Xəbər lenti

Kubada bir ilk: Dünya bazarına açılır
Dünya10:54 13.10.2026

Kubada bir ilk: Dünya bazarına açılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kuba dövlət və özəl müəssisələrin eyni bazarda topdansatış həyata keçirməsinə imkan verən yeni tətbiqlə ticarət sahəsində ilkə imza atıb. Havana rəhbərliyi enerji sektorunda xarici investisiyalara yol açan yeni qaydalarla beynəlxalq kapitalı da ölkəyə cəlb etməyi hədəfləyir.

Qaynarinfo xəbər verir ki, Kuba rəhbərliyi dərinləşən iqtisadi və enerji böhranına qarşı yeni addımlar atıb. Ölkə tarixində ilk dəfə dövlət və özəl müəssisələrin birlikdə satış edə biləcəyi qarışıq topdansatış bazarı açılıb. Eyni zamanda, neft kəşfiyyatı və hasilatı sektorunu xarici investisiyalar üçün açmaq məqsədilə əvvəlki qanunlar qüvvədən salınıb.

Kubada dövlət və özəl sektor eyni topdansatış bazarında bir araya gəlib

Kuba iqtisadi iştirakçılar arasında ticarəti canlandırmaq məqsədilə ilk qarışıq topdansatış bazarını Sanktı-Spiritus şəhərində istifadəyə verib. Yeni tətbiq çərçivəsində dövlət qurumları ilə yanaşı, özəl müəssisələr də ilk dəfə məhsullarını eyni bazarda topdansatış qiymətləri ilə sata biləcəklər.

Kompleksi idarə edən “ITH Trinidad” Topdansatış Şirkətinin nümayəndələri bazarda sənaye məhsullarının, idxal mallarının istehsalı üçün xammal və digər materialların, eləcə də kənd təsərrüfatı məhsullarının satışa çıxarılacağını bildiriblər. Yeni model çərçivəsində idarəedici şirkətlə təchizatçılar arasında daha çevik ticarət və marketinq üsulları tətbiq ediləcək.

Şirkət nümayəndələrinin sözlərinə görə, ilkin mərhələdə ət məhsulları, duz və düyü kimi əsas ərzaq məhsullarının satışına başlanılıb. Təchizat və soyuq zəncir imkanlarının yaxşılaşdırılması ilə növbəti mərhələdə lobya, donuz əti və qoyun ətinin də satışa çıxarılması planlaşdırılır.

“Comercializadora ITH” şirkətinin mərkəzində açılan mağazadan mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə yanaşı, dövlət və özəl təşkilatlar, fərdi sahibkarlar və fiziki şəxslər də alış-veriş edə biləcəklər. Alış-veriş üçün əvvəlcədən kommersiya müqaviləsinin imzalanması tələb olunmayacaq.

Topdansatış alış-verişi üçün minimum məbləğ 200 dollardır

“ITH Trinidad” Topdansatış Şirkətinin direktoru Aida Rivas Duarte yerli mətbuata açıqlamasında bazardan alış-veriş etmək üçün minimum 200 dollar və ya 24 min Kuba pesosu (CUP) məbləğində alışın həyata keçirilməli olduğunu bildirib.

“Cubadebate” portalının məlumatına görə, bazarda Sanktı-Spiritus Bələdiyyələrarası Kənd Təsərrüfatı Təchizatı Şirkətinin, “Banvaria SURL” və “Valdespino” adlı özəl şirkətlərin, eləcə də “ITH” Xarici Ticarət Şirkətinin və adı açıqlanmayan xarici şirkətin məhsulları satılır.

“ITH” yeni topdansatış bazarı modelini ölkənin digər bölgələrində də tətbiq etməyi planlaşdırır. Sistemin davamlı fəaliyyət göstərməsi üçün məhsulların müntəzəm təchizatı, ərzaqların lazımi şəraitdə saxlanılması və rəqabətədavamlı qiymətlərin müəyyənləşdirilməsi vacib hesab olunur.

176 maddədən ibarət iqtisadi islahat paketi qüvvədədir

Qarışıq topdansatış bazarı Kuba hökumətinin iyunun 26-da təsdiqlədiyi 176 maddəlik iqtisadi və sosial islahat paketinin bir hissəsidir.

Daxili Ticarət Nazirliyinin (MINCIN) 13/26 saylı qərarı ilə hüquqi əsas qazanan bu tənzimləmə ölkənin topdansatış sistemini yenidən qurmağı hədəfləyir.

23 istiqaməti əhatə edən islahat paketi kənd təsərrüfatı, xarici ticarət, özəl və xarici investisiyalar, eləcə də daşınmaz əmlak sektorlarını canlandırmağa yönəlib. İslahatlar çərçivəsində qərarların yerli səviyyədə qəbul edilməsinin genişləndirilməsi, dövlət müəssisələrinə daha çox müstəqillik verilməsi və maliyyə sektoruna özəl kapitalın cəlb edilməsi də nəzərdə tutulur.

