Ekonomiks 11:02 13.02.2024

Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi nə vəd edir? (ŞƏRH)

"Bu yanaşma yalnız neft sahəsində çalışanlara deyil, bütün zərərli peşələrdə çalışanlara şamil olunmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na etdiyi dəyişiklikdən danışarkən deyib. 

Ekspertin sözlərinə görə, hökumət bu sahələrlə məşğul olan qurumlarla bağlı araşdırma aparmalıdır: 
 


"Araşdırılma nəticəsində ölkə iqtisadiyyatında zərərli sahələr aşkarlanmalıdır. Zərərli sahələrdə çalışan işçilərin hamısı güzəştli şərtlərlə pensiya hüququna malik olmalıdır. Bu qərarla təkcə neft  sahəsinə aid olan zərərli peşələrin sahiblərinə güzəştin verilməsi müəyyənləşdirilib. Bunun özü  müsbətə doğru addımdır. Düzdür, bu gün neft ölkəyə pul gətirir. Amma kimsə neft sahəsində çalışır, kimsə kimyəvi zavodda işləyir. Bunlar zərərli  peşələr sayılır". 

Akif Nəsirli qeyd edib ki, bu gün zərərli peşələrin müxtəlif sahələri var:

"Məsələn, yod hasilatı zərərli peşələrdir. Kommunal təsərrüfatda çalışan işçilər var, biz onlara zibil yığanlar deyirik. Yəni tullantıları yığan insanlar, bu da zərərli peşədir. Kanalizasiya sahəsi zərərlidir. Hökumət vətəndaşın bu zərərli işinə görə bədəlini ödəməlidir. İmkan verməməlidir ki, adam yataq şəraitinə kimi işləsin. Bu müəyyən bir mərhələdə dayanmalıdır. Orqanizmin ahıl yaşına kimi yaşaması üçün özünə güc saxlamalıdır". 

Qeyd edək ki, Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na dəyişiklik edib. Yeni dəyişikliklər ilə güzəştli şərtlər ilə pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısı genişləndirilib. Belə ki, neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarət-ölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər, əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar, qazpaylayıcı stansiyanın operatorları daha tez pensiyaya çıxa biləcəklər. 

Bahar Rüstəmli