Xəbər lenti

"8 yaşı tamam olanda onu aparacaqlar" - Əfqanıstanda azyaşlılar ərə verilir
Dünya12:07 14.10.2026

"8 yaşı tamam olanda onu aparacaqlar" - Əfqanıstanda azyaşlılar ərə verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əfqanıstanda Taliban hakimiyyətə qayıtdıqdan sonra uşaq nikahlarının artdığı bildirilir. Qızların təhsildən məhrum edilməsi, dərinləşən yoxsulluq və ailələrin borclarını ödəmək üçün çıxış yolu axtarması azyaşlıların erkən yaşda nikaha verilməsinə səbəb olur. Bəzi ailələr isə qızlarını hələ körpə ikən gələcək həyat yoldaşlarına vəd edir. Araşdırmaya görə, bu uşaqlardan bəziləri yeddi-səkkiz yaşlarına çatanda ailələrindən alınacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Guardian” nəşri ilə əməkdaşlıq çərçivəsində hazırlanan və “Zan Times” tərəfindən dərc olunan araşdırmada bildirilir.

Araşdırmada adı dəyişdirilərək Sima kimi təqdim olunan 18 yaşlı əfqan qadının hekayəsi ölkədəki vəziyyətin miqyasını göstərir. O, artıq dörd dəfə ana olub. Ən kiçik övladı yenicə dünyaya gəlib, ən böyüyünün isə dörd yaşı var. Sima Əfqanıstanın Bəğdis vilayətində çiy kərpicdən tikilmiş evdə uşaqları ilə birlikdə yaşayır.

Qadının sözlərinə görə, Taliban ölkəyə daxil olanda o, altıncı sinfi yenicə bitirmiş və yeddinci sinfə başlamağa hazırlaşırmış. Lakin bundan iki ay sonra atası onu əmisi oğlu ilə evləndirmək üçün təzyiq göstərməyə başlayıb.

“Atam məni bir neçə dəfə döydükdən sonra razılaşmağa məcbur oldum”, deyə Sima bildirib.

O, cəmi 13 yaşında gəlin olub. Hazırda da yaşadığı evdə uşaqlarını dünyaya gətirib. Övladlarından biri bir yaşında olarkən pnevmoniyadan vəfat edib. Sima üç uşağa qulluq etməklə yanaşı, bütün ev işlərini də özü görür. Su daşıyır, inəklərə baxır, təndirdə çörək bişirir. O, danışarkən azyaşlı uşaqları ayaqlarından yapışaraq ağlayırlar.

Uşaq yaşında analıq edənlərin sayı artır

Araşdırma göstərir ki, Simanın yaşadıqları Əfqanıstanda tək-tük rast gəlinən hadisə deyil. Ölkənin şimalındakı dövlət xəstəxanalarından birində bu ilin ilk beş ayı ərzində yetkinlik yaşına çatmamış 42 qız uşaq dünyaya gətirib. Xəstəxana əməkdaşları ilə aparılan müsahibələr zamanı məlum olub ki, həmin qızlardan altısı ikinci hamiləliyində olub, beşində isə uşaqlıqdan kənar hamiləlik qeydə alınıb. Bu, ana ölümü riskini artıran əsas amillərdən biridir.

Həmin müddətdə 18 qıza qeysəriyyə əməliyyatı aparılıb. İki ana doğuşdan sonra həyatını itirib, körpələri isə sağ qalıb.

Məqalədə bildirilir ki, uşaq nikahlarının artmasına bir neçə amil təsir edir. Bunların sırasında Talibanın siyasəti, qızların təhsildən kənarlaşdırılması və ailələrin üzləşdiyi ağır iqtisadi vəziyyət xüsusi yer tutur. Bəzi valideynlər borclarını ödəmək və ya ailəyə ərzaq almaq üçün qızlarını gələcək nikaha vəd edirlər.

“Zan Times” Simadan başqa, doqquz yaşına çatmamış qızlarını borclarının əvəzi kimi nikaha vəd etmiş üç ailə ilə də danışıb. Həmin uşaqlardan ən kiçiyinin gələcək gəlin kimi vəd edildiyi vaxt cəmi iki aylıq olduğu bildirilir. Ailələr qızlarını yeddi-doqquz yaşlarına çatanda qarşı tərəfə təhvil verməyə razılaşıblar.

