Xəbər lenti

Gürcüstan Qərbə qarşı daha bir addım atdı (ŞƏRH)
Dünya 21:45 08.06.2024

Gürcüstan Qərbə qarşı daha bir addım atdı (ŞƏRH)

"Xarici agent haqqında” qanunun qəbulundan sonra LGBT-nin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı parlamentə təqdim edilən sənəd Qərbə qarşı demarş hesab edilə bilər. Amma buna görə Tiflisə hansısa bir təzyiq olmayacaq. Onsuz da Qərb "xarici agentlər haqqında” qanuna görə Tiflisə müəyyən sanksiyalar tətbiq edib”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov deyib.

A.Qasımov bildirib ki, Gürcüstan Qərbin həssas nöqtələrini sınayır, eyni zamanda, Rusiyanın maraq dairəsinə qayıtdığı mesajını verir. Amma ekspertə görə məsələ ondadır ki, LGBT haqqında hansısa qərarın qəbulu kimlərəsə mesaj vermək və ya dövlətin strateji xəttinin yönünü elan etməsi baxımından cılız hadisədir:

"Dövlət öz siyasi xəttini bu kimi addımları atmaqla verəcək olsaydı, bu kimi mürəkkəb siyasi gedişlərə ehtiyac qalmazdı”. 
 


Həmsöhbətimiz hesab edir ki, qeyd edilən qanunların qəbul edilməsi sadəcə publukaya oynamaq, daha çox səs-küyə səbəb olmaq kimi qəbul etmək lazımdır:

"Hər hansı bir ölkə LGBT-ni məhdudlaşdırmaqla Qərbdən uzaqlaşmır. Onda Gürcüstan höküməti marixuana satılmasına icazə barədə qərarını da dəyişsin. Gürcüstanda marixuana açıq satışda satılır”. 

Ekspert düşünür ki, bu qanunu gündəmə atmaqla rəsmi Tiflis əslində başladığı oyunu başa çatdırmaq istəyir: "Qərb və Aİ onsuz da Gürcüstana təzyiq edir. Hansısa qanunlar qəbul etməklə insanların Qərblə əlaqəsini kəsmək olmaz. İnsanlar azad və demokratik cəmiyyət istəyirsə, bu, onların şəxsi və təbii istəyidir. Bunun qarşısını almaq mümkün deyil. Görünən odur ki, rəsmi Tiflis başladığı oyunu başa çatdırmaq istəyir. Rusiyaya xoş görünmək prosesini davam etdirir. Bununla da hesab edir ki, nə vaxtsa Rusiya onların işğal etdiyi əraziləri geri qaytaracaq. Amma sadə həqiqət odur ki, xalqın istəyi gec-tez həyata keçir. Odur ki, növbəti payız seçkiləri hər şeyi yerinə oturdacaq”. 

Qeyd edək ki, Gürcüstan hakimiyyəti parlamentə LGBT təbliğatını qadağan edən qanun layihələri paketini təqdim edib. Bu barədə hakim "Gürcü Arzusu” Partiyasının baş katibi Kaxa Kaladze bildirib. Paket "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” əsas qanun layihəsindən və Mülki və Əmək məcəllələri də daxil olmaqla, mövcud qanunvericiliyə dəyişiklik edən 18 qanun layihəsindən ibarətdir. Parlamentin spikeri Şalva Papuaşvilinin sözlərinə görə, paket səkkiz əsas məsələni tənzimləyir. "Gürcü Arzusu” paketi yaz sessiyasında birinci oxunuşda qəbul etməyi, sonra isə payızda baxılmağa davam etməyi planlaşdırır. Bəllidir ki, LGBT Qərb dövlətlərinin insan haqları kimi dəyər verdiyi bir mövzudur. Belə olan halda "Xarici agentlər haqda” qanundan sonra növbəti "anti-Qərb” sənədinin qəbulunun görəsən Tiflis üçün bədəli nə ola bilər? 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->