Batumi şəhərində "Gürcüstan uğrunda" müxalifət partiyasının lideri, keçmiş baş nazir Georgi Gaxariya hücuma məruz qalıb. Onun beyin silkələnməsi və burnunun sındığı bildirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Gürcüstan Xəbərləri" məlumat
yayıb.
Hücum gecə saatlarında Batumidəki "Sheraton" otelinin vestibülündə baş verib. Hadisənin şəraiti və iştirak edən şəxslərin sayı barədə ətraflı məlumat verilmir. Şahidlərin dediyinə görə, döyülmədə hakimiyyət partiyasının tərəfdarı olan "Xalqın Gücü" hərəkatının deputatı Dmitri Samxaradze və Acarıstan Ali Şurasının üzvü, hakimiyyət partiyasından olan Georgi Manvelidze iştirak ediblər.
Məlumatlara görə, hadisə yerinə patrul polisi çağırıldıqdan yalnız 40 dəqiqə sonra gəlib, təcili tibbi yardım isə daha tez çatıb.
Polis döyülmə hadisəsi ilə bağlı cinayət məcəlləsi üzrə istintaq başladığını elan edib, lakin deputatların hadisədə iştirakına dair şərh verməkdən imtina edib.
Gaxariya müayinə üçün xəstəxanaya aparılıb. Həkimlərin bildirdiyinə görə, o, saat 02:30-da xəstəxanaya gətirilib, lakin diaqnostikadan sonra müalicəni davam etdirməkdən imtina edib. Onun burnunun sındığı və beyin silkələnməsi olduğu təsdiqlənib.
Gaxariyadan başqa, həmin yerdə jurnalist Zviad Koridze də ona hücum edildiyini bildirib. O deyib ki, hadisə Gaxariya ilə bağlı insidentdən əvvəl, o, həyat yoldaşı ilə otelin vestibülündə oturarkən baş verib. Sözügedən Samxaradze və onunla birlikdə olan qadın Koridzenin yanına gəlib, ona və "Vahid Milli Hərəkat" partiyasına qarşı təhqiramiz sözlər səsləndirməyə başlayıblar. Onlar getdikcə daha aqressiv davranıblar, daha sonra isə digər şəxslər də onlara qoşulublar. Jurnalist hadisədən əvvəl qoruma xidmətinə yaxınlaşıb yardım istəyərkən, kimsə ona zərbə endirib.
Keçən həftəsonu Tbilisi və Batumidə avropayönlü etiraz aksiyaları zamanı təxminən 30 nəfər saxlanılıb.
Xatırladaq ki, Gürcüstanda ölkənin avropayönlü gələcəyi və yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə təxminən 50 gündür etirazlar davam edir.
Müxalifət qüvvələri parlament seçkilərinin nəticələrini tanımayıb, parlamentin işini boykot edir və ilk dəfə birbaşa səsvermə ilə seçilməyən "prezident" Mixeil Kavelaşvilinin andiçmə mərasimini qəbul etmirlər. Andiçmədən dərhal sonra Kavelaşvili mitinqlərdə maska və pirotexnikanın qadağan olunmasını nəzərdə tutan qanunlar da daxil olmaqla bir sıra qanunları imzalayıb.
Baltikyanı ölkələr, İsveç, Danimarka, İslandiya, Norveç və Finlandiya Gürcüstan hakimiyyətini etirazçılara qarşı zorakılığı dayandırmağa və yeni seçkilərin keçirilməsi imkanını nəzərdən keçirməyə çağırıb.
Almaniya, Polşa və Fransa isə Gürcüstan hakimiyyətinə müxalifətlə və vətəndaş cəmiyyəti ilə "səmimi dialoqa" başlamaq çağırışı edib.
Alpər
Şərhlər