
Bir neçə il əvvəl Marsda hər gün yaranan və sonra yoxa çıxan, təxminən 1600 kilometr uzunluğunda bulud haqqında məlumat yayılıb. “Arsia Mons Elongated Cloud” (AMEC) adlandırılan bu buludun tədqiqatçıların düşündüyündən daha qəribə olduğu ehtimal edilir.
Qaynarinfo xəbər verir ki, bu barədə “24.hu” nəşri yazıb.
Ən yeni modelləşdirmələrin nəticələrinə görə, bu qeyri-adi hadisəni yalnız indiyədək nə Yer kürəsində, nə də Günəş sisteminin digər hissələrində müşahidə edilmiş ekzotik fiziki proseslərlə izah etmək mümkündür.
Məqalədə bildirilir ki, AMEC Marsın ekvatorundan cənubda, Tarsis bölgəsində yerləşən, hündürlüyü təxminən 20 kilometr olan sönmüş Arsia Mons vulkanının üzərində tez-tez yaranır. Su buxarından ibarət bulud ilk dəfə 2018-ci ildə Avropa Kosmik Agentliyinin “Mars Express” kosmik aparatı tərəfindən qeydə alınıb.
Həmin vaxtdan bəri bulud Marsda yaz və yay aylarında, güclənən Günəş şüalanmasının səthdə güclü küləklər yaratdığı dövrlərdə, demək olar ki, hər səhər görünür. Lakin o, gündə cəmi bir neçə saat mövcud olur və sonra yoxa çıxır.
Marsda toz buludlarına da rast gəlinsə də, planetin atmosferində su buxarı demək olar ki, yoxdur. Buna görə də Yer kürəsindəki buludlara bənzər formaların yaranması nadir hadisədir. Üstəlik, onların belə nəhəng ölçülərə çatması alimlər üçün əlavə suallar doğurur.
Bu səbəbdən tədqiqatçılar uzun müddət Marsdakı bu qeyri-adi hava hadisəsini izah etməkdə çətinlik çəkiblər. Yeni araşdırmada alimlər “Mars Express” aparatının məlumatlarından istifadə edərək AMEC-in necə yarandığını anlamaq üçün yeni modellər hazırlayıblar.
Alimlər hansı nəticəyə gəliblər?
Əvvəlcə tədqiqatçılar bu sirli hadisəni modelləşdirməkdə çətinlik çəkiblər. Lakin ənənəvi meteoroloji prinsiplərdən imtina etdikdən sonra buna nail olublar.
Alimlərin fikrincə, problemin həlli üçün təbiətdə indiyədək müşahidə edilməyən fiziki prosesləri nəzərə almaq lazım gəlib. Onlar AMEC-in oroqrafik bulud olduğunu düşünürlər. Belə buludlar güclü küləyin su buxarını dağın yamacı boyunca yuxarı qaldırması nəticəsində yaranır.
Məqalədə qeyd olunur ki, Yer kürəsində də oxşar buludlar mövcuddur. Buna misal olaraq Cənubi Avropadakı Cəbəllütariq qayasının üzərində vaxtaşırı yaranan Levante buludunu göstərmək olar. Lakin Marsdakı analoji hadisəni Yer atmosferində baş verən proseslərlə eyni şəkildə izah etmək mümkün deyil.
AMEC-in yaranması zamanı havada kondensasiya üçün zəruri hissəciklərin olmamasına baxmayaraq, su buxarı birbaşa buz kristallarına çevrilir. Aralıq mərhələlər olmadan baş verən bu proses alimlər tərəfindən “homogen nüvələşmə” adlandırılıb.
Nəşrin məlumatına görə, tədqiqatçılar bu prosesin indiyədək heç bir planetin atmosferində müşahidə edilmədiyini bildirirlər.
Digər mühüm sual isə buludun yaranması üçün lazım olan böyük su miqdarının haradan gəlməsidir. Alimlər suyun bir hissəsinin artıq atmosferdə olduğunu, qalan hissəsinin isə ehtimal ki, qalın qırov təbəqəsi ilə örtülmüş Arsia Mons vulkanının zirvəsindən gəldiyini düşünürlər.
Tədqiqatçılar vurğulayıblar ki, “Mars Express” kosmik aparatı olmasaydı, bu kəşflər mümkün olmazdı. Aparat AMEC-i ilk dəfə aşkar etməklə yanaşı, uzun illər ərzində onu müşahidə edib və buludun mənşəyinin sirlərinin açılmasına kömək göstərib.
Aydın

