Sənət 20:51 17.04.2021

“Güzgüdə özümü görəndə dəhşətə gəldim” - Bədəninin 70 faizi yanan aktyor

O, ikinci həyatını yaşayır. Bir neçə həftə bundan öncə yaşadığı mənzildə partlayış baş verməsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən aktyor Cavid Telman hazırda özünü yaxşı hiss edir. Hətta çəkilişlərdə belə iştirak edir.

Qaynarinfo xəbər verir ki, bədəninin 70 faizi yanan aktyor Moderator.az-a açıqlamasında vəziyyətinin günü-gündən yaxşlığa doğru getdiyini vurğulayaraq ona ünvanlanılan sualları cavablandırıb. 

- Nədənsə elə düşünürük ki, mediada, filmlərdə izlədiyimiz hadisələr yalnız başqalarının başına gələ bilər.  

- Elədir, biz də gündəlik olaraq medianı izləyir, gündəmdə ətrafımızdakı insanların başlarına gələn hadisələri eşidirik. Yaşadıqlarımdan sonra anladım ki, insan həyatından sığortalanmayıb və sabaha etibar yoxdur. Sən demə "bugünün işini sabaha qoymazlar” məsəli yerində deyilibmiş. Hər saniyənin öz hökmü var. Yaşadıqlarımdan sonra bir çox şeyi dərk etməyə başladım.

-Ən çox nəyin fərqinə vardınız? 

- Çevrəmdə kifayət qədər məni sevən, qayğıma qalan insanların olduğunu gördüm. Reanimasiyada olduqda, xəstəxanadan çıxdıqdan sonra belə tanımadığım insanlar mənimlə əlaqə saxlayırdılar. Ailəm, qohumlarım yanımda oldular, məni tək qoymadılar. Yaşadıqlarımdan sonra həyatı, insanları daha çox sevirəm. Hamı ilə mehriban davranır, kiminsə qəlbini qırmaq istəmirəm. 

- Deyirlər ki, reanimasiyada olan zaman insan o biri dünya ilə bu dünya arasında var gəl edir. O mərhələni necə xatırlayırsınız?

 

- Həmin mərhələni çox yarımçıq xatırlayıram. Ancaq bildiyim odur ki, gözlərimi açanda yaxınlarım yanıma gülərək gəlib, ağlayaraq çıxırdılar. Mən onlara təsəlli verirdim ki, narahat olmayın, yaxşıyam. Halbuki vəziyyətim çox ağır idi. Reanimasiyada olan ilk 3 günü dua edirdim ki, yaşanan hadisədə ailə üzvlərimdən heç kimə heç nə olmayıb. Mən birtəhər o ağrıya dözərəm.  

İnsan iki dünya arasında qalanda  düşünür ki, görəsən bu zamana qədər kiminsə xətrinə dəyib, könül sındırıbmı, bilməyərəkdən kiməsə pislik edibmi? Ən çox da həmin vaxtda ailən haqqında düşünürsən.

- Bəzən deyirlər "Ölüm qaşla göz arasındadır”. Yaşadıqlarımız  bir növ  buna sübutdur.  

- Bu doğru fikirdir. Bugündən sabaha etibar yoxdur. İndi hər dəqiqəmin qədrini daha yaxşı bilirəm. Kimnənsə görüşməliyəmsə onu sabaha saxlamıram. Hadisə yaşadığım gün səhər 06:10-da yuxudan oyanıb, 06:15-də baş verdi. Yəni deməyim odur ki, bütün proseslər o 5 dəqiqə ərzində baş verdi.  

- İnsan yaxşı və pis günündə dostlarını, yaxınlarını daha yaxşı tanıyır. Bu məqamda siz necə, gözlədiyiniz insanlardan o dəstəyi görə bildinizmi?

- Bilməzdim ki, məni bu qədər çox istəyirlər. Gözlədiyim insanlar yanımda idi, mənə görə narahat idilər. Tək onlardan deyil, gözləmədiyim insalardan çox diqqət gördüm.  Mənim üçün narahat olub, göz yaşı tökənlər, maraqlananlar çox oldu. Mən o diqqəti gözlədiyimdən də artığının şahidi oldum. 

- Aktyorların çörəyi daha çox simasından, üzündən çıxır. Bədəninizin 70 faizi yandığı halda yenidən səhnəyə, çəkiliş prosesinə qayıtmaq çətin olmadı ki?

- Doğurdan da bizim çörəyimiz  simamızdan çıxır, aktyor üçün sima əsasdır. Qorxurdum ki, üzüm yanacaq və əvvəlki həyatıma davam edə bilməyəcəm. Şükürlər olsun ki, üzüm tam yanmayıb, yavaş-yavaş sağalır. Bədənimin 70 faizi yanmışdı. 3-cü dərəcəli yanıq hesab edilirdi. Düzdür, indi tam sağalmamışam, yanan yerlərin izi qalıb. Allah Kərimdir. 

