Düz bil il əvvəl... Elə bu gün... İstedadlı rejissor Rövşən Almuradlı evdən Qubaya getmək adı ilə çıxıb. Çəkdiyi filmin təqdimatı olacaqdı. Dayanacaqda özünü pis hiss edib. Təcili Yardım gəlib, xəstəxanaya çatanda deyib ki, "havam çatmır". Pəncərə açılıb, dərindən nəfəs alıb. Bu, onun sonucu nəfəsi olub...
Rövşən Almuradlının oğlu Kamal Almuradlının Qaynarinfo-ya müsahibəsini təqdim edirik:
- Kamal müəllim, bu gün Azərbaycanın sevilən rejissoru, atanız Rövşən Almuradlının anım gündür. Bu günlə bağlı planlarınız nədir?
- Ailə üzvlərimizlə oturmuşuq. Səhər tezdən atamın ən yaxın dostları bizə gəlmişdilər. Onlarla qəbiristanlığa getdik, atamın qəbrini zayarət etdik. Sevdiyi güllərdən aparmışdıq. Məlum hadisələrlə əlaqədar mərasim keçirmək qadağandır. Ancaq evdə ailə üzvlərimizlə bir yerə yığışdıq, vəssalam.
- Rövşən Almuradlının quruluş verdiyi tamaşa və filmlərdə rol alan aktyorlardan onu yada salan oldumu?
- Heç kim zəng etməyib. Nə "Azdrama"dan zəng gəlib, nə işlədiyi hər hansı qurumlardan, nə də sənət yoldaşlarından. Sağ olsun Nazir Rüstəmov, Ramiz Novruz, Müşfiq Hətəmov zəng edib baş sağlığı verib. Vəssalam... Filmlərində və tamaşalarında rol alan aktyorların biri də zəng etməyib. Sanki belə bir adam olmayıb.
- Sizcə, bu unutqanlıqdır, yoxsa koronavirus xofu...
- Düzü, heç kəsi qınamıram. Vəziyyət pisdir, ola bilsin kimlərinsə yadından çıxıb, ya da kimlərinsə zəng etməyə imkanı yoxdur. Hər halda Rövşən Almuradlı kimi bir rejissor yadlarındadırsa, zəng etməliydilər. Rövşən müəllimin arzuları vardı. Məqsədi ideyalarını həyata keçirmək idi. Özünün senarisi vardı, ona film çəkəcəkdi. Senari ilə bağlı hər şey hazır idi, amma tale imkan vermədi. Arzularını da özüylə qəbrə apardı. Müəllimi Ədil İsgəndərovla bağlı bir senarisi vardı. Arif Əliyevlə birgə yazmışdılar. İndi o senari nazirlikdə Arif Əliyevin adı ilə təsdiqlənib. Orada Rövşən müəllimin adı keçmir. Amma Arif müəllim də bunu təsdiqləyər. Atam həmin senarini xatirələri əsasında yazmışdı. O senari ilə bağlı dövlət sifarişi də verilmişdi, amma nədənsə çəkiliş işləri hələ ki qalıb. "Səs" filimi isə çəkilib, görünür, vəziyyətlə əlaqədar nümayiş olunmur.
- Başda Mədəniyyət Nazirliyi olmaqla, teatrlarda Rövşən Almuradlıya qarşı bir qadağa və böyük haqsızlıq vardı. Sizcə, bunun kökündə nə dayanırdı?
- Nə yazıq ki, həqiqət budur. Qorxu bilirsiniz nədən idi? Səmimi deyəcəm. Ölkədə, cəmiyyətdə baş verən hər hansı bir hadisəylə bağlı müzakirələr aparılır. Tanıdığım sənət adamları da var ki, lazımi problemləri qabardılar. Onlar fəxri adlarla təltif olunur, evlə, işlə də təmin olunurlar. Amma Rövşən Almuradlı cəmiyyətdə baş verən problemi səhnəyə daşıyırdı. Atam boş-boş danışıqlarla deyil, sözünü tamaşa ilə deyirdi. İnsanları həmin tamaşalarla təmin etmək gücündə, qabiliyyətindəydi. Onun savadına, istedadına qarşı qısqanclıq vardı. Hamı bilirdi ki, hətta ən zəif əsəri belə götürsə, onun quruluş verdiyi tamaşa müzakirə mövzusu olacaq. Rövşən Almuradlının dəsti-xətti olan istəlinən tamaşa cəmiyyətdə müzakirə mövzusudur. "Yaşlı xanımın gəlişi", "Ölüləri qəbiristanlıqda basdırın" kimi tamaşalar sevilirdi.