Əfqanıstanda çalışan mamaça Şəbnəm də uşaq yaşında analıq edənlərin sayının kəskin artdığını deyir. Onun sözlərinə görə, Taliban hakimiyyətə gəlməzdən əvvəl xəstəxanaya ay ərzində təxminən iki belə ana müraciət edirdi və onların əksəriyyəti savadsız ailələrdən olurdu. İndi isə erkən nikahlar həm təhsilli, həm də təhsilsiz ailələr arasında yayılmağa başlayıb.

13 yaşlı qızın faciəsi: “Digər uşaqlarımı yedizdirmək üçün birini qurban verdim”

Şəbnəm 2024-cü ildə baş verən hadisələrdən birini də xatırlayır. Həmin vaxt onun yanına 13 yaşlı qız gətirilib. Qız düşük keçirib və güclü qanaxmadan əziyyət çəkib.

Mamaça uşağın anası ilə danışaraq qızının niyə təxminən 30 yaş böyük kişi ilə evlənməsinə icazə verdiyini soruşub. Aldığı cavab isə onun yaddaşında dərin iz buraxıb.

“Digər uşaqlarımı yedizdirmək üçün onlardan birini qurban verməli oldum”, deyə ana bildirib.

Şəbnəmin sözlərinə görə, bəzi ailələr arasında ana nə qədər gənc olarsa, dünyaya gətirdiyi uşağın bir o qədər sağlam və ağıllı olacağına dair yanlış inanc da mövcuddur. Halbuki yeniyetmə yaşında hamiləlik həm ana, həm də körpə üçün ciddi təhlükələr yaradır.

Fiziki və psixoloji inkişafı tamamlanmamış qızlar güclü qanaxma, qanazlığı, düşük, çətin doğuş və vaxtından əvvəl doğuş kimi problemlərlə daha çox üzləşirlər. Onların az çəkili və ya müxtəlif sağlamlıq problemləri olan körpələr dünyaya gətirmək ehtimalı da yüksəkdir.

Sima özü də erkən yaşda ana olmağın ağır nəticələrini yaşadığını deyir. Onun sözlərinə görə, hamiləlik dövründə qan təzyiqi kəskin aşağı düşdüyündən bir neçə dəfə huşunu itirib. İndi də davamlı baş və böyrək ağrılarından əziyyət çəkir.

“Həmişə başım ağrıyır. Böyrəklərim ağrıyır. Özümü ağrılar içində olan 70 yaşlı insan kimi hiss edirəm”, deyə o bildirib.

Şəbnəm əlavə edir ki, ailələr bəzən qeysəriyyə əməliyyatına da qarşı çıxırlar. Onlar bu əməliyyatın qadının gələcəkdə yenidən hamilə qalmaq imkanlarını məhdudlaşdıracağını düşünürlər. Mamaçanın sözlərinə görə, onun nəzarətində olan iki gənc ana yaxın vaxtlarda doğuş zamanı həyatını itirib. Ərləri gələcəkdə daha çox uşaq istədiklərini əsas gətirərək qeysəriyyə əməliyyatına icazə verməyiblər.

Əfqanıstanda ana ölümü göstəricisi İrandan dəfələrlə yüksəkdir

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin iyun ayında dərc etdiyi hesabatda Əfqanıstanda ana ölümü səviyyəsinin hər 100 min diri doğuşa 600 ölüm təşkil etdiyi bildirilir. Müqayisə üçün, bu göstərici İranda 16, Pakistanda 155, Böyük Britaniyada isə 12-dir.

Hesabatda qadınların səhiyyə xidmətlərinə çıxışının məhdudlaşdırılması və kənd yerlərində tibb işçilərinin çatışmazlığı əsas problemlər kimi göstərilir. Sənəddə vəziyyətin yaxşılaşdırılması üçün təhsilə və qadın tibb işçilərinin hazırlanmasına investisiya qoyulmasının vacibliyi vurğulanır.

Sima Taliban hakimiyyətə qayıtdıqdan sonra altıncı sinifdən yuxarı təhsil almaq hüququndan məhrum edilmiş 2,2 milyondan çox əfqan qızından biridir. Onların bir çoxu üçün məktəblərin bağlanması məcburi nikah və erkən analıqla nəticələnib.

