Vüsal Bağırlı
Real həyatda gördüklərini, fantaziya, təxəyyül və xəyallarını hissı-hissə toparlayıb barmağında sıxdığın qələmlə vərəqə, həzin klaviş toxunuşuyla mətn redaktoruna, leylək lələyi ilə papirus vərəqinə köçürər yazar.
Kiçik həcmli əsər, qısa bir hekayət, fikri dəqiq, lakonik çatdıran əhvalatdan, yazıdan yaxşı nə ola bilər axı?
Ətrafda baş verən hadisələr, keçmiş xatirələr, xəyalların yaratdığı fantaziyalar, qoz ləpəsinə bənzəyən beyin yarımkürələrinə, neyronların dərinliyinə hopur, qaranlıq meşədə qəfil görünən tanış cığır kimi dolğunlaşır, canlanır, ədəbi süjet xəttinə, formalaşmış yazıya çevirilir.
Fəqət, yaranma ərəfəsində olan möcüzəni vəhşi-xam, əhliləşməmiş şəkildə mətnə köçürmək, hələ onun hekayə olması anlamına gəlmir.
Budur, mətn üzərində işin gərgin, çiy mərhələsi başlayır. Yazılmış hər sözü, cümləni, ifadəni bir az zənginləşdirmək, mənadan- mənaya salmaq, davamını, sonluğunu gətirmək, korrektə-redaktə etmək, yonmaq-cilalamaq lazımdır.
Hekayə ən geniş yayılmış nəsr janrıdır. Bu epik proza nümunəsinin öz yüksək sənətkarları, elit ustadları var: lakonik O.Henri, hissiyatlı Anton Çexov, qadın qəlbinin bilicisi Ki de Mopassan, satirik novella ustadı Əziz Nesin, "bəşəriyyətin xoşbəxtliyi naminə poetik dualar” (Teodor Drayzer) yaradan Şervud Anderson və sair.
Bir çox hekayələr həqiqətən də ağılı başdan çıxaran, insanı məftun edir, beyinləri ovsunlayır. Çexovun "5 nömrəli palata”sı, Tolstoyun "İvan İliçin ölümü”, Nesnin "Tarzan”ı, Dmitri Qriqoroviçin "Kənd”i, O.Henrinin "Sonuncu yarpağ”ı belələrindəndir.
Digər, daha geniş formalı yazı əsərlərindən fərqli olaraq hekayədəki əsas personajlar məhdud saydadır, süjet isə adətən vahid xətt üzrə inkişaf edir.
Məsələn, Mopassan öz kiçik həcmli əsərlərində satiranı, lirikanı və psixoloji analizi ustalıqla birləşdirirdi.
O.Henri Amerika novella sənətinə ikinci nəfəs verməyi bacardı. O, komik paradokslar, ikiqat dönüşlü süjet xətti, gözlənilməz sonluqlar üzrə virtuoz idi.
Şervud Anderson isə bir-biri ilə daxili süjet əsasında birləşən müstəqil hekayələr ("Vaynzburq, Ohayo” hekayələr toplusu) yazırdı.
Anton Çexovun hekayələrində hadisələr, şərait sanki tərpənməzdir, sanki tam sükut içərisindədir. Fəqət, hiss və həyəcanlar, qəhrəmanın psixoloji durumunun dərinliyi fasiləsiz hərəkətdədir, oynaqdır. Onun hekayələri kiçik hadisə üzərində qurulur, süjet xətti bəzən tədricən, bəzən ildırım sürətiylə inkişaf edir və obrazlar öz həyatlarının kənar müşahidəçisinə çevrilirlər. Burada, konflikt mənbəyi personajların hiss-həyəcanlarının paradoksal uyğunsuzluğundadır ("İonıç”, "Yeni malikanə”) və bütün insan həyatı sanki preslənərək kiçik hekayənin içərisinə sıxışdırılmışdır ("İtlə gəzən qadın”, "Nişanlı qız”).
Cek Londonun sözlərinə görə, hekayə əhval-ruhiyyə, vəziyyət və fəaliyyətin tamlığını əks etdirən yazı nümunəsidir.
Hekayələr əsasən üç hissəyə də bölünür: oçerklər, novellalar, hekayələr.
Onların bəziləri yüngül və yumoristik, digərləri mənalı və öyrədicidir. Bu janr düşüncəyə, təbəssümə, təsəvvürə və ümidə yol açır. Bəzən sadə bir söz və ya cümlədə qalın bir kitab qədər məna gizlənir.
Aşpaz öz şah əsərini hazırlayarkən tərəvəz və ədviyyatları xörəyə daxil edir.
Zərgər məmulat üzərində işləyir, qiymətli metalın kiçik diametrli səthinə sapfir, rubin, almaz düzür, onları gərgin zəhmətlə cilalayır. Sənətkarın hər hərəkətində diqqət, səbr, hövsələ var.
Peyzaj, portret, natürmort üzərində işləyən rəssam, eskizə forma konturları, incə cizgilər, kölgə effekləri verir. O, dalğın görünsə də bütün diqqətini öz şah əsərinin, işinin ətrafında cəmləyir.
Yazar isə, təsəvvüründə, təxəyyülündə formalaşdırdığı, beyininin hansısa küncündə yaratdığı mövzuları, faktları toplayır, hiss və həyəcanlarını, gözünün nurunu, fantaziyasını mətnə, vərəqə köçürür.
Kiçik, bir neçə sətirlik mətn dərin hisslər, emosiyalar və düşüncələr yerləşdirmək bacarığı, yüksək yaradıcılıq ustalığı tələb edir.
Bəzən yazının süjet xətti, pambıq üzərinə düşmüş qığılcım kimi insanı qəflətən çalxalayır, lakin onu kağıza, mətnə daxil etmək isə mümkünsüz olur.
Bəzən hər hansı mövzu, isti otağa qoyulmuş dondurma kimi tədricən əriyir, hansısa qalın pərdə arxasında gizlənir, səhərə yaxın görülən yuxu kimi buxarlanır, yaddaşlardan əbədi silinib gedir.
Bəzən isə, oxuduğun hər hansı əsər, film süjeti, yaşadığın həyat epizodu, tarixi hadisə, qonşunun ailə dramı, küçə itinin həyatı, adi qarışqa yuvası üzərində aparılan müşahidə belə maraqlı hekayəyə çevrilir.
Kiçik hekayələr beynimizdə intellektual orqazm yaradır. Bu əhvalat miniatürləri, avtobioqrafik süjetlər və həyat epizodları hiss-həyəcan fırtınası, erudisiya qasırğasına səbəb olur.
Şərhlər