
Yunanıstanın paytaxtı Afinanın yaxınlığındakı Faleron bölgəsində aşkar edilən kütləvi məzarlıq arxeoloqların diqqətini cəlb edib. Burada əksəriyyəti dəmir qandallarla bağlanmış 79 yetkin kişinin skeleti tapılıb. Tədqiqatçılar həmin şəxslərin eramızdan əvvəl VII əsrdə Afinada hakimiyyəti ələ keçirməyə çalışan zadəgan Kilonun tərəfdarları ola biləcəyini araşdırırlar. Lakin skeletlərin dəqiq tarixi və həmin şəxslərin hansı səbəbdən öldürüldüyü hələ müəyyən edilməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Haber Global” nəşri məlumat yayıb.
Diş analizləri qədim insanların mənşəyini üzə çıxarır
Tədqiqatçılar skeletlərin diş minasındakı stronsium izotoplarını araşdıraraq həmin şəxslərin uşaqlıq illərini harada keçirdiklərini müəyyənləşdirməyə çalışıblar. “Journal of Archaeological Science: Reports” jurnalında dərc olunan araşdırmada 66 kişinin diş nümunələri təhlil edilib. Onlardan 64-nün izotop göstəricilərinin Attika bölgəsinə uyğun olduğu müəyyənləşdirilib.
Nəticələr həmin şəxslərin xarici döyüşçülərdən daha çox bölgənin yerli sakinləri ola biləcəyini göstərir. Bununla belə, araşdırma onların hansı siyasi qrupa mənsub olduqlarını və hansı səbəbdən öldürüldüklərini müəyyən etməyə imkan vermir.

Qədim qəbiristanlığın üzərində müasir Afina
Qədim qəbiristanlıq hazırda Stavros Niarxos Fondunun Mədəniyyət Mərkəzinin yerləşdiyi ərazidədir. Burada aparılan qazıntılar zamanı 2 mindən çox məzar aşkar edilib. Ərazi əsrlər boyu Afinanın qədim limanı Faleronun yaxınlığında mühüm dəfn yeri kimi istifadə olunub. Burada insan qalıqları ilə yanaşı, heyvan məzarları da tapılıb.
“Sirlər təpəsi”nin altında nə var?
Arxeoloqların diqqətini cəlb edən əsas ərazilərdən biri mədəniyyət mərkəzinin parkı və süni təpəsinin altında qalan, hələ qazıntı aparılmamış sahədir. Tədqiqatçılar qəbiristanlığın bu ərazinin altında da davam etdiyini müəyyənləşdiriblər. Lakin təpənin altındakı hissədə indiyədək qazıntı aparmaq mümkün olmayıb.
Qazıntılara rəhbərlik edən Stella Xrisulakinin tədqiqat qrupu bu əraziyə “Sirlər təpəsi” adını verib. Hələ araşdırılmamış sahədə neçə məzarın olduğu və onların hansı vəziyyətdə qorunub saxlandığı məlum deyil.

Tarixi qalıqlar gələcək nəsillər üçün qorunacaq
Arxeoloqlar bildirirlər ki, qazıntılar keçmişə dair yeni məlumatlar əldə etməyə imkan versə də, məzarların ilkin vəziyyətini dəyişdirir. Buna görə də bəzi ərazilərin gələcəkdə daha müasir tədqiqat üsulları ilə araşdırılması üçün qorunub saxlanılması nəzərdən keçirilir.
Zəncirlənmiş kişilərin qalıqlarının “Desmotes” adlı xüsusi sərgi məkanında nümayiş etdirilməsi planlaşdırılır. Lakin mərkəzin ziyarətçilər üçün nə vaxt açılacağı hələ açıqlanmayıb.
Günay