Xəbər lenti

Həmid Hersçi “Əjdər” hekayəsi haqqında - MÜASİR QARA VOLQA
Sənət 15:09 15.11.2023

Həmid Hersçi “Əjdər” hekayəsi haqqında - MÜASİR QARA VOLQA

Azərbaycan ədəbiyyatının çox qədim, raritet, retro avtomobili var-"Qara volqa”. Cəmşid Əmirovdan sonra bu avtomobilin sürücüsü yoxdu.

Yox idi daha doğrusu, ədəbi saytlarda Orxan Saffari imzası görünməyənədək. Artıq bu köhnə, paslı "qara volqa”nın mühərriyi ədəbiyyatımızda tüstüləməyə başlayıb. Sükan arxasında Orxan Saffaridi.

"Qara volqa”ya girişini o əsl "sleşer” janrında təsvir edib: 

"Birinci maşına girdik, sonra cibə. Bir-iki dəfə də evə girmişliyimiz var. "Vtaroy”da girdiyim evin yataq otağındakı şkafda alt paltarlarının arasından götürdüyüm 35 manat bir yana, tez-tələsik özüm də niyə qoxladığımı bilmədiyim lifçik heç cür yadımdan çıxmır. İndi düşünürəm, o lifçik kimin idisə, döşləri tank əleyhinə mina boyda imiş”.

Razılaşın. Oğru dünyası ilə şair poetikası qoşa zərlərdi. "Koroğlu” dastanı hərami poetikasında sadəcə bir passız halqadı. Koroğlunun "Ağır qəflə vurum, səndə gizləyim, yeyib qurdlarınla ulaşım dağlar” misraları ədəbiyyatımızda çox da yetim qala bilməzdi. Bu "damar deşilməliydi” ədəbiyyatımızda.

Deşildi də. Qələmlə deşildi, iynə ilə yox. 
 
 

Müharibə mövzusu ədəbiyyata həmişə əlillərin tək ayağı üstə gəlib. Remark, Anri Barbüs, Borxerti oxusaz, hə...o tək ayağın musiqisini eşidərsiz. Bizdə də oxşar musiqi ilə girdi müharibə mövzusu ədəbiyyatımıza. 

Orxan Saffarinin "Əjdər” hekayəsində bu musiqinin ilk uvertürası da var:

"Oktyabrın ilk günləri idi. Cəbhədən xəbərlərin güllə kimi açıldığı bir vaxtda Əjdəri iki əlsiz, bir də ayaqsız qarşılayası olduq. İndi həmin günlər burnumda iydə ağacının altından gələn qoxu kimi tutur. Əjdərlə bir-birimizdən ayrı düşəli çox şeylər olmuşdu. Bir ara həbsdə də yatdı o. Çıxdı, yenə eyni adam. Oğurluq, narkotik, sonra dayanmadı, damarını da deşdi. Amma müharibənin adı belə ona olan münasibəti dəyişmişdi. Məhlədə bütün "niqodnu”ları "diraznit” eləmişdilər ki, "damarın deşən Əjdər də getdi, sən getmədin".

Telefonunu fırlatdığı qonşu Vətən, həyətindən malın vaxtı gələndə toyuq oğurladığı Mərziyyə nənə, hamı, kimə nə pislik etmişdisə, hamı haqqını halal elədi.
Atasına, anasına salam belə verməyən qonşuların ayağı Əjdərgildən kəsilməz olmuşdu. Əjdərin atasının üzündə elə bir ifadə var idi ki, iraq olsun, şəhid gəlməyini daha çox istəyirdi, nəinki qazi. Dədə yazıq neyləsin, beli hər iki tərəfdən bükülmüşdü...

- Əşşi, sağ-salamat qayıtsın, yenə xırda şeylər oğurlasın" - yarıgerçək, yarızarafat belə deyənlər də var idi”.

Düzü, müharibə mövzusunun ədəbiyyatımıza bu cür-"tək ayaqlı” ayaq açacağına əvvəlcədən hazırdım mən.
Ancaq filoloji cameəmiz buna, bu səslərə hələki hazır deyil. "Koroğlu” dastanının oğru poetikasını bu zümrə heç vaxt eşitməyib.
Eşitməyəcək də. 

Elə Orxan Saffarini də o cür eşitməyəcəklər.

Azərbaycan ədəbiyyatında ədəbiyyatın çox vacib halqası-milli dedektiv qıtlığı var. Bu qıtlığı, əvvəllər oğru dünyasını poetikləşdirən "Qara volqa” mövzusu, kitabı ört-bas edirdi. 
Mən də "Zerkalo Klarannın güzgüsü” kimi hekayələrimdə, hələ çap edilməmiş "Sizin Cəbiş müəllim” mini-romanımda bu quyuya daş atmışam. Bizdə dedektiv ədəbiyyat bəli...hələki bu cürdü. Poetikdi. Alışmışıq, öyrənmişik bu cür poetik oğrulara. 
Ancaq "Sizin Cəbiş müəllim” novellamda mən bu mövzunu Hollivudun mülayim "sleşer, spletter” janrında qələm aldım. "Xorror” janrının ilk musiqisini gətirdim ədəbiyyatımıza.

Orxan Saffari isə elə bil oğru memuarları ilə gəlib bu mövzuya, bu ədəbi janra.
Tövbəylə gəlib. Nümunəsi, başqalarına da yol aça bilər. Sağ əli, digərlərinin başına necə deyərlər.

Dedektiv tədarükümüz başladı deyəsən.

"HALLOWEEN”i gətirdik ədəbiyyatımıza. O qədər də yad deyil bu bayram estetikası bizə. Sovet vaxtı ona "məhsul bayramı, balqabaq-boranı bayramı”da deyərdilər, yadımdadı.

Qısası, anonsu vardı bu estetikanın. 

Zırıltısı çox sonra, mənim "Sizin Cəbiş müəllim” novellamda, Orxan Saffaridə eşidildi. Mən "gecə vaxtı, çox-çox uzaqlarda zingildəyən küçüklərin zingiltisini” həmişə eşitməyi bacarmışam.

Orxan Saffarini də bu cür eşitdim.

Həmid Herisçi

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->