Xəbər lenti

"Məktəbli formasının əsas məqsədi dünyəviliyi və bərabər təhsil mühitini qorumaqdır"
Ölkə13:11 13.10.2026

"Məktəbli formasının əsas məqsədi dünyəviliyi və bərabər təhsil mühitini qorumaqdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məktəblərdə vahid geyim formasının tətbiqi təhsil mühitinin təşkili ilə bağlı məsələlərdən biridir. Bu qayda şagirdlər arasında geyim fərqlərini azaltmaq, məktəbdə nizam-intizamı qorumaq və təhsil müəssisələrində vahid yanaşmanı təmin etmək məqsədi daşıyır. Eyni zamanda, məktəbli geyimi ilə bağlı qaydalar təhsilin dünyəvi prinsipləri və bərabər imkanların yaradılması baxımından da əhəmiyyətli hesab olunur.

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanda vicdan azadlığı, dini etiqad və dini qurumların fəaliyyəti hüquqi çərçivədə tənzimlənir:

“Azərbaycan Respublikasının Konstitusiyasında din və dövlət münasibətlərinin dünyəvilik prinsipi əsasında qurulması, dini etiqad azadlığı və qanun qarşısında bərabərlik kimi müddəalar təsbit olunub.

Azərbaycan Respublikasının Konstitusiyasında din və vicdan azadlığı fundamental insan hüquqları sırasına daxildir və əsasən dünyəvilik, bərabərlik və fərdi seçim azadlığı prinsiplərinə söykənir. Ölkənin əsas qanununa görə Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir”.

Elnur Mustafayevin sözlərinə görə, Konstitusiya hər kəsin dini etiqadla bağlı müstəqil seçim etmək hüququnu tanıyır:

“Konstitusiyamızda hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə tək və ya başqaları ilə birgə etiqad etmək və ya etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək hüququ var. Bu mənada, dini mərasimlərin icrası ictimai qaydanı və ya ictimai əxlaqı pozmadıqda sərbəstdir.

Bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, heç kəs öz əqidəsini açıqlamağa və ya əqidəsindən dönməyə məcbur edilə bilməz. Dini ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilməməlidir. Bu mənada, ölkədə yad təsirlərə, milli-mənəvi dəyərlərimizə və tarixi gerçəkliyimizə uyğun olmayan yad düşüncələrdən uzaq durmalı, ideoloji təxribatlara qarşı birgə mübarizə aparmalıyıq”.

Dosent dünyəvi təhsil ilə vicdan və dini etiqad azadlığı arasında tarazlığın qorunmasının vacibliyini də vurğulayıb:

“Dünyəvi təhsil ilə vicdan və dini etiqad azadlığı arasında tarazlığın qorunması müasir təhsil sisteminin mühüm hüquqi, pedaqoji və mənəvi məsələlərindən biridir. Bu məsələ xüsusilə uşaqların şəxsiyyət kimi formalaşması, fərqli dünyagörüşlərinə hörmət, dini dözümlülük və cəmiyyətdə birgəyaşayış mədəniyyətinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Əsas prinsip ondan ibarətdir ki, dünyəvi təhsil dini etiqadın inkarı demək olmadığı kimi, dini etiqad azadlığı da təhsilin dini qaydalar əsasında təşkil edilməsi demək deyildir. Bu iki prinsip hüquqi çərçivə, qarşılıqlı hörmət və uşağın üstün mənafeyi əsasında uzlaşdırılmalıdır.

Xüsusilə qeyd etmək lazımdır ki, dünyəvilik dinə qarşı münasibət kimi deyil, dövlət təhsilinin müxtəlif inanclara münasibətdə qərəzsizliyi və elmi əsaslarla təşkili kimi başa düşülməlidir. Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid məktəbli geyim forması tətbiq olunur və bu qaydalara riayət olunması Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir. Məktəbli geyim formasının tətbiq olunmasında əsas məqsəd məktəblərdə təhsilin dünyəvilik prinsipini qorumaq, intizamlı və bərabər təhsil mühitini formalaşdırmaqdan ibarətdir”.

O, bu sahədə ailə, məktəb və dövlət arasında əməkdaşlığın əhəmiyyətini də qeyd edib:

“Bu məsələdə tarazlığın qorunması yalnız məktəb rəhbərliyinin üzərinə düşən vəzifə deyil. Ailə, məktəb və dövlət arasında sıx əməkdaşlıq olmalıdır. Dövlət və xalq olaraq dünyəvi təhsilin hüquqi təminatlarını yaratmalı, vicdan azadlığını qorumalı, təhsil müəssisələrində ayrı-seçkiliyə qarşı effektiv mexanizmlər formalaşdırmalı və müəllimlərin bu sahədə hazırlığını dəstəkləməliyik. Bu prosesdə dövlət maraqları qorunmalı, cəmiyyətin inkişafı əsas götürülməli, milli-mənəvi və dini dəyərlərə hörmətlə yanaşılmalı, o cümlədən vətəndaşların mənafeyi əsas məqsəd olmalıdır”.

Aydın