Kuba neft sektorunu xarici investisiyalar üçün açır

Kuba rəhbərliyi enerji böhranından çıxmaq və neft sektoruna beynəlxalq kapital cəlb etmək məqsədilə neft kəşfiyyatı və hasilatına dair 1938 və 1959-cu illərdə qəbul edilmiş qanunları qüvvədən salıb.

Kuba mətbuatının məlumatına görə, əvvəlki qanunlar mövcud konstitusiya və ölkənin hazırkı sosial-iqtisadi şəraiti qarşısında öz aktuallığını itirib. Qanun qüvvəli yeni fərmanla yerli və xarici şirkətlərin neft axtarışı və hasilatında iştirakını asanlaşdırmaq üçün müqavilə şərtləri yumşaldılıb.

Yeni qaydalara əsasən, hasilatın bölüşdürülməsi müqavilələri 10 il uzadılmaq imkanı ilə 40 ilədək, neft konsessiyaları isə eyni uzadılma şərti ilə 30 ilədək qüvvədə ola biləcək. Neft xidmətləri üzrə müqavilələr də sektorda əsas fəaliyyət modellərindən biri kimi nəzərdə tutulur.

Dövlət neft ehtiyatları üzərində nəzarətini qoruyacaq

Yeni tənzimləmə xarici investisiyalara imkan yaratsa da, dövlətin karbohidrogen ehtiyatları üzərində nəzarətini saxlayır. Kuba rəhbərliyi neftin, təbii qazın və bunlarla əlaqəli ehtiyatların “bütün xalqın sosialist mülkiyyətində” olduğunu bəyan edir. Bu resurslar özgəninkiləşdirilməzlik, iddia müddətinin tətbiq edilməməsi və həbs qoyulmaması prinsiplərinə tabedir.

Dövlət milli təhlükəsizlik səbəbindən lisenziya və konsessiya müraciətlərini rədd etmək hüququnu da özündə saxlayır. Milli enerji təhlükəsizliyi üçün zəruri olan karbohidrogen ehtiyatlarının tədarükündə dövlətə rəqabətli bazar şərtləri çərçivəsində üstünlük verilir.

Hasilatın bölüşdürülməsi müqavilələrində xərclərin ödənilməsi üzrə yuxarı hədd quruda və dayaz sularda 65 faiz, dərin sularda isə 75 faiz müəyyən edilib.

Neft əməliyyatlarına görə ekoloji və hüquqi məsuliyyət

Yeni qanunvericilik karbohidrogen fəaliyyəti sahəsini yüksək riskli hesab edir və əməliyyatları həyata keçirən şirkətləri vurulan zərərə görə məsuliyyət daşımağa məcbur edir. Bu məsuliyyətin yaranması üçün təqsirin və ya səhlənkarlığın sübut edilməsi tələb olunmur.

Qaydalar, həmçinin fövqəladə hallar istisna olmaqla, təbii qazın birbaşa atmosferə buraxılmasını və ya yandırılaraq məhv edilməsini qadağan edir.

Qara bazar fəaliyyətinin və yanacaq paylanmasında qanunsuzluqların artması fonunda obyektlərin və əməliyyatların fiziki təhlükəsizliyinə görə məsuliyyət də operator şirkətlərin üzərinə qoyulur. Qaydaları pozanlara və cinayət törədənlərə qarşı ağır sanksiyalar nəzərdə tutulur.

Kuba rəhbərliyi yeni tənzimləmə ilə kapital çatışmazlığı yaşayan enerji sektoruna beynəlxalq investisiyalar cəlb etməyi, xarici investorlar üçün hüquqi təminatlar yaratmağı və təbii ehtiyatlar üzərində dövlət nəzarətini qorumağı qarşıya məqsəd qoyub.

Kuba iqtisadiyyatında böhran dərinləşir

Kuba iqtisadiyyatı ərzaq, yanacaq və dərman çatışmazlığı, yüksək inflyasiya, uzunmüddətli elektrik kəsintiləri və dollarlaşma problemləri ilə mübarizə aparır. ABŞ administrasiyasının neftə qoyduğu məhdudiyyətlər və əlavə sanksiyalar da ölkənin enerji və təchizat problemlərini ağırlaşdırır.

ABŞ-ın neft blokadası və iqtisadiyyatın əsas sektorlarına yönəlmiş ikinci dərəcəli sanksiyalar Kubanın iqtisadi kövrəkliyini artırır. Elektrik enerjisinin verilməsində fasilələr və ictimai nəqliyyatda ciddi problemlər gündəlik həyata mənfi təsir göstərir. Xəstəxanalar isə yalnız minimum səviyyədə xidmət göstərə bilir.

Xüsusilə qeyri-rəsmi bazarlarda ərzaq və dərman qiymətləri yüksək səviyyəyə çatıb. Kuba rəhbərliyi topdansatış ticarətini canlandırmağa və neft sektoruna xarici investisiyalar cəlb etməyə yönəlmiş yeni qaydalar vasitəsilə iqtisadi təzyiqləri azaltmağa çalışır.

Aydın