"İsti havalarda gün ərzində 3 litrə yaxın təmiz su qəbul edilməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Abdulla Şıxlinski son günlər günvurma hallarının çoxalmasından danışarkən bildirib.
Həkim deyir ki, havaların istiləşməsi ilə əlaqədar, xüsusən də uşaqlarda, yaşı 50-dən yuxarı, xroniki xətəlikləri və eyni zamanda müəyyən emosional gərgin vəziyyətdə olan insanlarda tez-tez günvurma baş verir:
"Havanın temperaturu qalxdıqca bədənin mübadilə prosesləri güclənir. Bir tərəfdən xaricdən olan istilik, bir tərəfdən də bədənin özünün istiliyi. Xaricdə olan istilik qaraciyərin funksiyasını intensivləşdirir. Bu zaman qaraciər daha güclü işləyir və eyni zamanda bədənin özünün istiliyini artıran maddələr daha çox yaranır. Bütün orqanizmin biokimyəvi statusu dəyişir. Bu vaxt yuxarıdakı sadaladığım kateqoriyadan olan insanlarda tez–tez günvurma halları baş verir".
Həkim ekspert günvurmanın əlamətlərini də açıqlayıb:
"Qəfil baş gicəllənmə, ürək bulanma, şiddətli baş ağrıları, gözdə ikili görmə, daha ağır hallarda ətraf aləmin qavramasının pozulması və s. Daha ağır hallarda qaytarma, huşun itirilməsi, bədən hərarətinin və kəllədaxili təzyiqin artması kimi əlamətlər ilə özünü biruzə verir. Ona görə də günvurmanın Bakıda, eləcə də Azərbaycanın aran rayonlarında baş vermə ehtimalı daha böyükdür. Günvurmaya həddindən artıq kalorili qidlarla qidalanan insanlarda daha çox rast gəlinir".
Həkim insanları düzgün qida rejiminə əməl etməyə səsləyib:
"İsti günlərdə gün ərzinə bir dəfə yemək yeyilməlidir. İkinci yeməyə ehtiyac yoxdur. Havanın temperaturu yuxarıdırsa, ancaq səhərlər bir dəfə yemək məsləhətdir. Onda da ağır qidalardan çəkinmək lazımdır. Azərbaycanda bəzi adamlar tezdən bozbaşı, plovu qarşısına qoyub doyunca yeyir. Bəziləri isə bu yeməklərlə axşam qidalanır. Qətiyyən olmaz. Yayda balıq yemək ümumiyyətlə olmaz. Yüngül yeməklər - süd mənşəli yeməklər, qatıq, kəsmik, pendir, yarı süd-yarı suda bişirilən sıyıqlar və s. Gün ərzində çoxlu təmiz su qəbul eləmək lazımdır. Həddindən artıq soyuq su içmək ziyandır, çünki bu, qaraciyərin fəaliyyyətini pozur, ödün qaraciyərdən xaric olunmasının qarşısını alır. Belə insanlarda öd qatlaşır və bu da öd daşı xəstəliklərinə səbəb olur. Buna görə suyu sərin vəziyyətdə içmək məsləhət görülür. Soyuq su zərərlidir, şirin içkilərdən də uzaq durun. Bu, qanda şəkərin miqdarını artırır”.
Tibbi ekspert Müşfiq Hüseynov da günvurmadan qorunma yollarını izah edib:
"Klassik qorunma metodları. Günün qızmar vaxtı – saat 1-5 arası maksimum dərəcədə günəş altında olmamaq, lazım gəlməyincə evdən çıxmamaq, bol su qəbulu və yüngül yeməklərlə qidalanmaq məsləhətdir. Saat 07:00-dan sonra küçəyə çıxıla və ya dənizə gedilə bilər. Əsasən yüngül, səbzəli yay yeməkləri olan lobya, badımcan, pomidor və bibərli yeməklərə üstünlük versinlər. Ətli və yağlı yeməklərdən qaçmaq tövsiyə olunur”.
Bahar Rüstəmli
Şərhlər