Xəbər lenti

Sel Göyçay çayı üzərindəki körpünü tamamilə uçurdu: 30 kəndlə əlaqə kəsilib (FOTOLAR/YENİLƏNİB)
Foto 21:34 02.06.2018

Sel Göyçay çayı üzərindəki körpünü tamamilə uçurdu: 30 kəndlə əlaqə kəsilib (FOTOLAR/YENİLƏNİB)

Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindəki körpü güclü selin təsirinə dözməyərək uçub. 

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, güclü sel saat 21.00 radələrində ölkə əhəmiyyətli  təxminən 40 metr uzunluğu olan körpünü tamamilə uçurub.  
Qeyd edək ki, bundan əvvəl avtomobil körpüsünün yanındakı piyada körpüsünü sel aparıb.

Xatırladaq ki, körpüdə çökmə təhlükəsi səbəbindən nəqliyyatın hərəkəti bu gün günorta saatlarından dayandırılmışdı.

***20.49 
 
Göyçay çayı üzərindəki avtomobil körpüsünün dəmir-beton dayaqları güclü selin təsiri nəticəsində çökmək üzrədir. Onun yanındakı piyada körpüsünü isə sel aparıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Göyçay çayı üzərindən keçən körpüsündə bu gün günorta saatlarında nəqliyyatın hərəkəti dayandırılıb. Hələ də yol açılmayıb. Göyçay şəhərinin bir hissəsində yaşayan insanların və rayonun 30-dan çox kəndinin əhalisinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Selin təsiri nəticəsində çayın üzərindən keçən təbii qaz, elektrik, rabitə və içməli su xətləri qırılıb. Kəndlərə qaz verilişi dayanıb. Hazırda FHN-nin, Göyçay rayon Polis Şöbəsinin əməkdaşları, rayon fövqəladə hallar komissiyasının nümayəndələri hadisə yerindədir. 

Körpünün hər an dağılmaq təhlükəsi artdığı üçün 7 saatdır ki, körpüdən nəqliyyatın keçidi tam dayandırılıb, bu səbəbdən böyük tıxac yaranıb. Təhlükə artdığı üçün bu dəqiqələrdə körpüdən insanların piyada keçidinə də qadağa qoyulub.  Hər iki tərəfdə polis mühafizəsi gücləndirilib. İnsanların körpüyə yaxınlaşmaması üçün tədbirlər görülür. 

Sel fəlakəti səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolundan istifadə edən sürücülər hazırda alternativ olaraq Göyçay-Ucar-Kürdəmir-Bakı yolundan istifadə edirlər.

***15.19

Çökmə təhlükəsi ilə üzləşmiş Göyçay çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, körpünün üzərindən nəqliyyat vasitələrinin keçməsinə icazə verilmir. Hələ ki, körpüdən insanların fərdi şəkildə istifadəsinə qadağa qoyulmayıb.  

Körpüdə hərəkətin dayanması ilə əlaqədar Bakı-Şamaxı-Yevlax magistralında böyük tıxac yaranıb. Minlərlə avtomobil yolda qalıb.  

Hazırda Göyçay çayında sel davam edir. Körpünün dağılma təhlükəsi var.

***14.50
 
İyunun 1-də axşam saatlarından başlayaraq Göyçay, İsmayıllı, Qəbələ rayonlarına yağan güclü yağışdan sonra əmələ gələn sel suları Göyçay çayında suyun səviyyəsinin xeyli artmasına səbəb olub.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Göyçay şəhəri, eləcə də Cəyirli, Potu, Çərəkə və başqa kəndlərin sakinləri üçün təhlükə yaranıb. Sel suları çay yatağının genişlənməsinə səbəb olub, ətrafdakı torpaq qatını yuyaraq aparıb, əkin sahələrinə, meyvə bağlarına zərər yetirib.

Sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə də ziyan vurub.

İyunun 2-də saat 13:00 radələrində selin təsiri nəticəsində çayın üzərindəki iki beton dayaqlı piyada körpüsü yararsız hala düşüb. Hazırda sel axını davam edir və avtomobil körpüsü çökmək təhlükəsi ilə üzləşib.

Artıq körpünün altındakı beton plitələri və mühafizə bəndini sel yuyaraq aparıb. Körpünü üstündəki asfalt qatında iri çatlar əmələ gəlib. Sel suları körpünü silkələyir və insanlar öz avtomobili ilə körpünün üstündən keçməyə qorxur.

Polis əməkdaşları hadisə yerindədir və insanları ehtiyatlı davranmağı və körpünün üstündə qalmamağı məsləhət görür.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->