Əfqanıstan İnsan Hüquqları Mərkəzinin məlumatına görə, məktəbdən uzaqlaşdırılan qızların təxminən 70 faizi məcburi nikaha sürüklənib. Onların 66 faizi 18 yaşına çatmamış olub.

Talibandan əvvəl ölkədə qüvvədə olan qanunlar 15 yaşdan aşağı şəxslərin nikaha daxil edilməsini cinayət hesab edirdi. Lakin araşdırmada bildirilir ki, bu il qəbul edilmiş yeni fərmanda nikah üçün minimum yaş həddi müəyyən edilməyib.

Bu dəyişiklik qadınların məktəb və universitetlərə buraxılmaması, eləcə də onların hərəkət azadlığına tətbiq edilən məhdudiyyətlərin artırılması fonunda baş verib. Qadınların təhsil və əmək imkanlarının məhdudlaşdırılması ölkədəki iqtisadi çətinlikləri də dərinləşdirib.

Ailələr borclarını ödəmək üçün qızlarını nikaha vəd edirlər

Simanın ailəsinin vəziyyəti Əfqanıstanda yoxsulluğun insanları hansı çıxılmaz vəziyyətə saldığını göstərir. Onun 24 yaşlı əri işsizdir. Kişi iş tapmaq ümidi ilə İrana gedib, lakin üç aydan sonra heç nə əldə etmədən geri qayıdıb. Sima özü də işləmək istəsə də, üç uşağa baxmaq və ev işlərini görmək məcburiyyətində olduğundan nə işləyə, nə də peşə öyrənə bilir.

“Bir həyətdə beş ailə yaşayırıq: valideynlərim, iki arvadı olan əmim və arvadı ilə birlikdə qardaşım”, deyə Sima bildirib.

Onun sözlərinə görə, digər ailələrin artıq qalan ərzağı olanda onlara da verirlər. Əksər vaxtlarda isə ac qalırlar.

Simanın nikahı da ailənin borcları ilə əlaqəli olub. Taliban hakimiyyətə qayıtdıqdan, məktəblər bağlandıqdan və qadınların əksər dövlət işlərində çalışması qadağan edildikdən sonra ailə onun nikahından borcun ödənilməsi üçün istifadə edib. Atası qardaşına 200 min əfqani borclu olub. Borcun əvəzində Sima qardaşının oğluna verilib və gəlin üçün ödənilməsi nəzərdə tutulan məbləğ borcdan silinib.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının son hesabatına görə, Əfqanıstan əhalisinin dörddə üçü, yəni təxminən 28 milyon insan əsas ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Ev təsərrüfatlarının 80 faizindən çoxu borc içindədir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyətinin ciddi şəkildə azaldılması, eləcə də Avropa ölkələri və Böyük Britaniyanın yardım öhdəliklərini geri çəkməsi fonunda Əfqanıstana göstərilən beynəlxalq yardım 2025-ci ildə 16 faizdən çox azalıb. Nəticədə yüzlərlə tibb müəssisəsi bağlanıb və ya fəaliyyətini məhdudlaşdırıb.

Hesabatda xəbərdarlıq edilir ki, məşğulluğun artırılmasına və zəruri xidmətlərin bərpasına investisiya qoyulmadığı təqdirdə əhalinin yaşayış şəraitinin yaxşılaşması perspektivləri zəif olaraq qalacaq.

Bir yaşlı qız nəvəsi borcun əvəzinə verilib: Səkkiz yaşında ailəsindən aparılacaq

Araşdırma çərçivəsində danışılan digər ailələr də Əfqanıstanın qərbində yaşayırlar. Onların hər biri qızlarını və ya nəvələrini borclarının əvəzi olaraq gələcək nikaha vəd edib. Razılaşmalara əsasən, pul əvvəlcədən verilir, uşaqlar isə müəyyən yaşa çatdıqdan sonra qarşı tərəfə təhvil verilir.

Bu qızlardan üçü hələ 10 yaşına çatmayıb. Onlar böyüməyi gözləyirlər, lakin özləri üçün hansı gələcəyin planlaşdırıldığından xəbərsizdirlər.

