Bu gün dünyanın bir çox ölkəsində "Halloween" bayramı qeyd edilir.
Tarixi 2000 il əvvələ dayanan "Halloween" Şaman və Paqanların bayramı hesab edilir. İlk əvvəllər qədim kelt xalqı tərəfindən hər ilin 31 oktyabrı keçirilən bu gün sonradan Xristian dininin təsirilə başqa mahiyyət daşımağa başlayıb. 31 oktyabr məhsul sezonunun sonu, qışın başlanğıcı hesab edilir, həmçinin baş verən fəsil dəyişikliyi ölülər dünyasına körpü kimi qəbul edilirdi. Xristianlığın möhkəmləndiyi orta əsrlər dövründə əvvəlcə "All Hallows Eve" daha sonra isə "Halloween" adlanmağa başlayıb. Müqəddəsləri, yaxşı insanları xatırlamaq, yad etmək üçün keçirilən "Halloween" hazırda başqa məzmuna sahibdir.
Bəzi ölkələrdə "Cədugərlər bayramı" adlanan bu gün hazırda qorxulu və ya qeyri-adi kostyum geyinmək, xüsusi bayram yeməkləri bişirmək və şirniyyat paylamaqdan ibarətdir.
Bu günün əsas simvolu balqabaq hesab edilir. Balqabaq üzərində qorxulu obrazlar yaradılır. İlk dəfə 19-cu əsrdə İrlandiyada istifadə edilən bu üsulun məqsədi pis ruhları qovmaqdır.
Bundan əlavə, balqabaqdan hazırlanmış müxtəlif yeməklər, şirniyyat bişirilir. Azyaşlılara bayram şirniyyatları paylanılır.
Bayramın geniş əyləncəyə çevrilməsi isə 20-ci əsrin əvvəllərində ABŞ-da start götürüb. İnsanlar bu günü qorxulu obrazlara girərək digərlərindən şirniyyat və digər yeməli şeylər istəyərək, bir-birilərinə qorxulu hekayələr danışaraq keçirirlər.
Bayram dünyada bir çox ölkədə qeyd edilir. Lakin müsəlman və yəhudilərin böyük əksəriyyəti bu bayramdan imtina edir. Ölkəmizdə "Halloween" son illərdə oktyabrın axırlarında əyləncə gecələri təşkil edilərək qeyd edilir.
31 oktyabrda insanlar heybətli geyimlər seçməklə, əlil insanlar isə öz çatışmazlıqlarını üstünlüyə çevirərək daha maraqlı "Halloween" paltarından istifadə etməklə diqqət çəkirlər.
Gülşən
Qaynarinfo.Az
Şərhlər