Xəbər lenti

Hacıyeva onu tarixə salan qərarın ləğvini istəyir
Ölkə 20:11 13.12.2019

Hacıyeva onu tarixə salan qərarın ləğvini istəyir

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva onu İngiltərədəki sərvətinin mənbəyini ortaya qoymağa məcbur edən və ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı” (UWO) adlı qanunun ləğvi üçün məhkəməyə müraciət edib. 

"Qafqazinfo”nun "The Guardian” nəşrinə istinadən verdiyi xəbərə görə, Hacıyeva dekabrın 12-də vəkili vasitəsilə Apelyasiya Məhkəməsinə müraciət edərək UWO-nun "müdaxiləçi” olduğunu bildirib. Qeyd olunur ki, Hacıyeva Apelyasiya Məhkəməsindən UWO-nu ləğv etmək cəhdini rədd edən Ali Məhkəmənin əvvəllər verdiyi qərarı dəyişdirməyi xahiş edir.

56 yaşlı Hacıyevaya qarşı qaldırılan ittiham aktında bildirilir ki, o, Avropadakı lüks butiklər, otellər, restoran və məşhur mağazalarda 15,5 milyon funt sterlinq xərcləyib. O, özünə, ailə üzvlərinə qızıl, daş-qaş alıb, 3 uşağının yüksək təhsil haqqını ödəyib. "Harrods”da isə 10 il boyunca 16 milyon funt sterlinq xərcləyib.



İngiltərənin Cinayətkarlığa qarşı Milli Mübarizə Agentliyinin (National Crime Agency, NCA) ölkədə istifadə edilən pulun qanuni olduğuna dair sübut təqdim edilmədiyi təqdirdə əmlakı ələ keçirmə səlahiyyəti var. 

NCA "çirkli pullar”a qarşı qanunların qüvvəyə minməsindən sonra gəlirlərin açıqlanmasına ikinci dəfədir ki, order almağa müvəffəq olub. Bu qanunlar "MakMafiya qanunları” (McMafia laws) kimi tanınır. 2018-ci ildə qəbul olunmuş "McMafia” qanununa görə, Britaniyanın hüquq-mühafizə və vergi orqanları siyasi önəmə malik şəxslərin (Politically Exposed Persons, PEP) varidatlarının mənşələrini araşdırmaq, habelə zərurət yaranarsa, bu əmlaka həbs qoymaq səlahiyyətləri əldə ediblər. Həmin adamlar Avropa Birliyinin iqtisadi məkanından xaricdə olduqlarından onların əməllərindəki rüşvətxorluq və korrupsiya hallarını Britaniyada araşdırmaq de-yure mümkün deyildi. Lakin artıq qanuni imkanlar yaranıb.



Hətta, bu ay NCA, oxşar çirkli pul araşdırması apardıqdan sonra pakistanlı mülk kralına məxsus 190 milyon funt sterlinq dəyərində bir ev, o cümlədən 50 milyon funt sterlinqlik bir əmlakı ələ keçirib.

Xatırladaq ki, Zamirə Hacıyeva Londonun "Harrods” mağazasında 16 milyon funt sterliqn xərclədikdən sonra Britaniya səlahiyyətlilərinin diqqətini çəkmişdi. O,  2018-ci ilin oktyabrında Böyük Britaniyanın "İzahedilməmiş Sərvət Sərəncamı”nın şərtlərinin ilk hədəfi olan şəxs kimi tarixə düşüb.

Vəzifəsindən sui-istifadə etdiyinə görə 16 illik həbsə məhkum edilmiş Cahangir Hacıyevin xanımı Londonun Knightsbridge ərazisində mülklərə sahibdir. Ərinin dövlət işçisi kimi qazancı heç vaxt 70 min dolları keçməyən Hacıyevanın bu pulları haradan alması şübhə doğurub. Z. Hacıyeva çirkli pulların yuyulması, bankın pullarının mənimsənilməsində günahlandırılır.



2018-ci ildə tutulan Zamirə Hacıyeva girov qarşılığında qismən azadlığa buraxılıb. Onun şəxsiyyət vəsiqəsi polisdə saxlanılır, qolunda elektron nəzarət qolbağı var. Hazırda Londondakı evində yaşayan Hacıyevaya şəhərdən çıxmaq qadağan edilib.

Sentyabr ayında Vestminster şəhər məhkəməsində keçirilən prosesdə isə onun Azərbaycana ekstradisiya olunmayacağı barədə qərar qəbul edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->