Siyasət 19:54 09.07.2020

Hər şey iqtidarın bundan sonra atacağı addımlardan asılı olacaq...

"İqtidar-müxalifət münasibətlərinin normallaşması, aradakı ünsiyyətin sivil formaya keçidi dövlətin güclənməsinə və demokratik cəmiyyətin qurulmasına xidmət edəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında AG Partiya başqanı Tural Abbaslı Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə Milli Məclisdə təmsil olunan siyasi partiya rəsmiləri arasında keçirilən yeni iqtidar-müxalifət münasibətləri konsepsiyasından danışarkən deyib. 

Başqan partiya sədrləriylə Administrasiya rəsmisi Ədalət Vəliyevin görüşündən sonra iqtidar-müxalifət münasibətlərinin qismən yeni mərhələyə qədəm qoyması kimi dəyərləndirdiyini qeyd edib:

"Bundan sonra da AĞ Partiyanın ad dəyişikliyi başda olmaqla bir neçə partiyaların qeydiyyat məsələsinin həll edilməsi və iqtidar tərəfindən atılan bəzi addımlar da hakimiyyətin pozitiv mənada nələrisə dəyişmək istəyindən xəbər verir. Bu addımlar səmimi olsa və kampaniya xarakteri daşımasa, düşünürəm ki, Azərbaycanda yeni sivil münasibətlər sistemi formalaşacaq. Bugünkü videokonfrans da öz-özlüyündə müsbət haldır".

Tural Abbaslı hesab edir ki, belə bir videokonfrans digər müxalif partiyaların iştirakı ilə birlikdə təşkil olunmalı və həllini gözləyən bir çox məsələ müzakirə edilməlidir: 

"Hər halda hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi iqtidarın bundan sonra atacağı addımlardan asılı olacaq".

Bahar Rüstəmli