- Atanız ona edilən haqsızlıqları bir övlad kimi sizinlə bölüşürdü?
- Əlbəttə, amma ona edilən haqsızlıqlar kənardan görünürdü. Əvvəllər ona edilən haqsızlıqları qəbul etmirdi. Deyirdi ki, Azərbaycana qayıtmaqla düz etmişəm. Atam Moskavada təhsil alanda onun orada qalmaq imkanı vardı. Rövşən Almuradlı ona edilən təkliflərə baxmayaraq, Azərbaycan teatrı və mədəniyyəti üçün ölkəyə qayıtdı. Amma ömrünün sonlarında içində bir peşimanlıq vardı. Hansı ki, aidiyyatı orqanlar atamı hər yerdən tədric etmişdilər. Bütün teatrların direktorlarına tapşırmışdılar ki, Rövşən Almuradlıya quruluş üçün tamaşa verilməsin. Teatr direktorları da "sağ olsunlar", bu sifarişi zövqlə yerinə yetirirdilər. Ömrünün sonlarına yaxın isə deyirdi ki, "kaş mən Bakıya qayıtmayaydım, qalardım Moskavada, böyük işlər görərdim". Rusiya səhnəsində hər hansı problemi səhnəyə gətirəndə sənətkar bu qədər təqiblə qarşılaşmır. Bu isə Azərbaycanın reallığıdır.
- Rövşən Almuradlını sıxan, incik salan nə idi?
- Əslində, atamı sıxan, incik salan hər hansı sıradan bir sey olmayıb. Amma onu ən çox narahat edən cəmiyyətdəki problemlər idi. Onun ən böyük arzusu Azərbaycan cəmiyyətinin yaxşı yaşaması və mədəniyyətinin inkişaf etməsi idi. Cəmiyyətə qarşı münasibət onu üzürdü. Arzusu Azərbaycan mədəniyyətinin doğru yolda olması və inkişafı idi. Ona qarşı çıxanlar bunun əksini istəyənlər idi. Cəmiyyətdə sözünü deyənlərin sayı azdır. O bu azlığı his edidi. Cəmiyyətdə hamı bu yükü daşıya bilməz. 5-10 nəfər olur ki, ziyalı adını qazanır. Təmiz adını saxlayaraq həmişə cəmiyyətin problemlərini söyləyir və vəziyyətdən çıxış yollarını deyir. Bu baxımdan hamı bunu edə bilmir.
- Bu qədər incidilməyinə, sıxılmağına baxmayaraq, Rövşən müəllimdə bir qürur vadı. Gileylənmirdi, əyilmirdi və sınmırdı...
- Xarakteri, tərbiyəsi belə idi. Atam qürurlu idi. Fikirləşirdi ki, tapşırılıb 5-10 tamaşa hazırlamaqdansa elə bir tamaşaya quruluş verərəm. Öləndən sonra da yaşayar bu tamaşa. İstəyərdi ki, çox tamaşaya quruluş versin, hazırlasın. Amma reallıq odur ki, nazirlik bunu ona çox gördü.
- Rövşən müəllimin ölüm xəbəri hamını ağrıtdı.
- Hə, həmin gün evdəydim. Atam filminin tədqimat mərasimi ilə bağlı Qubaya gedəcəkdi. Dayanacaqda özünü pis hiss edib, Təcili Yardım çağırıblar. Kömək etmək istəyiblər, razı olmyıb, deyib "narahat olmayın, özüm minəcəm". Xəstəxanaya çatanda deyib ki, "nəfəsim gəlmir". Pəncərəni, köynəyinin yaxasını açıblar, amma gec olub. Mən onun son nəfəsinə cata bilmədim...
Bahar Rüstəmli
Şərhlər