Xəbər lenti

Hacıbala Abutalıbovun ən yaxın kadrı niyə işdən çıxarıldı? (SƏBƏB)
Ölkə 15:02 20.02.2019

Hacıbala Abutalıbovun ən yaxın kadrı niyə işdən çıxarıldı? (SƏBƏB)

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktorunu işdən çıxarıb. 

Qaynarinfo "Yeni Müsavat”a istinadən bildirir ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyi meriyanın o zamankı rəhbəri  Hacıbala Abutalıbovun sərəncamı ilə 2005-ci ilin oktyabrında yaradılıb. Belə ki, Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin bazasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi yaradılıb.

Birlik Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nəzarəti altında Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir. Birliyin tərkibinə "Yaşıllıqtikinti” Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi, Ağac Bəzək Bitkiləri Sovxozu, Avtonəqliyyat idarəsi, Bitkilərin Mühafizəsi Stansiyası, Su quyularının İstismarı və Təmiri xidməti idarəsi də daxildir.

Ötən ilin noyabrında E.Əzizovun sərəncamına əsasən Vaqif Novruzova sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdi.  Bildirilirdi ki, bu cəza tədbiri Bakı şəhərində yaşıllıqların vəziyyəti, o cümlədən parklara zəif qulluq göstərilməsi ilə əlaqəlidir.  E.Əzizov tərəfindən bununla bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vəziyyət dəyişməyib.

Məlumdur ki, E.Əzizov hələ Bakı Şəhər İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edəndə şəhər təsərrüfatının müxtəlif sahələrində hökm sürən vəziyyəti araşdırmaq üçün komissiyalar yaradıb. Və belə komissiyalardan biri də yaşıllaşdırma təsərrüfatı və yaşıllıqlarla bağlı vəziyyəti araşdırıb. Nəticədə məlum olub ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərliyi Bakı şəhərində qanunsuz şəkildə qiymətli ağacları qıran şəxslərə qarşı ciddi tədbirlər həyata keçirməyib, yaşıllıqların qorunması üçün lazımi  işlər görməyib, ting ağacların yetişdirilməsi istənilən səviyyədə olmayıb. Həmçinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin sahə idarələrində adı olan, amma işə çıxmayan onlarla şəxs müəyyənləşib.

Vaqif Novruzov BŞİH-də idarə rəhbəri olsa da, oliqarx-məmur hesab edilirdi.  Çünki illərdir yaşıllaşdırma işləri üçün ayrılan milyonlar onun əlində cəmləşirdi. 

Vaqif Novruzov Naxçıvan daxili işlər nazirinin müavini, general Səbuhi Novruzovun qardaşıdır. Səbuhi Novruzov uzun müddət Naxçıvan Şəhəri Polis İdarəsinin rəisi olub, 2013-cü ilin payızında nazir müavini təyin edilib. 2013-cü ilin iyununda prezidentin sərəncamı ilə general-mayor rütbəsi alıb.

Yaşıllaşdırma Təsərrüfatı Birliyinin sabiq sədrinin daha bir qardaşı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini, həmin rayonda 2015-ci ildə yanan və azı 17 adamın ölümünə səbəb olan bina işinə görə həbs edilən Qəzənfər Novruzovdur. Qəzənfər Novruzov Binəqədidən öncə Səbayel Rayon İcra Hakimiyyəti başçısının müavini olub. Binəqədidə işlədiyi müddətdə isə rayon sakinləri arasında ən çox narazılıq edilən məmurlardan biri olub. İşdən çıxarıldıqdan sonra onun ölkədən qaçdığı barədə xəbərlər yayılmışdı.

Q.Novruzovun daha bir qardaşı Məhərrəm Novruzovun  isə bir neçə il əvvəl Abşeronun sosial müdafiə fondunun rəhbəri vəzifəsində çalışdığı deyilirdi.

V.Novruzov uzun illərdir ki, həmin postu tuturdu və Hacıbala Abutalıbovun komandasının ən odioz fiqurlarından biri hesab olunurdu. Yada salaq ki, 2001-ci ilin yanvar ayından BŞİH başçısı olan Hacıbala Abutalıbov ötən ilin  aprelində prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılıb. O, baş nazirin müavini təyin edilib. Hacıbala Abutalıbovun 17 illik mer dönəmində BŞİH-in tabeliyində olan müəssisələrdə, eləcə də Yaşıllaşdırma Təsərrüfatı Birliyi baş verən korrupsiya ilə bağlı ölkə mətbuatında çoxsaylı məlumatlar dərc edilib. Noyabrın 15-də BŞİH rəhbəri  təyin edilən Eldar Əzizov meriyada köklü kadr dəyişikliklərinə  başlayıb. Hacıbala Abutalıbov tərəfindən vaxtilə vəzifəyə təyin edilən xeyli kadrı işdən uzaqlaşdırıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->