Gülnar və gələcəkdə ərə verilmək məqsədilə 200 000 əfqani və müəyyən borcların silinməsi müqabilində satılmış bir yaşlı nəvəsi
Foto: "Zan Times"

57 yaşlı Gülnar bir yaşlı nəvəsini qucağında saxlayaraq baş verənləri danışıb. Onun sözlərinə görə, nəvəsinin atası borc aldığı şəxslərdən qaçıb və ailəni yeməksiz qoyub. Nəticədə körpə gələcəkdə nikaha verilmək şərti ilə borcun əvəzi olaraq razılaşmaya daxil edilib.

Razılaşmaya əsasən, qız üçün 200 min əfqani ödənilməsi və bəzi borcların silinməsi nəzərdə tutulub. Pulun 100 min əfqani hissəsi əvvəlcədən verilib, qalan məbləğin isə uşaq səkkiz yaşında ailəsindən götürüləndə ödəniləcəyi bildirilib.

“Səkkiz yaşı tamam olanda onu bizdən aparacaqlar. Əvvəlcədən 100 min əfqani verdilər. Qızı məndən götürəndə daha 100 min verəcəklər. Biz həmin pulu birbaşa borc sahiblərinə ödədik”, deyə Gülnar bildirib.

O, nəvəsinin gələcəyindən ciddi narahatlıq keçirir. Qadın yaşadığı məhəllədə əvvəllər satılmış qızları xatırladaraq onların sonrakı taleyindən xəbərsiz qaldıqlarını bildirib.

“Onların gələcəyi yoxdur. Bizi od içində qoyub getsələr də, başqa bir şeylə üzləşsək də, bundan xəbərimiz olmayacaq”, deyə o söyləyib.

51 yaşlı Sahib Can da borclarını ödəmək üçün nəvəsini gələcək nikaha vəd edib. Qızın cəmi iki aylıq olduğu vaxt bağlanan razılaşmaya əsasən, uşaq yeddi yaşında qarşı tərəfə təhvil verilməlidir.

Can heç olmasa qızın gələcək ailəsini tanıdıqlarına görə özünü müəyyən qədər rahat hiss etdiyini deyir. Bununla belə, ailənin heç bir nağd pul almaması və yoxsulluq içində yaşamağa davam etməsi onu narahat edir.

“Bu qızı borcların əvəzinə verdik və məsələ bununla bitdi. Allah şahiddir ki, indi də yaşayış şəraitimiz dəhşətli və acınacaqlıdır”, deyə o bildirib.

Üç yaşında satılan qızın ailəsindən ayrılmasına bir il qalıb

44 yaşlı Sabza isə qızını üç yaşında olarkən borcun əvəzi kimi verib. Hazırda yeddi yaşı olan uşağın qarşı tərəfə təhvil verilməsinə cəmi bir il qalıb. Razılaşma nəticəsində ailənin 300 min əfqani məbləğində borcu silinib.

Sabzanın sözlərinə görə, o, Pakistandan qayıdanda evdə yeməyə heç nə tapmayıb. Əri xəstə olduğu üçün işləyə bilməyib, ailə isə ağır maddi sıxıntı ilə üzləşib. Bu vəziyyətdə qadın qızını borcun əvəzi olaraq verməyə razılaşıb.

İndi isə uşağından ayrılacağı günü düşündükcə əzab çəkir.

“Kaş bu pulu bizə verəcək kimsə olaydı, çox sevinərdim. Qızım yanımda qalsa, sevincimin həddi-hüdudu olmazdı”, deyə Sabza bildirib.

Qadın bildirir ki, digər uşaqları da bacılarının niyə satıldığını anlamağa çalışırlar. Onlar analarından bunun səbəbini soruşurlar. Sabzanın sözlərinə görə, qızı bibisinin evinə gedəndə qorxu içində geri qayıdır və bacısının hara getdiyini soruşur.

“Onu apardıqdan sonra uşaqlarımın hansı vəziyyətə düşəcəyini bilmirəm. Qızımı bir ildən sonra aparacaqlarını düşünəndə elə bilirəm, başıma dünya uçur. Öz-özümə deyirəm ki, cəmi bir il qalıb, daha artıq yox”, deyə o söyləyib.

Araşdırmada adları çəkilən qadınların və ailə üzvlərinin adları təhlükəsizlik səbəbindən dəyişdirilib. Materialın müəllifləri Neda Noran və Atusa Azar “Zan Times” nəşrinin jurnalistləridir.

Aydın