Xəbər lenti

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazandı (FOTO)
İdman19:18 11.10.2026

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazandı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvü, peşəkar boksçu Kənan Hüseynəliyev növbəti döyüşünü qələbə ilə başa vurub.

Qaynarinfo xəbər verir ki, həmyerlimiz Aşersleben şəhərindəki “Ballhaus in Aschersleben" idman kompleksində keçirilən boks gecəsində Argentina təmsilçisi Leonardo Baez ilə qarşılaşıb. “Odlar Yurdu” boks klubunun yetirməsi altı raunddan ibarət qarşılaşmanın bütün raundlarında üstünlük nümayiş etdirib. İdmançımız sonuncu raundda rəqibini nokdauna salaraq qarşılaşmanı qələbə ilə başa vurub. Bununla da boksçumuz peşəkar rinqdə keçirdiyi 14 qarşılaşmada 13-cü qələbəsini qazanıb.

Almaniyanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız da qarşılaşmanı izləmək və idmançımıza dəstək olmaq üçün arenaya gəliblər. Azərbaycan Bayrağını dalğalandıran və Kənanı qələbəyə səsləyən azarkeşlər idmançımıza fəal dəstək nümayiş etdiriblər.

“Odlar Yurdu” boks klubu Almaniyada Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir. Klubun rəhbəri, IBF Avropa kəmərinin və bir sıra digər beynəlxalq kəmərlərin sahibi, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Azad Əzizov yetirməsinin növbəti sınaqdan uğurla çıxdığını bildirib. O, Kənan Hüseynəliyevin qələbəsini xalqımıza həsr etdiyini deyib.

A.Əzizov rəhbərlik etdiyi klubun əsas məqsədinin gənclər arasında sağlam həyat tərzinin təbliği, onların idmana və boksa cəlb edilməsi, eləcə də həvəskar boksçuların inkişafına dəstək verilməsi olduğunu vurğulayıb. Klub rəhbəri Almaniyada yaşayan soydaşlarımızın idmançıların uğurlarını sevinclə qarşıladıqlarını qeyd edib, göstərdikləri fəal və ardıcıl dəstəyə görə onlara təşəkkürünü bildirib.