
Okean ilk baxışdan səssizlik aləmi kimi görünür. Əslində isə suyun altında daim şaqqıltılar, çırtıltılar, uğultular və fit səsləri eşidilir. Dənizlərin bəzi sakinləri isə inanılmaz dərəcədə güclü səslər çıxarırlar.
Qaynarinfo xəbər verir ki, “BBC Science Focus” nəşri okeanın ən səs-küylü canlıları barədə məlumat yayıb.
Məqalədə qeyd olunur ki, səslər dəniz heyvanlarına bir-biri ilə ünsiyyət qurmağa və qaranlıqda istiqaməti müəyyənləşdirməyə kömək edir. Bəzi canlılarda isə səs onların ovlanma üsulu nəticəsində təsadüfən yaranır.
Nəşrin məlumatına görə, bu siyahıda birinci yeri kaşalot (Physeter macrocephalus) tutur. Onun nəhəng, düzbucaqlı başı əslində burundur və planetdəki bütün heyvanlar arasında ən böyük burun hesab olunur. Məhz bu orqan son dərəcə güclü exolokasiya siqnallarının yaranmasında iştirak edir. Kaşalotlar bir kilometr və daha artıq dərinliyə dalaraq tam qaranlıq şəraitdə kalmarları tapmaq üçün səs siqnallarından istifadə edirlər.
Bu prosesin mexanizmi olduqca maraqlıdır. Balina havanı sağ burun dəliyindən keçirərək alimlərin “meymun dodaqları” adlandırdıqları iki ətli qatın üzərindən hərəkət etdirir. Bu qatlar insanın burnunu fınxırması zamanı dodaqların titrəməsinə bənzər şəkildə vibrasiya yaradır. Kaşalotun çırtıltı və şaqqıltı səsləri lentin rulondan açılması zamanı yaranan səsi xatırladır. Bu səslərin gücü 236 desibelə çatır.
Məqalədə vurğulanır ki, 140 desibeldən yüksək səs hətta bir dəfə eşidildikdə belə insanın eşitmə qabiliyyətinə zərər verə bilər. Bununla belə, su altında desibel fərqli şkala üzrə ölçüldüyündən bu göstəriciləri birbaşa müqayisə etmək mümkün deyil. Müəlliflər zarafatla qeyd edirlər ki, ac kaşalotla qarşılaşmaq yenə də arzuolunan deyil.
Nəşrin məlumatına görə, Kaliforniya körfəzinin şimal hissəsində yaşayan korvina (Cynoscion othonopterus) balığı da olduqca gur səslər çıxarır. Bu balıq zəifbaşlılar fəsiləsinə aiddir. Həmin fəsilənin nümayəndələri xüsusi əzələlərin köməyi ilə səslər yaradırlar. Onlar bu əzələlərlə sanki baraban çalırmış kimi qazla dolu üzmə kisəsinə zərbə endirirlər.
Korvina yalnız Meksikadakı Kaliforniya körfəzinin şimalında yaşayır və kürüləmək üçün Kolorado çayının deltasına miqrasiya edir.
Burada milyonlarla balıq toplaşır və erkəklər xor şəklində yüksək səslə “oxumağa” başlayırlar. Yaranan uğultu kiçik balıqçı qayıqlarının gövdəsindən keçərək suyun üzərində də eşidilir. Bu səs yaxınlıqda nəhəng arı pətəyinin uğultusunu xatırladır. Bir balığın çıxardığı səsin gücü 177 desibelə, onların kollektiv səsi isə 202 desibelə çatır.
Alimlərin sözlərinə görə, sağlam tropik mərcan riflərində isə daim tavada nəyinsə qızarmasını xatırladan çırtıltılar eşidilir. Bu səsləri əsasən Alpheidae fəsiləsinə aid kiçik tapança krevetləri, o cümlədən Alpheus heterochaelis növü yaradır. Onlar dəniz dibindəki yuvalarda yaşayırlar.
Bu krevetlərin bir qısqacı digərindən xeyli böyükdür və saniyənin çox kiçik bir hissəsində saatda 100 kilometrdən artıq sürətlə bağlana bilir. Bu zaman yaranan təzyiq nəticəsində qabarcıq əmələ gəlir və onun partlaması güclü şaqqıltı yaradır. Zərbə dalğası ovunu keyləşdirir və digər krevetləri uzaqlaşdırır. Bu “atəş səslərinin” gücü 183–210 desibel arasında dəyişir.
Antarktida buzlarının altında isə lazer silahlarından istifadə edilən kosmik döyüşü xatırladan səslər eşitmək mümkündür. Əslində, bu səsləri Ueddell suitiləri (Leptonychotes weddellii) çıxarırlar. Onlar cikkildəyir, fit çalır və vızıltıya bənzər səslər yaradırlar.
Bu səslərin bir qismi ultrasəs diapazonuna aiddir və insan qulağı tərəfindən eşidilmir. Alimlər ehtimal edirlər ki, suitilər uzun və qaranlıq qış aylarında nəfəs almaq üçün buzun üzərindəki dəlikləri tapmaq məqsədilə bu siqnallardan istifadə edirlər. Mövcud ölçmələrə əsasən, onların səslərinin gücü 137 desibelə çatır.
Siyahını şimal dəniz fili (Mirounga angustirostris) tamamlayır. Nəşrin məlumatına görə, bu heyvanların erkəklərinin çəkisi adətən 2,3 tona qədər olur, ən iri fərdlərin çəkisi isə 3,7 tona çatır. Cütləşmə mövsümündə sahilə çıxan erkəklər dişilər uğrunda mübarizə apararkən bir-birlərinə qarşı nərildəyirlər. Onların havada yaratdığı səsin gücü 131 desibelə çatır.
Bununla belə, məqalə müəllifləri vurğulayırlar ki, suda və quruda yaşayan heyvanların səs gücünü müqayisə etmək çətindir. Su havadan təxminən 800 dəfə sıx olduğuna görə bu iki mühitdə səs fərqli üsullarla ölçülür.
Aydın