
Hollivud aktrisası Selma Blair təyyarədə baş verən insidentdən sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. “Qəddar oyunlar” və “Qanuni sarışın” filmləri ilə tanınan 54 yaşlı aktrisanın uçuş zamanı təyyarənin qapısını açmağa cəhd etdiyi, daha sonra isə ekipaj üzvlərinə xəsarət yetirdiyi iddia olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.
Məlumata görə, Nyu-Yorka uçan təyyarədə baş verən hadisə zamanı Blair-in bir stüardessaya zərbə endirdiyi, digərini isə dişlədiyi bildirilir. Təyyarə yerə endikdən sonra tibbi yardım qruplarına ekipaj üzvlərinin yüngül xəsarətlər alması barədə məlumat verilib. Onların arasında burun qanaması və dişləmə izləri olan şəxslərin də olduğu qeyd edilir.
Hadisənin dəqiq səbəbləri və bütün təfərrüatları hələlik açıqlanmayıb.
Aktrisanın nümayəndəsi “TMZ” nəşrinə açıqlamasında onun davranışının səhhətinin pisləşməsi ilə əlaqəli olduğunu bildirib. Nümayəndənin sözlərinə görə, təyyarə eniş etdikdən sonra Blair dərhal tibbi yardım alıb və hazırda vəziyyəti stabildir.
Qeyd edək ki, Selma Blair 2018-ci ildə dağınıq skleroz xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb. Aktrisa bir neçə il sonra intensiv müalicədən sonra xəstəliyin remissiya mərhələsində olduğunu bildirmişdi.
Aydın