Açığı desəm üzümün yanmasından çox qorxurdum. Gözlərimi açanda hiss etdim ki, simamda nəsə dəyişiklik var. Çünki gözlərimin yığıldığını, sifətimin şişdiyini hiss edirdim. Həkimlərdən güzgü istədikdə isə imtina edirdilər, bir müddət mənə güzgü vermədilər. İnad etdim və güzgüdə özümə baxdım. Əksimi gördükdə isə dəhşətə gəldim. Təsəvvür edin ki, qulaqlarım belə yanmışdı. Düşündüm ki, yenidən əvvəlki vəziyyətə qayıda bilməyəcəm. Həkimlərimiz sağ olsun, mənə kömək edir, deyirdilər ki, üzüm çox da dərin yanmayıb. Bununla da təsəlli tapırdım. 

- Bəs hadisə necə baş vermişdi? 

- Hadisə səhər saatlarında qaz sızmasından baş vermişdi. Belə ki, səhər oyanıb, vanna otağına keçib suyu açanda partlayış oldu. Təbii ki, bu diqqətsizlikdən qaynaqlanır. Bundan sonra daha diqqətli olmağa çalışacam. Yaşadığımız mühitdə hər şeyə diqqət etməli və sağlamlığımızın qayğısına qalmalıyıq. Ani narahatlıq yarada biləcək nəsə baş verdikdə  mütləq şəkildə həmin vaxt əlində vacib işimiz olsa belə o narahatlığı həll etməliyik ki, belə hadisələrlə rastlaşmayaq. Mən bu partlayışdan sağ çıxmaya da bilərdim. Kiçik məsuliyyətsizlik həyatımız bahasına başa gəlir. Bu zarafat deyil.  Məsuliyytəsizlik bizi ölümə gətirib çıxara bilər.

- Hazırda işinizi davam etdirirsinizmi?

- Əlbəttə, qaldığım yerdən davam edirəm. Belə ki, ARB televiziyasında yayımlanan "Baldız” serialı ilə davam edirəm. Müalicə olunduqdan sonra dedilər sağalmısansa işinin başına dönməlisən. Fürsətdən istifadə edib, "Baldız” serialının kollektivinə təşəkkür edirəm. Başda əməkdar artist Dilarə Əliyeva olmaqla onların hər birinə minnətdaram. Burada mənə aşırı dərəcədə diqqət və qayğı, sevgi göstərilir. Dilarə xanım çəkiliş prosesində rahatlığım üçün hər bir şərait yaradıb. Xəsətxanadan çıxdıqdan 3 həftə sonra kollektivlə görüşmək üçün onlara baş çəkdim. Yaradıcı heyət çəkilişi saxlayıb, məni qarşıladılar, sanki çəkiliş prosesinə əziz biri gəlmişdi. Onlar da mənə görə çox narahat olmuşdular. Hazırda çəkilişlər davam edir və qayğıma qalırlar. Sözün əsil mənasında nazımla oynayırlar.



- Bunu sizin ikinci həyatınız hesab etmək olarmı? 

- Artıq ikinci həyatımı yaşayıram. Hərdən dostlarım, deyir ki, "nəyi pisdir ki, sənin iki ad günün var- Fevralın 22-i, bir də Martın 31-i”. Mən ikinci dəfə dünyaya gəldim.

- Keçmiş olsun, həmişə işinizin başında.  

-Təşəkkür edirəm. Son olaraq sizin vasitənizlə media nümayəndələrinin hər birinə buradan dərin təşəkürümü bildirirəm. Mənimlə maraqlananlar, başıma gələnləri işıqlandıranlar, diqqətdə saxlayan media nümayəndələrinin hər birinə minnətdaram. Eyni zamanda uzun müddətdir ki, çalışdığım Abdulla Şaiq adına Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadəyə təşəkkürümü bildirirəm. O, bütün proseslərdə yanımda oldu. Teatrın rəhbərliyinin timsalında  bütün yaradıcı kollektivə təşəkkür edirəm. Bundan başqa xalq artistlərimiz, xüsusən də Afaq Bəşirıqızı mənimlə maraqlandı, "Ata ocağı” serialının kollektivinə, Xəzər  televiziyasına, Rüfət Şahbazova, ARB televiziyasına, "Baldız” serialının kollektivinə hər birinə, əgər kimisə unutdumsa üzürlü hesab etsinlər. Yaşadıqlarımdan sonra gördüm ki, insanlar mənə görə narahatdır. Hər birinə minnətdarlığımı bildirirəm. Yaxşı ki, onlar var.