şəhid olmuşdu.
"Bu cinayətin iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində Dövlət Başçısının şəxsi nəzarəti altında intensiv surətdə davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib.
Gəncədə asayişin pozulmasının qarşısı alınarkən polis əməkdaşlarına ilk hücum edənlərdən biri - Samir İbrahimovun da gizləndiyi yer müəyyən edilib və keçirilmiş əməliyyat tədbirləri ilə yaxalanıb.
Bütövlükdə qeyd olunan cinayətin fəal iştirakçılarından 11 nəfərin tutulması təmin olunub, biri isə məhv edilib.
Törədilmiş qanlı cinayətin bütün iştirakçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Görülən işlərin gedişi barədə əlavə məlumat veriləcək”,-deyə rəsmi məlumatda bildirilib.
Şərhlər