"Gürcüstan-Azərbaycan sərhəddində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhədçilərimizə qarşı təxribat baş verib. Bu hadisəyə görə Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağrılıb, izahat istənilib. Gürcüstan tərəfi də bu məsələnin araşdırılacağını bildirib. Əminik ki, bu təxribatdır, iki dövlət arasında dostluğa, qarşılıqlı münasibətlərə kölgə salmaq cəhdidir”.
Bunu "Report”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamilə Əliyeva deyib.
Deputat qeyd edib ki, bu cür addımlar Gürcüstan-Azərbaycan arasında qarşılıqlı münasibətlərə təsir göstərməyəcək: "Bunun mənfi təzahürü olacağına inanmıram. İyulun 14-də baş verən hadisə araşdırılır. Yəqin ki, təxribatı törədənlər layiqli cəzalarını alacaqlar. Bir daha qeyd edirəm ki, bu cür təxribatlar iki dövlət arasındakı münasibətləri korlaya bilməz”.
K.Əliyeva vurğulayıb ki, Azərbaycan tərəfi məsələnin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır: "Kimsə deyə bilər ki, Azərbaycan tərəfi hadisəyə sərt reaksiya versin. Amma burada əsas məsələ düzgün siyasət yürütməkdir. Belə təxribat hansısa qrup tərəfindən də törədilə bilər, ona görə bunu dövlət səviyyəsində baş verən hadisə kimi qiymətləndirmək olmaz. Düşünürəm ki, sərt cavab vermək düzgün olmaz. Gürcüstan tərəfi də vətəndaşların bu addımını pisləyib. Ona görə də Azərbaycan tərəfindən hər hansı sərt reaksiya verilməsi düzgün deyil”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Report”a açıqlamasında deyib ki, Azərbaycan Gürcüstanla strateji tərəfdaşdır və Azərbaycan bu münasibətləri davam etdirməkdə maraqlıdır, amma Gürcüstanın Azərbaycanla bağlı apardığı xarici siyasəti ciddi suallar doğurur.
Politoloq xatırladıb ki, bir müddət öncə, Gürcüstanın Prezidenti Sаlome Zurabaşvili Azərbaycana gəlib, bu məsələ müzakirə olunub: "Azərbaycan rəsmi şəkildə qərar verdi ki, danışıqlar sürətləndirilsin. Buna baxmayaraq, təxribatların ardı-arasının kəsilmədiyini görürük. Məntiqsiz tərəf odur ki, Gürcüstanın Rusiya ilə münasibətləri kəskinləşib, Azərbaycanla sərhəddə təxribatlar törədilir, sərhədçilərimizə hücumlar təşkil edilir”.
E.Şahinoğlu qeyd edib ki, bunun qarşılığında Azərbaycan siyasətini sərtləşdirməlidir: "İzah etməliyik ki, bu siyasət davam edərsə, Azərbaycanla münasibətlərə kölgə sala bilər. Danışıqlar axarı ilə getməlidir. Rəsmi Tbilisiyə diplomatik dildə izah edilməlidir ki, Azərbaycanla münasibətləri gərginləşdirmək Gürcüstana fayda verməyəcək. Onsuz da Gürcüstanın problemləri həddindən artıq çoxdur. Rusiya ilə münasibətləri gərgindir, Abxaziya və Osetiyanı itirib və s. Gürcüstan Azərbaycanla da münasibətləri gərignləşdirsə, siyasi və iqtisadi xaosa yuvarlanacaq. Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili vurğulayırdı ki, Azərbaycanın dəstəyi olmasaydı, Gürcüstan ayaqüstə dayana bilməzdi. Bu, indi də belədir. Çox təəssüflər olsun ki, təxribatların qarşısı alınmır. Düzdür, iyulun 14-dəki təxribatdan sonra Gürcüstanın xarici işlər naziri açıqlama verdi ki, danışıqlar getdiyi zaman belə hallar yolverilməzdir. Sadəcə, sual yaranır ki, həmin insanlar sərhəddi necə keçiblər? Axı Gürcüstan tərəfdən də sərhəd mühafizəsi var, niyə nəzarət etmirlər? Deməli, təxribatların arxasında Gürcüstandakı müəyyən mərkəzlər dayanır. Ola bilər ki, üçüncü qüvvə iki ölkə arasında münasibətlərin gərginləşməsini istəyir. Əgər belədirsə, Gürcüstan özü bununla məşğul olmalıdır, gərginlik yaradan amilləri ortadan qaldırmalıdır”.
Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan torpağını bir qarış da güzəştə getməməlidir: "Biz güzəştlərlə Qarabağı itirdik. Eyni səhvi təkrarlaya bilmərik. Danışıqlar davam etdirilməli, sərhəd xəttləri müəyyənləşdirilməlidir. Gürcüstan təzyiqlə Azərbaycanda torpaq qopara bilməz. Sadəcə, məbədin birgə istifadəsi ilə bağlı fikir mübadiləsi aparıla bilər. Qəribədir, kompleksin çox hissəsi Gürcüstan tərəfə düşür. Onlar bizə ərazi iddiası irəli sürürlər. Belə olan halda, biz də ərazi iddiası qaldıra bilərik. Bu da Gürcüstan-Azərbaycan münasibətləri üçün yaxşı nəsə vəd etmir”.
Şərhlər